Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:07

Gileylənən Şahmar Mövsümova cavab: 'İqtisadçıları kim yetirməli idi?'


İllüstrativ foto.

“23 ildir ölkəyə nəzarət edirlər, niyə iqtisadçı yetişdirməyiblər?”


Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun “yeni iqtisadi model axtarışı”, “yüksək səviyyəli iqtisadçıların az olması” ilə bağlı dedikləri birmənalı qarşılanmayıb. Nazirlər Kabinetinin iqtisadiyyat şöbəsinin keçmiş müdiri, ekspert Oqtay Haqverdiyev AzadlıqRadiosuna üz tutaraq soruşur: “Şahmar Mövsüov indi bu müraciəti kimə ünvanlayır? Hökumətə? Özü də hökumət nümayəndəsidir”.

Oqtay Haqverdiyev
Oqtay Haqverdiyev

Onun sözlərinə görə, ABŞ-da, Avropa ölkələrində iqtisadiyyat təhsili alan və Azərbaycanda 500-600 manatlıq iş təklif edilən intellektual gəncləri tanıyır. “Bu maaşla Azərbaycanda yaşamaq olar?” – deyə fikrini paylaşan Oqtay Haqverdiyev əlavə edir ki, ölkədə yüksək səviyyəli iqtisadçı azdırsa, bunun günahını hökumət özündə axtarmalıdır ki, niyə indiyədək yetişdirməyib.

Sabiq dövlət məmuru hər ölkənin öz iqtisadi modeli olduğu kimi, Azərbaycanın da öz yolu olduğunu vurğulayır: “İndi Şahmar Mövsümov deyir ki, yeni iqtisadi model axtarışındadırlar. Sinqapurun iqtisadi modelini Azərbaycana necə tətbiq etmək olar?”.

Oqtay Haqverdiyevin fikrincə,dünyada ayri-ayri problemlərdən çıxış yollarına dair meyarlar var və ölkələr öz yerli imkanları daxlində bu meyarlardan faydalanırlar.

“Pozitiv haldır ki, etiraf edirlər...”

“İndiyədək Azərbaycanda normal iqtisadi modelin tapılmadığının günahı kimdədir, cavabdehi kimdir? Bu sualın cavabı açıq qalır”, - iqtisadçı Natiq Cəfərli belə düşünür və xatırladır ki, hakimiyyət son vaxtlaradək Azərbaycanda analoqu olmayan inkişaf modelindən söz açırdı.

Natiq Cəfərli
Natiq Cəfərli

Ekspertin fikrincə, Azərbaycanda artıq problemlər iqtisadi müstəvidən çıxıb və böhranın səbəbini idarəetmə sistemində axtarmaq lazımdır: “Pozitiv haldır ki, Şahmar Mövsümov yeni iqtisadi münasibətlərin vacibliyini etiraf edir, ancaq hələ indi yeni model axtarırlarsa, bu model nə zaman effekt verəcək?”.

Natiq Cəfərli Neft Fondunun icraçı direktorunun yüksək səviyyəli iqtisadçıların çatışmadığı barədə söylədiklərini onun öz baxışı saysa da, deyir ki, elədirsə, demək, təhsil sistemi o qədər bərbaddır ki, bir iqtisadçı yetişməyib: “Bəs bunun günahı kimdədir? 23 ildir ölkəyə onlar rəhbərlik edir, cavabını da özləri versinlər”.

Ekspert əlavə edir ki, müstəqil iqtisadçılar, illərdir, Azərbaycanda mövcud iqtisadi modelin dayanıqsızlığına, böyük problemlər yaşana biləcəyinə dəfələrlə diqqət çəkərək, müxtəlif proqramlartəklif ediblər: “Amma hökumət bu təklifləri görmürdü, çünki neft gəlirləri yüksək səviyyədə idi və elə bilirdilər, həmişə belə olacaq”.

Natiq Cəfərli iqtisadi islahatlarla yanaşı, siyasi və məhkəmə islahatlarına ciddi ehiyac duyulduğunu təkrar-təkrar vurğulayır və əks təqdirdə hansı iqtisadi model olursa-olsun, ömrünün uzun çəkməyəcəyini bildirir.

“Bütün sahələrdə kadr problemi var”

İqtisadi Təşəbbüslər Mərkəzinin rəhbəri Qubad İbadoğlu həmkarlarının fikrini təsdiqləyir. Onun da fikrincə, kadr problemi ölkənin bütün sahələrində aktual məsələdir, ancaq yüksək səviyyəli iqtisadçı olmadığını demək doğru deyil:

Qubad İbadoğlu
Qubad İbadoğlu

“Azərbaycanın müstəqil iqtisadçıları ölkənin iqtisadi durumuna dair mətbuatda vaxtaşırı təhlillər verir, təkliflərini dilə gətirirlər. Şahmar Mövsümovun yanaşması onu deməyə əsas verir ki, ölkə iqtisadiyyatının bu duruma düşməsinin səbəbi onu idarə edənlərin səviyyəsindən qaynaqlanır”.

Qubad İbadoğlu vurğulayır ki, Azərbaycanda yetərincə peşəkar və yüksək səviyyəli iqtisadçılar var, ancaq onlara bu idarəetmə sistemində yer verilmir. Ekspert deyir ki, müstəqil iqtisadçılar ölkəni maliyyə böhranından çıxarmaq üçün kifayət qədər optimal yol göstəriblər, ancaq bu yollar hakimiyyətə sərf etmir: “Yeni model deyərkən, yəqin yeni açıqlanan yol xəritəsini nəzərdə tuturlar. Həmin yol xəritələrində hər hansı model yoxdur, hər yerdə yenə də dövlətin müdaxiləsi görünür”.

Neft ucuzlaşandan bəri...
Neftin dünya bazarında kəskin ucuzlaşmasından bəri Azərbaycan hakimiyyəti ciddi maliyyə problemləri ilə üzləşib. Manat son iki ildə ABŞ dolları ilə müqayisədə xeyli dəyər itirib, ölkənin gəlirləri azalıb, bu ilin büdcə xərclərində ciddi kəsir yaranıb, onlarla bank bağlanıb.

Ekspertlərin fikrincə, hakimiyyət iqtisadi problemləri çözməkdən ötrü ayrı-ayrı sahələr üzrə yol xəritəsi hazırlayıb ictimaiyyətə açıqlamaqla durumun fərqində olduğunu göstərmək istəyir, ancaq hələlik, real irəliləyişin əlamətləri görünmür.

Şərhlər (2)

Bu forum dayandırılıb
XS
SM
MD
LG