İran hökuməti Ukraynaya qarşı işğalçı müharibədə Rusiyanı dəstəkləmiş ola bilər. Ancaq ölkənin kino ictimaiyyətinin böyük bir hissəsi bu müharibədən çox hiddətlənib. Bir çoxları bunu açıq ifadə etməkdən çəkinmir.
"Variety" saytı yazır ki, tanınmış iranlı aktyor Həmid Fərruxnejad Rusiyanın Ukraynaya "amansız" hücumunu qınayan video paylaşıb. Onun bu videosu sosial mediada çox paylaşılır. Dünyada kino həvəskarları Fərruxnejadı Əsgər Fərhadinin "Fireworks" filmindəki roluna görə tanıyır.
İraqla müharibənin xatirələri
Rusiyanın işğal siyasətinə etiraz edən Fərruxnejad videoda 2005-ci il Moskva film festivalında layiq görüldüyü "ən yaxşı aktyor" mükafatının heykəlciyini geri qaytarmaq istəyini ifadə edib. O bu mükafatı Kazım Masuminin müharibə əleyhinə "Big Drum Under Left Foot" filmindəki roluna görə qazanmışdı.
İranlı aktyor Babək Kərimi isə Tehrandan verdiyi müsahibədə belə deyib. "İran İraqla Ukrayna ilə müharibəyə bənzərlikləri olan səkkiz illik müharibədən keçib. Burada müharibə ilə bağlı xatirələr hələ də qalmaqdadır. Təbii ki, burada hamı belə deyir: "Yenə başladı; bu, illərlə davam edəcək"", –həm də kino montajçısı və alim olan Kərimi deyib.
Kərimi 2011-ci ildə, "Oskar" mükafatını qazanmış "A Separation" filmində oynadığı hakim roluna görə Berlin kinofestivalının "Gümüş Ayı" mükafatına layiq görülüb. O, müntəzəm olaraq Fərhadinin filmlərində rol alır.
"İranda hər kəs narahatdır"
"Hökumətə yaxın bəzi kino xadimləri siyasi mövqe olaraq müharibəni dəstəkləyir. Ancaq insani nöqteyi-nəzərdən onlar da müharibəyə qarşıdırlar", – Kərimi söyləyib.
Ancaq, onun sözlərinə görə, kino dairələrində olanların böyük əksəriyyəti tamamilə müharibəyə qarşıdır. Bu, İran əhalisinə də aiddir. "İranda hər kəs narahatdır. Bu, mədəniyyət və kino dünyasına xüsusilə aiddir", – Kərimi əlavə edib.
İran və Rusiya strateji müttəfiqdir. Ölkə martın 2-də BMT Baş Assambleyasına çıxarılmış səsvermədə iştirakdan yayınıb. Bu səsvermə nəticəsində qəbul olunan qətnamə böyük səs çoxluğu ilə Rusiyanın Ukraynaya hücumunu pisləyib.
Ancaq hazırkı müharibə iranlılar üçün özəlliklə həssas nəticələr verə bilər. İranın dünya gücləri ilə 2015-ci ildə imzaladığı nüvə sazişinin yenidən qüvvəyə minməsi ilə bağlı razılaşma tamamlanmaq üzrədir. Ancaq bu müharibənin bu işləri təhlükə altına atacağı ilə bağlı narahatlıq var. Bu saziş yenidən qüvvəyə minərsə, İran üzərindən iqtisadi sanksiyalar qaldırıla bilər.
İran nefti dünya bazarlarına çıxarsa...
Mətbuatın verdiyi çoxsaylı xəbərlərə görə, Rusiyanın müqavilənin qarşısında maneələr yarada biləcəyi sarıdan narahatlıqlar var. Çünki İrana qarşı sanksiyaların aradan qaldırılması milyonlarla barel İran neftinin yenidən dünya bazarına qayıtması demək olacaq. Bu isə, öz növbəsində, Rusiyanın mühüm neft və qaz ixracatçısı kimi rıçaqlarının azalması demək olacaq.
ABŞ Prezidenti Co Bayden martın 8-də Rusiyadan neft idxalına qadağa qoyub.
Ancaq Kərimi nüvə razılaşmasının baş tutacağına əmindir. "Müharibələrin hər zaman çoxlu təsirləri olur. Ancaq Qərblə Rusiya arasında çox şey müharibənin başlanmasından əvvəl də qərara alınmışdı", –Kərimi əlavə edir. Onun sözlərinə görə, bura İranla nüvə razılaşması da daxildir.
Martın 10-da isə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays mətbuata bildirib ki, İranla sövdələşmə sonuncu mərhələsindədir və, sadəcə, bir neçə məsələnin razılaşdırılması qalıb. Prays bütün tərəfləri, o cümlədən Rusiyanı bu məsələlərin həllinə fokuslanmağa çağırıb.