Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:17

Siyasi fəal: 'İranda işlər necə olacaq, qabaqcadan demək olmaz'


Abbas Lisani
Abbas Lisani

“Amma təbiidir ki, dünyada elə ölkələr var insanların azadlığına dəyər verirlər, dəstək verirlər. Bu dəstək mənəvi baxımdan olarsa, çox gözəldir. Başqa cür olarsa, ümid edək ki, məzlum, aclıqdan, yoxsulluqdan və ya başqa səbəbdən etiraz edən içəridəki insanların cəzalandırılmasına bəhanə verməyəcək”.

“Bu gün İranda nə baş verir?” Bu sualı AzadlıqRadiosu-na müsahibədə İran azərbaycanlısı, siyasi fəal Abbas Lisani cavablandırır.

– Bir sıra səbəblər, embarqolar və sanksiyalar ucbatından illərdir İranda vəziyyət ağırlaşıb, kütlənin durumu günü-gündən pisləşib. Təqribən ilyarımdır, iki ilə yaxındır ki, bəzi kəsimlərin, malını itirmiş insanların, banklara borcu olanların və başqalarının müəyyən etirazları səslənirdi. Amma son günlərdə etirazlar aksiyalara çevrildi, hadisələrin Məşhəddən başlandığını deyə bilərik. Bu baş verənlərlə bağlı müxtəlif təhlillər və baxışlar var. Baxışlardan biri budur ki, etirazlar cinahi-rəqabət, cinahlar arasındakı rəqabət nəticəsində baş verdi, yəni cinahlardan biri millətin iqtisadi, ağır durumunu səbəb götürüb aksiyalar keçirilməsini istədilər. Hər halda bunu başlayanlar özləri olsa da, davam etməsi öz əllərində olmadı. Hadisələr kontroldan çıxaraq İranın müxtəlif şəhər və bölgələrinə sıçradı. Təbii ki, ilk baxışda bu sıçrayış iqtisadi gərginliyin təsiri altında oldu. Amma siyasi səbəblərin, narazılıqların da təsiri var. Məsələyə müxtəlif yönlərdən baxmaq olar. Hər halda, mən indiki durumda detallara getmək istəmirəm. Ancaq onu demək istəyirəm ki, etirazların, aksiyaların davam etməsinə etnik millətlərin yaşadığı yerlərdə bir az soyuq yanaşıldı. Xaricdə olan müxalifət bu millətlərin potensialından yararlanmaq istəyirdi. Məsələn, Güney Azərbaycanda buna çox soyuq yanaşıldı.

Buna da bax: İranda etirazlar: Cəmiyyət və iqtisadiyyat son 8 ildə necə dəyişib [rəqəmlər]

– Səbəbini izah edərsinizmi?

– Bu, milli hərəkatın və Azərbaycan millətinin tarixi təcrübələrinə söykənir. Xüsusən son illərdə mərkəzi hökumət Azərbaycan türkünə ögey gözlə baxıb, yalnız və yalnız ekstremal vəziyyətlərdə onlara əl uzadıb, boylarını oxşayıblar. Başqa hallarda Azərbaycan təhqirdən, iqtisadi iflasdan, torpaqların əldən getməsindən başqa nəsə görməyib. Bu hamının gözü qabağında olub, xüsusən də gənc nəsil bunu yaxşı bilir. Buna görə də mərkəzdə gedən oyunlara alət olmaq istəmirlər. Təbiidir, medianın apardığı geniş təbliğatın Azərbaycan insanlarına da təsiri var.

Buna da bax: İrandan qayıdan Azərbaycan vətəndaşı: 'Kimə çatırsan, şikayətlənir'

– Söhbət iqtisadi etirazlardan gedirsə, yəqin bunun sıravi azərbaycanlılara da təsiri var və bu durumda kənar qalmaq nə qədər mümkündür?

