Keçid linkləri

Təcili xəbərlər
2018, 11 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:47

İran azərbaycanlısı: 'Bu, ədalətli qərardır'


Nağı Mahmudi

«Bu, ədalətli qərardır», - Almaniyada yaşayan, əslən İrandan olan hüquqşünas Nağı Mahmudi söyləyir. O, ABŞ-ın İranla bağlı nüvə anlaşmasından çıxmasını və ölkəyə sanksiyaların tətbiq ediləcəyini bu cür dəyərləndirir.

AzadlıqRadiosu onunla müsahibəni təqdim edir.

- Məncə, bu, ədalətli qərardır. İran hakimiyyəti bu günə qədər həm daxildə, həm də xaricdə birbaşa basqıyla, terrorizmlə, insanların ağır iqtisadi durumunu pisləşdirməklə məşğuldur. O üzdən də bu qərarı doğru sayıram. O bloklanmış pullar azad olunduqdan sonra, təəssüf ki, heç biri İranda yaşayan insanların rifahına xərclənmədi. Əksinə, İranın İraqda, Yəməndə, Suriyada müdaxiləsi, xüsusən də hərbi müdaxiləsi daha çox artıb.

- Siz Tehranın bölgədəki fəal xarici siyasətinə, Suriyadakı münaqişədə hərbi iştirakına görə cəzalandırıldığını düşünürsünüz?

- İran hakimiyyəti bölgədə çox böyük təhlükəyə çevrilib. O, yaxın ölkələrdə öz istədiyi hakimiyyətləri dəstəkləməyə çalışır. Buna da milyardlarla pul xərcləyir. Dediyim kimi, xaricdəki həbsdən azad olunan pullar xalqın asayişinə, rifahına xərclənməyib və ora-bura xərclənir. Nüvə anlaşmasından sonra İranda bəzi sadəlövh insanlarda təsəvvür yaranmışdı ki, 1 dollar 1000 tümən (1 tümən 10 riala bərabərdir. Hazırda 1 ABŞ dolları 42 min riala dəyişdirilir – red). dəyərində olacaq. O zaman 1 dollar 3000-4000 arasında mübadilə olunurdu. Amma bu gün ona şahid oluruq ki, 1 dollar 7000 tüməni aşıb, 8000-ə yaxınlaşır. Belə getsə, daha yuxarı qiymətə də mübadilə edilmə ehtimalı var.

- Trampın qərarı İran iqtisadiyyatına hansı təsirləri göstərə bilər?

- Yeni sanksiyalar təsirsiz olmayacaq. Ümid edirəm ki, bu sanksiyalar etirazların güclənməsinə və hakimiyyətin çökməsinə səbəb olacaq. Yoxsa bu hakimiyyət nüvə anlaşmasından sonra yenidən canlandı, azad olunan pullar onlara böyük fürsət yaratdı, onlara yeni nəfəs oldu ki, həm daxildə basqını gücləndirsinlər, həm də xaricdə başqa ölkələrin daxili işlərinə daha çox müdaxilə etsinlər.

- Nağı bəy, yəqin, İranla əlaqələriniz var. Sizcə, xalq, sıravi insanlar bu qərar haqda nə düşünür?

- Bu məsələyə münasibətdə fərqli düşüncələr var. Trampın qərarına müxalif olanlar da var, münafiq olanlar da. Ancaq İranda vəziyyət o yerə çatıb ki, insanlar beziblər. Hər gün ölkədə gənclərin intiharına şahid oluruq, aylardır işçilərin maaşları verilmir. İşçilər dolanmaqda çətinlik çəkirlər. Necə ola bilər ki, bir işçinin haqqı 6 ay verilməsin, etiraz etdiyi halda da tutsunlar, vursunlar? Yəni içəridə vəziyyət daha gərgindir. Kiçik bir zümrəni nəzərə almasaq, insanların maddi durumu çox ağırdır. Hakimiyyətdə olanların, onlara yaxın olanların vəziyyəti yaxşı olsa da, xalqın vəziyyəti ağırlaşıb.

- Təcrübə göstərir ki, İrana kənardan bu cür basqılar artanda, sanksiyalar tətbiq olunanda xalq hakimiyyətin ətrafında daha sıx birləşir. Xalq yenə eyni mövqeni sərgiləyəcəkmi?

- Birləşənlər də var. Bunu inkar etmək istəmirəm. Amma hər halda, bu duruma qarşı çıxanlar da var. Nəticə göz önündədir. İki il yarımdır bu anlaşma əldə edilib, insanların iqtisadi durumu yaxşılaşmayıb. Buna insanlar necə müsbət baxa bilərlər? Amma bəzi vətəndaşlarda narahatlıq var ki, İrana xaricdən hərbi müdaxilə-filan edilə bilər. Bununla insanları qorxudurlar, İranın Suriyaya çevrilə biləcəyini söyləyirlər. Suriyanı bu hala qoyan elə İran və Rusiyadır, Bəşər Əsədin getməsinə mane olurlar, Tehranla Moskva olmasaydı, Suriya çoxdan çökmüşdü.

- Məsələnin o biri tərəfi də var. ABŞ-ın İranla bağlı nüvə razılaşmasından çıxması və sanksiyaların tətbiqi nüvə proqramının işə düşməsinə, Qərblə-İran arasında qarşıdurmanın artmasına, gərginliyin artmasına gətirib çıxarmayacaqmı?

- Ola bilər. Bu ehtimal da var. Məncə, Tramp işə başlayandan sonra İran hakimiyyətinin keçmişdəki bəzi hərəkətləri azalıb. Misal üçün, İranın cənubundakı azad sularda, Fars körfəzində ABŞ gəmiləri var. Obama dönəmində İranın tez-tez o gəmilərə sataşmaları, yanaşmaları olurdu. Ancaq Trampın hakimiyyətə gəlişindən sonra belə şey baş verməyib. Bunlar hiss edirlər ki, hər hansı səhv hərəkət hakimiyyətdən getmələrinə, həmləyə məruz qalmalarına səbəb verə bilər. O üzdən də hətta Suriyada hərbi bazalara hücumlar zamanı İran əsgərlərinin ölməsini açıqlamırlar. Bu hakimiyyət təhlükəni hiss edəndə ayağını bir az geri çəkir, ancaq at oynadacağını, meydan oxuyacağını görəndə daha çox qəddarlığa yol verir.

- Tehran çətin vəziyyətdə qalıb. Bundan sonra baş verəcəklər haqda sizin fikriniz nədir?

- (Ali dini lideri Əli) Xameneinin və ya (prezident Həsən) Ruhaninin danışığına baxanda görürdün ki, hər ikisi də özünü itirib. İndi də Avropa ölkələrinə söykəniblər. Onlardan təzminat, dəstək gözləyirlər, bu anlaşmanın davam etməsi ilə bağlı vəd almaq istəyirlər. Hər halda, sanksiyalar zamanı İranla işləyən şirkətləri də sanksiya gözləyə bilər. Ona görə də sanıram ki, bu hərəkət İranın bölgədə müdaxilələrini azaltmasına imkan yarada, nəticədə bu regionda vəziyyət yaxşılaşa bilər. Amma içəridə vəziyyətin yaxşılaşmasına bir o qədər də inanmıram. Mollalar, siyasi hakimiyyətə yaxın adamlar o qədər yolsuzluqlar edib, rüşvətxorluğa bulaşıblar. Onlar heç vaxt millətin xeyrinə addım atmayıblar. Sanksiya olsa da, olmasa da, vəziyyət get-gedə ağırlaşır.

Günün bütün mövzuları

XS
SM
MD
LG