Prezident İlham Əliyev bu gün, mayın 2-də ipoteka kreditləşməsi ilə bağlı iki fərman imzalayıb.
Həmin sənədlər “Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” və “Azərbaycanda ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” fərmanlara dəyişikliklər edilməsini nəzərdə tutur.
Dəyişikliklər ipoteka kreditinin restrukturizasiyası, kreditlərin verilmə mexanizmi, habelə zəmanətə verilən kreditlərin məbləgi və texniki məsələlərlə bağlıdır.
Restrukturizasiya kreditin qaytarılma şərtlərinin dəyişdirilməsidir.
İndi borcalan sahibkarların bütün müvəkkil banklar üzrə zəmanət verilən cəmi kreditlərinin məbləği beş milyon, bir-biri ilə əlaqədar borcalanlar qrupunun bütün müvəkkil banklar üzrə zəmanət verilən cəmi kreditlərinin məbləği isə on milyon manatdan çox olmamalıdır.
İndiyədək qüvvədə olan qaydalar isə bir borcalanın və ya bir-biri ilə əlaqədar borcalanlar qrupunun bütün müvəkkil banklar üzrə zəmanət verilən cəmi kreditlərinin məbləğinin 3 milyon manatdan çox olmamasını nəzərdə tuturdu.
Habelə, ipoteka kreditinin verilməsinə dair tələblərə dəyişiklik edilməsi də nəzərdə tutulur. İndiyədək kredit, üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına və ya qabaqcadan qeydiyyata alınmış yaşayış sahələrinə verilirdi. Bundan sonra Mülki Məcəlləyə uyğun olaraq barəsində təminat qeydi aparılmış tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu payın alınmasına da kredit veriləcək. Belə kreditlərin verilməsi bu il iyulun 1-dən mümkün olacaq.
Bundan başqa ipoteka kreditlərinin ödənilməsi qaydalarına da dəyişikliklər edilib.
İndiyədək ipoteka krediti üzrə ödənilən aylıq məbləğ borcalanın aylıq gəlirinin 70 faizindən çox ola bilməzdi. Bundan sonra ilkin mənzil bazarından əmlak alanlar 40 faizdən artıq ilkin ödəniş edərlərsə, aylıq ödəniş məbləğinə limit tələbi olmayacaq.
Xatırlatma
Azərbaycanda bu tip kreditlər 2006-cı ildən İpoteka Fondu (İF) vasitəsilə verilirdi.
Ötən il, dekabrın 26-sı prezident İlham Əliyev İpoteka və Kredit Zəmanət Fondunun yaradılması, onun fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında fərman imzalayıb.
Həmin fərmana görə, İpoteka və Kredit Zəmanət Fondu İpoteka Fondu və “Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) hüquqi varisidir. Həmin qurumların bütün hüquq və öhdəlikləri, habelə əmlakı fonda keçib.
Fond Azərbaycanda əhalinin uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə yaşayış sahəsi ilə təmin edilməsi mexanizminin yaradılması və idarə edilməsinə cavabdehdir.