– Bu etirazlar iqtisadi durumun ağırlığına, çətinliyinə görə baş qaldırıbsa, demək lazımdır ki, Güney Azərbaycan şovinist siyasətin nəticəsində ən ağır vəziyyətdədir. Yəni işsizlik var, iş yerləri bağlanır, yeraltı, yerüstü mənbələr çapılıb-talanır, Urmiyə gölü qurudulur... Hansı yöndən baxsaq, Güney Azərbaycan iqtisadi fəlakətə uğramaqdadır. Bu millət qanıyla, canıyla hər şeyi hiss edir. Bu etiraz aksiyalarına Azərbaycan insanlarının reaksiya vermələri üçün mərkəzdə də onların haqları dəstəklənməlidir. Azərbaycan milləti bu halda etirazlara qatıla bilər. Biz heç də buna müxalifətdə deyilik. Milli hərəkat bu etirazları pisləmir! Sadəcə, bir çox məsələ mərkəzdən başlayıb. Xaricdə olan müxalifət də şovinist və irqçi təfəkkürlüdür. Onların da əməkdaşlığı körpüdən keçənə qədərdir. Bu üzdən milli hərəkatın mövqeyi belədir. Güney Azərbaycanın iqtisadi durumu daha acınacaqlıdır. Bununla bağlı etirazlara müxalifətdə deyilik. Amma müxalifətin çağırışlarına da qatılmaq istəməmişik.

Buna da bax: 'Türmədə Xameneyi mənə deyirdi ki, İslam hakimiyyətə gəlsə, bir damla da qan axmayacaq'

– Mərkəz deyəndə kimi nəzərdə tutursunuz?

– Mən hakimiyyətdəki cinahları deyirəm. Cinahlar da ikiyə bölünüblər: islahatçılar və mühafizəkarlar. Son 30-35 ildə onlar müxtəlif adlarla meydana çıxıblar, mübarizə aparıblar. Son hadisələr də iki cinahın rəqabəti nəticəsində başlanıb.

– ABŞ prezidenti və vitse-prezidenti İran xalqının etirazlarını dəstəklədiyini bildirirlər. İran vətəndaşı, siyasi fəal kimi bunu necə dəyərləndirirsiniz?

– Biz belə dəstəkləri əvvəllər də görmüşük. Bəzən bu dəstək içəridə hakimiyyətin əlinə bəhanə verib ki, siyasi fəalları, cərəyanları susdursun, onları Avropadan, ABŞ-dan dəstək almaqda ittiham etsin. Təbiidir, Amerika və ya hər hansı ölkə şüar, dəstək səsləndirə bilər. Ancaq o şüarların, dəstəyin nə qədər doğru olduğunu biz zaman içində görəcəyik. Mən siyasi fəal olaraq bunu deyim ki, millətlər özləri öz talelərini dəyişməlidirlər. Eşikdən və xaricdən gələn dəstək hansısa təmənnaya söykənə bilər, məqsədə, mənafelərə xidmət edə bilər. Amma təbiidir ki, dünyada elə ölkələr var insanların azadlığına dəyər verirlər, dəstək verirlər. Bu dəstək mənəvi baxımdan olarsa, çox gözəldir. Başqa cür olarsa ümid edək ki, məzlum, aclıqdan, yoxsulluqdan və ya başqa səbəbdən etiraz edən içəridəki insanların cəzalandırılmasına bəhanə verməyəcək. Hər halda, bir də deyirəm, millətlər özləri talelərini dəyişməlidirlər. Bu, mənim baxışımdır.

Buna da bax: İranda etirazlar ikinci həftədir davam edir

– Necə bilirsiniz, qarşıdakı günlərdə etirazlar davam edəcək?

