Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:19

Məhkəmə İradə Cavadovanın əleyhinə qərar verdi


İradə Cavadova
İradə Cavadova

İyunun 25-də Bakı Apellyasiya Məhkəməsi vəkil İradə Cavadovanın əleyhinə qərar verib, ilkin instansiya məhkəməsinin qərarını ləğv edib. İlkin məhkəmə qərarında vətəndaşın vəkil haqqında yazdıqları həqiqətə uyğun hesab edilməmişdi.

Məsələ bundadır ki, Vəkillər Kollegiyasının rəhbərliyi Könül Mürsəlova adlı şəxsin şikayəti əsasında İradə Cavadovanın vəkillikdən uzaqlaşdırılmasına qərar verib. Mürsəlova məktubunda İ.Cavadova ilə müqavilə bağlamadığını, ona etibarnamə vermədiyini iddia edirdi. Deməsinə görə, İ.Cavadova onun vəkili kimi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) qanunsuz saxlanması, təzyiqə məruz qalması barədə Daxili İşlər nazirinə şikayət məktubu yazıb, həmin məktub mətbuatda da yayılıb, bununla da şərəf və ləyaqətinə xələl gəlib.

İ.Cavadova isə AzadlıqRadiosu-na bildirir ki, Könül Mürsəlova özünün rəfiqəsilə birlikdə onun yanına gəlib, BMCMİ əməkdaşlarının təzyiqilə üzləşdiyini, həbs təhlükəsinin olduğunu söyləyib, hüquqlarının müdafiəsi üçün onunla müqavilə bağlayıb. Onun sözlərinə görə, bundan sonra K.Mürsəlova idarəyə çağrılıb, iki gün orada saxlanıb, bu müddətdə vəkili və yaxınları ilə görüşünə icazə verilməyib. Bu üzdən o da K.Mürsəlovanın müdafiə hüququnun təmin olunması, vəkili ilə görüşünə imkan verilməsi üçün Daxili İşlər nazirinə müraciət edib.

İ.Cavadova hesab edir ki, məsələ ictimailəşəndən sonra K.Mürsəlovanı BMCMİ-dən o şərtlə buraxıblar ki, vəkildən şikayət etsin:

"O da bu şərti yerinə yetirib, mənimlə bağlı Vəkillər Kollegiyasına teleqram vuraraq, həqiqətə uyğun olmayan şeylər yazıb".

8 AY TAPILMAYAN CAVABDEH...

İ.Cavadova Vəkillər Kollegiyasının onu vəkillikdən uzaqlaşdırmaq üçün məhkəməyə müraciətindən sonra özü də K.Mürsəlovanı məhkəməyə verib. Tələbi də belə olub ki, K.Mürsəlovanın onun haqqında yazdıqları həqiqətə uyğun olmayan, işgüzar nüfuzunu ləkələyən məlumat kimi qiymətləndirilsin. Bu əməlinə görə K.Mürsəlova vurduğu mənəvi zərərin əvəzi kimi 1000 manat kompensasiya ödəsin.

Xəzər Rayon Məhkəməsi bu iddianı qismən təmin edib - K.Mürsəlovanın vəkil haqqında Vəkillər Kollegiyasına ünvanladığı teleqramda yazılanlar həqiqətə uyğun olmayan məlumat hesab edilib.

İ.Cavadova da bu məhkəmə qətnaməsini alıb, Vəkillər Kollegiyasına təqdim edərək, vəkillikdən uzaqlaşdırılması qərarına yenidən baxılmasını istəyib.

"Xəzər Rayon Məhkəməsi cavabdehi 8 ay tapa bilmədi. Qərarı Vəkillər Kollegiyasına təqdim edən kimi onu dərhal tapdılar. Onun müdafiəsinə bir vəkil də qoşdular. Xəzər Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verdilər", – İ.Cavadova bildirib.

"TƏCRÜBƏDƏ ÜZLƏŞDİYİMİZ..."

Məhkəmədə İ.Cavadova K.Mürsəlova ilə müqavilənin surətini, onun anası ilə yazışmaları təqdim edib. Lakin iyunun 25-də Bakı Apellyasiya Məhkəməsində Məmməd Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası İ.Cavadovanın əleyhinə qərar verib - Xəzər Rayon Məhkəməsinin qətnaməsi ləğv edilib.

İ.Cavadova AzadlıqRadiosu-na bildirib ki, Ali Məhkəməyə şikayət verəcək:

"Apellyasiya Məhkəməsi açıq-aşkar qərəzli davrandı. Heç qərəzlərini gizlətmədilər də. Bu baxımdan, Ali Məhkəmədən də möcüzə gözləmirəm. Ədalətli nəticəyə ümid etməsəm də, yenə Ali Məhkəməyə müraciət edəcəm. Həm də ona təəssüflənirəm ki, "məhkəmə-hüquq islahatları" söz olaraq qalır, təcrübədə üzləşdiyimiz ancaq məhkəmə ədalətsizliyidir".

Vəkillər Kollegiyasının Rəyasət Heyəti ötən ilin iyununda İ.Cavadovanın kollegiya üzvlüyünə xitam verilməsi üçün məhkəməyə müraciət barədə qərar qəbul edib. Məhkəmə hələ bu məsələylə bağlı qərar verməyib.

İ.Cavadova kollegiyanın qərarını əsassız və qərəzli sayır. Hesab edir ki, Kollegiya rəhbərliyi müstəqil və prinsipial mövqeyinə, vəkil Yalçın İmanov kollegiyadan uzaqlaşdırılarkən Rəyasət Heyətinin üzvü olaraq, onun müdafiəsinə qalxmasına görə ondan qisas alır.

Kollegiya rəhbərliyi isə bu iddianı rədd edir, onun vətəndaşın şikayəti əsasında cəzalandırıldığını bildirir.

Xatırlatma

Son bir neçə ildə Vəkillər Kollegiyasında xeyli vəkilin fəaliyyəti dayandırılıb, bəzilərinin fəaliyyətinə birillik məhdudiyyət tətbiq olunub.

Vəkillər barəsində cəza qərarları, əsasən, hüquq-mühafizə qurumlarının - Daxili İşlər Nazirliyi orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Baş Prokurorluğun müraciətləri əsasında verilib.

Vəkillər bu tendensiyanı daha çox yerli və beynəlxalq hüquq müdafiəçilərinin siyasi məhbus saydığı şəxsləri müdafiə etmələri ilə əlaqələndirir.

Vəkillər Kollegiyası bu iddiaları rədd edir, onları qanunvericiliyin tələblərini pozmaqda günahlandırır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG