AzadlıqRadiosunun müxbiri Golnaz Esfandiari yazır ki, İran səfirlərindən birinin oğlunun dəbdəbəli toyu barədə xəbərin ölkənin 82 milyonluq əhalisinin əksəriyyətinin çətin dolandığı vaxtlarda yayılması geniş ictimai tənqidə səbəb olub.
Məqalədə deyilir ki, ab-hava Tehranın Danimarkadakı səfirinin oğlu Amir Mohsen Moradian-la İranın geyim dizaynerlərindən və modellərindən biri Anashid Hosseini-nin dəbdəbəli Şahrək Qərb məhəlləsindəki lüks restoranda keçirilmiş toyundan əvvəl də əsəbi idi.
İranın milli valyutası rialın məzənnəsi ABŞ prezidenti Donald Trump-ın İran neftinin satışına qadağanı barədə xəbərlərdən sonra daha da düşüb. Ötən ilin dekabrında və bu ilin yanvarında ölkəni bürümüş antihökumət etirazların;n hərarəti hələ də hiss olunur.
Prezident Rohani 2017-ci ilin seçki kampaniyasında yeni iş yerlərinin yaradılacağını vəd etmişdi, lakin indi qarşıdan gələn ayların iqtisadi-sosial baxımdan daha ağır olacağı, Tehran, İsfahan və Kərəj kimi şəhərlərdə etirazların bərpa olunacağı gözlənilir.
Və belə bir vaxtda Moradian-Hosseini izdivacının dəbdəbəsi barədə xəbərlər yayılıb. Adamlar bu toya “milyardlarla” rialın xərcləndiyi barədə dedi-qodu edirlər. Bu toyda çəkilmiş fotolarda qonaqların arasında hökumət rəsmiləri də görünür.
Populyar Fararu saytı yazır ki, bu “ecazkar” toy, yetkinlik yaşına çatmış 12 milyon iranlının özünə toy etmək imkanı olmadığı vaxtda keçiriluib.
Dəbdəbəli toy bəzilərini İranda getdikcə artan ədalətsizlik və bərabərsizliyin olmasına inandırıbsa, digərləri bunu rəsmilərin “inqilabın ideal və dəyərlərindən aralanması” kimi qiymətləndiriblər.
Bwtwn bunlar cəmiyyətdə imtiyazlıların uşaqları – “ağazadələr” barədə debatları yenidən körükləyib.
Bu İslam respublikasının sonudurmu?
İnternetdə yayılmış toy fotolarını görəndən sonra mühafizəkar ruhanilərdən biri deyib ki, belə hadisələr ölkənin dini hakimiyyətinə son qoyacaq.
Seyid Mohammad Mehdi Sadrolsadati İran inqilabının rəhbəri ayətüllah Khomeini-ni yada salaraq yazır: "Bəlkə imamın rəsmilərin həyat tərzlərinə dair nəsihətləri düzgün deyil?”
Müqəddəs şiə şəhəri Qumda yaşayan Sadrolsadati rəsmilərin həyat tərzi sahəsində heç bir “siyasi mülahizələrə” varmadan şəffaflığın təmin edilməsini təbliğ edir.
Gəlinə “ayıb” olsun!
Cəmiyyətdə tənqidin əsas ağırlığı gəlinin – Hosseini-nin üzərinə düşüb. O müsahibələrindən birində demişdi ki, yalnız xarici brendləri geyinir və alış-veriş üçün də xaricə yollanır.
Bir çox iranlılar gəlinin Instagram-a qoyulmuş şəkillərini postlayırlar, amma bu zaman fotolardakı çanta və geyimlərin üzərinə qiymət “yapışdırılar”.
İstifadəçilərdən biri diqqəti belə bir məqama çəkir ki, xanım Hosseini islami hicabı və bahalı brendləri təbliğ edir.
Sosioloq Saeed Saraf Twitter-də yazır ki, “İranın inqilabi gəncliyi lüks çadralı və kosmetikalı qadınların ardınca gedir”.
Sosioloq vaxtilə çadradan imtina etmiş və ABŞ-a köçərək böyük riyaziyyatçıya çevrilmiş qadını yada salır: “Mən bilmirəm ki, Khomeini sağ olsaydı, özünü kimə daha yaxın bilərdi: Maryam Mirzakhani-yə yoxsa Anashid Hosseini-yə?"
Səfir oğlunun toy əhavalatı və onun tənqidi rəsmi mediaya da çatıb. Belə hallar İranda nadir hallarda baş verir.
Tehran radiosunun aparıcısı bu yaxınlarda özünü yoxsulluq ucbatından asdığı deyilən bir oğlanın faciəsindən bəhs edib. Sonra isə toy əhavalıtına işarə vurub:
"Siz gərək öləsiniz, çünki şəhidlərimizin qanını tapdalamısınız…”
“Yaxşı genlər”
Səfir Moradian israr edir ki, onun oğlunun toyu “adi norma və adətlərə” uyğun keçirilib. O Sadrolsadati-ni ailəsinə qara yaxmaqda ittiham edib.
Moradian və Hosseini habelə toyun astronomik xərcləri barədə iddiaları rədd ediblər.
Hosseini hətta deyib ki, onun Instagram səhifəsindəki dizayner çantaları saxtadır. O habelə deyib ki, atası hökumət rəsmisi deyil və buna görə də Moradian-a ərə getməzdən əvvəlki həyatı barədə məlumat verməyə borclu deyil.
"Bu ağazadələr haqqında qızğın və boş söz-söhbətdir. Mən düşünmürəm ki, biz ağazadələrik. Ağazadə qiyməti 30-40 min tümən (7-9 min dollar) olan avtomobil sürməz və 90 kvadratmetrlik kirayə evdə yaşamaz”.
Bu hadisədən bir neçə ay əvvəl İranın islahatyönlü millət vəkillərindən birinin oğlu həyatdakı uğurların “yaxşı genlərlə” bağlı olduğunu iddia etməklə əsl qalmaqal yaratmışdı.
Sosioloq Ahmad Naghibzadeh deyir ki, İran elitası barədə belə xəbərlər əlbəttə ictimaiyyətin inamsızlığına səbəb olur.
O deyir ki, İslam Respublikası özünün ən böyük dayağından – xalqdan məhrum olur.
Jurnalist Mahsa Amrabadi isə Twitter-də yazır:"Məni hələ də islahatyönlülərlə mühafizəkarlar arasında fərq qoyanlar təəccüblənidirir. İslahatyönlülərin ağazadələri Instagram kimi alətlərdən istifadə etdiklərinə görə diqqəti daha çox cəlb edirlər, amma mühafizəkar ağazadələri bu barədə daha ağıllıdırlar”.
İranın Venesueladakı keçmiş səfirinin oğlu Mohammad Sasha Sobhani öz dəbdəbəli həyatını açıq şəkildə göstərənlərdən biridir. Dubayda yaşayan Sobhani Aprel ayında Iranwire.com saytına müsahibəsində demişdi ki, o maliyyə baxımından hələ 15 yaşından müstəqildir.
"Mən Venesuelada yaxşı dostlar tapmışam. Rəhmətlik prezident Hugo Chavez-in oğlu mənim dostumdur. Bütün bunlara öz ağlımla nail olmuşam. Atamın səfir olmasının buna heç bir dəxli yoxdur. Mənim biznesim özümünküdür. Bəzi mədəniyyətsiz iranlılar deyirlər ki, bu adam pul oğrusudur”.