– İşlər necə olacaq, qabaqcadan demək olmaz. Bunun davamı üçün müxtəlif amillər əl-ələ verməlidir. Qabaqdakı günləri gözləyək. Amma mən düşünürəm ki, bu ləhzeyi üsyanlara bənzəyir. Hərçənd İran kimi ölkədə millətlərin, insanların etirazları yerindədir, haqlıdır. İnsanlar iqtisadi, siyasi baxımdan zülmə məruz qalıblar. Amma hər şey siyasi qrupların siyasi kəsimlərin hansı mövqe tutmasından asılı olacaq. Dağınıq potensialı, köpük kimi qalxan etirazları bir yerə yığa bilsələr, mübarizəyə çevirsələr bu, yaxşıdır. Bu etirazların davam edib-etməyəcəyi bir çox amillərə, o cümlədən də müxalif qrupların necə davranacaqlarına bağlıdır. İndiki durumda müxalif qurumlar qeyri-farsların, o cümlədən güney azərbaycanlıların sözdə də olsa, haqlarını tanımırlar. Bugünkü etirazlar da ya uzun zaman davam etmədən səngiyəcək ki, bu halda milli hərəkat bir neçə qazanc əldə edir. O, susmaqla Azərbaycan xalqının siyasi aksiyalarda öz etkisini və ötkəmliyini, dərinliyini, habelə istiqlal istəyini bir daha həm iqtidara, həm də müxalifətə göstərmiş olacaq. Ancaq bu etirazlar davam edərsə, milli hərəkat potensialını, var-gücünü hadisələrin başlanğıcında deyil, daha böhranlı günlərdə Güney Azərbaycanın özgürlüyünün qazanılması üçün hərəkətə gətirəcək. Bu gün milli fəallar olayları tam diqqətlə izləyir, lazım olan zamanda milli haqlar uğrunda meydana çıxacaqlar. Əlbəttə, bu məsələdə zamanlama çox dəqiq və yerində olmalıdır. Zamanı dəyərləndirmədən addım atılarsa, hakimiyyət və müxalifət milli hərəkatı boğmaq üçün birləşə bilərlər.

Vahid Qarabağlı
Vahid Qarabağlı

«Buna görə də, ABŞ-ın da, prezidentin də bu işlərə qarışmasını istəmirlər»

Kanadada yaşayan, əslən İrandan olan Vahid Qarabağlı isə deyir ki, etirazlar iqtisadi tələblərlə başlasa da, siyasi tələblərlə davam edir:

«O cümlədən İranın ali dini rəhbəri Xamenei əleyhinə şüarlar sələndirildi, onun iqtidardan kənara çəkilməsi istənildi. Bu da etirazların iqtisadi tələblərlə başlasa da, daha dərin islahatların və dəyişikliklərin aparılması ilə bağlı olduğunu göstərdi».

İrandakı etirazlar 2009-cu ildəki son kütləvi aksiyalarla müqayisə edilsə də, V.Qarabağlı onların fərqləndiyini qeyd edir. «Bu mənada ki, 2009-cu ildə bəlli bir qrup vardı: islahatçılar. Onların önündə isə Əhmədinejad dururdu. O zaman müəyyən partiyaların və siyasi qrupların güc savaşı gedirdi. İndiki dönəmdə isə adi xalq, aşağı təbəqə, işçi kəsim ayağa qalxıb, bu da aksiyanı fərqli edir», – deyə Qarabağlı bildirir.

ABŞ prezidentinin bu aksiyalara dəstək verməsinə gəlincə, V.Qarabağlı deyir ki, bu məsələdə Vaşinqtonun öz çıxarları var və etirazları bu baxımdan dəyərləndirməyə çalışır:

«Amma İranda etirazçılar buna çox da isti yanaşmırlar. Bir çoxları prezident Donald Trampın, Amerika dövlətinin verdiyi bu dəstəyin İranda etirazçılara daha çox basqı göstərilməsinə səbəb olacağını düşünürlər. Buna görə də, ABŞ-ın da, prezidentin də bu işlərə qarışmasını istəmirlər. Hətta sosial mediada «bu bizim öz daxili məsələmizdir» deyə fikirlər səsləndirilməkdədir».

Bakı sakinləri İrandakı aksiyalar haqda nə düşünürlər?
Gözlə

No media source currently available

0:00 0:01:03 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG