Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:42

'10 aya 375 milyon çox azdır'


Natiq Cəfərli
Natiq Cəfərli

Son həftələr dünya neft bazarında yenə ucuzlaşma baş verib. 2015-ci ildəki qədər olmasa da, 1 ay ərzində neftin qiymətinin 20 faizdən çox ucuzlaşdığı açıqlanıb. 2015-ci ildə neftin qiyməti kəskin enəndə hökumət iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafənı qarşısına məqsəd olaraq qoyduğunu bəyan etmişdi.

“ Bəs ötən 3 ildə hansı işlər görüldü və hansı sahələrdə dəyişikliklər nəzərə çarpdı” sualını iqtisadçılara ünvanladıq.

İqtisadçı Vüqar Bayramov hesab edir ki, neftin qiymətinin dünya bazarındakı son enişləri neft ölkələrində “bum dövrü”nün yekunlaşdığını deməyə əsas verir:

“ Baxmayaraq ki, hazırkı qiymətlər 2015-ci illə müqayisədə nisbətən yüksəkdir, ancaq buna rəğmən qiymət sabit deyil. Eyni zamansa, neftin qiymətlərinə siyasi amillər təsir edir. Növbəti illər üçün qiymət proqnozlaşdırmaq kifayət qədər çətindir. Bu kontekstdən yanaşdıqda iqtisadi islahatların dərinləşməsi və sürətləndirilməsinə ehtiyac var”

“Zaman lazımdır”

Vüqar Bayramov
Vüqar Bayramov

Vüqar Bayramovun bildirməsinə görə, 2014-cü ildən sonra aparılan islahatlara diqqət yetirdikdə və digər ölkələrin təcrübəsi görsərir ki, neftdən asılılığın aradan qaldırılması qısamüddətli dövrdə praktik olaraq mümkün deyil, buna zaman lazımdır:

“Biz daha çox institusional islahatların təkmilləşdirilməsinin və struktur islahatların aparılmasının tərəfdarıyıq. Azərbaycan üçün əsas məqsəd 2020-ci ilə qədər büdcə gəlirlərinin formalaşmasında qeyri-neft sektorunun payının ümumi büdcə gəlirlərinin 50 faizdən çoxuna nail olmaqdır. Əslində, iqtisadiyyatın şaxələnməsi ilə bağlı hədəflər 2025-ci ilə hesablanmalıdır. Həmin ildən sonra ixracaatda qeyri-neft sektorunun payı 50 faizdən çox olmalıdlr. Büdcə gəlirlərinin formalaşmasında isə qeyri-neft sektorunun payının 70 faizdən çox olmasına nail olunmalıdır. Bunun üçün bütövlükdə islahatların dərinləşdirilməsi, idarəetmənin çevikliyi çox vacibdir”.

İqtisadçı ilk növbədə vergi yığmada vahid qurumun yaradılmasını vacib sayır:

“ Bundan əlavə su, enerji sektorlarında vahid agentliyin yaradılmasını təklif edirik. “Azərenerji” ilə bağlı yaranan son hadisələr göstərdi ki, bu sahəyə ayrılan vəsaitlərin səmərəli istifadəsində problemlər var. Xüsusən də daha innovativ avadanlıqların cəlb olunmasına ehtiyac var. Bu baxımdan “Azərenerji”nin idarəetməyə verilməsi və mərhələli şəkildə özəlləşdirilməsi vəsaitlərin səmərəli istifadəsi üçün çox önəmlidir. Son illərin kommunal xidmətlər sahəsində aparılan təhqiqatları göstərdi ki, bu sahənin keyfiyyətində artımlar qənaətbəxş deyil. Qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi və islahatların genişləndirilməsi ona görə vacibdir ki, neft sektoru məşğulluğun yalnız 1 faizini təşkil edir. 99 faiz isə qeyri-neft sektorunun payına düşür. Düzdür, büdcə gəlirlərinin 60 faizi neft sektorunun payına düşür, məşğulluğun 40 faizi neft və neft sektorundan maliyyələşən sahələrin payına düşür. 60 faizin 37 faizi aqrar sektor olmaqla qeyri-neft sektorunun payına düşür. Bu baxımdan məşğulluğun təmin edilməsi, xüsusən də regionlarda yeni iş yerlərinin yaradılması üçün qeyri-neft sektorunun inkişafına və neftdən asılılığın aradan qaldırılmasına hesablanan islahatların aparılmasına ehtiyac var”.

“2015-ci ilə nisbətən faiz etibarı ilə artım var, həcm olaraq isə çox azdır”

İqtisadçı Natiq Cəfərli son 3 ildə aqrar və turizm sektorunda bəzi irəlləyişlərin qeydə alındığını bildirib:

Neft
Neft

“2015-ci ildə qeyri-neft sektorunda vəziyyət o qədər bərbad idi ki, həmin rəqəmlərin natural ifadəsində çox kiçik rəqəmlər görürük. Ancaq faiz etibarı ilə rəqəmlər müşahidə olunur. Məsələn, aqrar sektoru götürək, xarici ticarətdə son 3 ildə hər il ortalama 4-5 faiz artım müşahidə olunur. Amma rəqəmsal olaraq cari ilin 10 ayını götürsək, kənd təsərrüfatının ixraacatı cəmi 375 milyon dollardır ki, bu, çox kiçik rəqəmdir. 2015-ci ilə nisbətən faiz etibarı ilə artım var, həcm olaraq isə çox azdır. Antaliyanın kənd təsərrüfatı ixraacatı illik 3,5-4 milyard dollara yaxındır”.

Natiq Cəfərli deyir ki, Azərbaycanın 10 ayda 375 milyon dollarlıq kənd təsərrüfatı məhsul satması çox azdır.

“ Hökumət rəsmi təbliğatda faiz artımından istifadə edib son illərin nailiyyəti kimi qələmə verir. Eyni zamanda, turizm sahəsində rəqəmsal artım var, amma bu artım köklü islahatlardan yox, viza sistemində sadələşdirmə yönündə atılan addımlardan irəli gəlir. Elektron vizanın tətbiqi, manatın 2 dəfə devalvasiya olması və ərəb yarımadasından gələn turistlərin çoxluq təşkil etməsindən irəli gəlir. Bütün bunlar makroiqtisadi göstəricilərdə hələ də kifayət qədər kiçik yer tutan rəqəmlərdir”

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG