Keçid linkləri

Təcili xəbərlər
2022, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:59

Azərbaycan xəbərləri

2 gündə 3 intihar olayının baş verdiyi bildirilir

Arxiv fotosu

Son iki gündə ölkə ərazisində 3 nəfərin intihar etdiyi bildirilir.

APA-nın xəbərinə görə, noyabrın 3-də Abşeron rayonunun Masazır qəsəbəsində 16 yaşlı Asiman Əmirovun yaşadığı evdə asılmış meyiti aşkarlanıb.

Rayon prokurorluğundan qəsdin səbəblərinin bəlli olmadığını bildiriblər.

Həmin gün başqa bir intihar olayının Ağcabədidə baş verdiyi bildirilir.

Buna da bax:​ 6 ayda 28 yeniyetmə intihar edib

Rayonun İmamqulubəyli kəndində 61 yaşlı Mətləb Nəcəfovun sol qolunun damarlarını doğrayıb, qan itirməsindən öldüyü deyilir.

Noyabrın 4-də isə Penitensiar Xidmətin Müalicə Müəssisəsində intihar hadisəsinin baş verdiyi qeyd edilir.

Report-un xəbərinə görə, müəssisədə saxlanılan 31 yaşlı Afiq Abdullayev intihar edib.

A.Abdullayev qaçaqmalçılıqda təqsirləndirilirmiş. Bu günlərdə Lənkəran Ağır Cinayətlər Məhkəməsində onun işinə baxılacaqdı.

Buna da bax: "İntiharların əsas səbəblərindən biri sosial gərginlikdir"

Son vaxtlar Azərbaycanda intihar hallarının artdığı bildirilir. Ekspertlər intiharların səbəblərinin araşdırılmasından ötrü müstəqil bir mərkəzin yaradılmasını təklif edir. Onların fikrincə, Azərbaycanda rəsmi qurumlar bəzi hallarda intiharların gerçək səbəblərini açıqlamırlar.

Mətbuatdakı araşdırmalarda insanların daha çox maddi çətinliklərdən və hüquqsuzluqdan canlarına qıydığı vurğulanır.

Bütün xəbərləri izləyin

Ermənistan daha 10 azərbaycanlının nəşinin qalıqlarını təhvil verib

Erməni hərbçi Azərbaycanın nəzarətindəki meşədə gizlənir: 'Məni xilas edin!'
Gözlə

No media source currently available

0:00 0:15:56 0:00

Dekabrın 1-də Ermənistan Azərbaycana 1-ci Qarabağ müharibəsində həlak olmuş 10 nəfərin nəşinin qalıqlarını və 2 xəritə təhvil verib. Xəritələrdə daha 4 nəfərin basdırıldığı mümkün yerlərin göstərildiyi bildirilir. Məlumatı Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) yayıb.

Bu xəbərlə bağlı Azərbaycan tərəfdən rəsmi açıqlama verilməyib.

MTX-nın məlumatına görə, 2020-ci il noyabrın 9-dan, 2-ci Qarabağ müharibəsi əməliyyatları dayandırılandan sonra Ermənistan Azərbaycana 1-ci Qarabağ müharibəsinin 140 qurbanının nəşinin qalıqlarını və 5 xəritə verib.

Azərbaycan həmin il 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib. Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb, iki ölkə şiddətli döyüşlərdə itki verib.

Azərbaycan-Türkiyə hərbi təlimi keçirilir

Təlim

Azərbaycan-Türkiyə birgə təlimi keçirilir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (AMN) dekabrın 5-də məlumat yayıb.

Məlumata görə, müxtəlif qoşun növlərinin şəxsi heyəti, xüsusi təyinatlı mühəndis-istehkam texnikası, hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir.

Təlimin neçə gün davam edəcəyi açıqlanmayıb.

Bu təlimin Azərbaycan ilə Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən keçirildiyi bildirilir.

Yenə İranla sərhədə yaxın təlim

Bundan bir müddət öncə də Azərbaycanın xüsusi təyinatlıları ölkənin cənubunda, İranla sərhədə yaxın təlim keçmişdilər.

Prezident İ.Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda bu məsələyə toxunmuşdu.

"Mən İranın üç prezidenti – Hatəmi, Əhmədinejad və Ruhani ilə işləmişəm…Heç vaxt İran bizim sərhədimizdə bir neçə ay müddətində iki hərbi təlim keçirməmişdi", - o vurğulamışdı.

Prezident əlavə etmişdi ki, istənilən anti-Azərbaycan bəyanatına və hərəkətinə cavab veriləcək: "Bu səbəbdən biz İran ilə sərhəddə hərbi təlimlər keçirməli olduq ki, onlardan qorxmadığımızı nümayiş etdirək".

Oktyabrın 17-də İran Silahlı Qüvvələri Azərbaycanla sərhəddə Araz sahilində hərbi təlimə başlamışdılar. Azərbaycan parlamentində bəzi deputatlar bunu ölkələrinə təhdid kimi dəyərləndirmişdilər. Amma sonradan İranın Azərbaycandakı səfirliyi təlimlə bağlı rəsmi Bakının əvvəlcədən məlumatlandırıldığını bildirmişdi.

Azərbaycanin sonuncu Türkiyə ilə birgə təliminə isə, hələlik, İranın rəsmi qurumlarının münasibəti bəlli deyil.

Taleh Bağırov başqa həbsxanaya köçürülməsini istəyir

T.Bağırov

"Müsəlman Birliyi" Hərəkatının (MBH) sədri Taleh Bağırovun həkimlərin köməyindən, telefon zənglərindən və vəkillərin ona müraciətindən imtina etdiyi bildirilir. O, başqa cəzaçəkmə müəssisəsinə köçürülməsini tələb edir.

Bu barədə dekabrın 3-də 12 saylı Cəzaçəkmə Müəssisəsində Taleh Bağırova baş çəkən vəkil Fəxrəddin Mehdiyev AzadlıqRadiosuna danışıb.

Vəkil MBH sədri T.Bağırovun aclıq aksiyasını davam etdirdiyini bildirdiyini söyləyir. Onun aclıq aksiyasına başladığı haqqında məlumat noyabrın 27-də yayılmışdı, amma bunu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən təsdiq etməmişdilər. Üstəlik, xidmətdən ona təzyiqlərin olması ilə bağlı deyilənləri də əsassız saymışdılar.

Vəkilin sözlərinə görə, T.Bağırov isə ona deyib ki, 2014-cü ildə həmin müəssisədə cəza çəkəndə rəis müavini ona problemlər yaradıb, onu "vətən xaini" adlandırıb: "İndi də Qobustan həbsxanasından ora qaytarılandan sonra təhqir edildiyini bildirir. Ona görə də Taleh Bağırov başqa müəssisəyə köçürülməsini tələb edir".

Hələlik, bu açıqlamaya adı çəkilən qurumlardan və Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

T.Bağırov bugünlərdə 7 illik həbsdən sonra qapalı həbsxanadan 12 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb.

Taleh Bağırovun aclığa başladığı deyilir

"Müsəlman Birliyi" Hərəkatının həbsdə olan sədri Taleh Bağırovun "zülmə son" tələbi ilə aclıq aksiyası keçirdiyi bildirilir.

Bu barədə noyabrın 27-də hərəkatın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, T.Bağırov məhkəmə qərarına əsasən, 7 illik həbsdən sonra qapalı həbsxanadan 12 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb və orada təhqirlərə məruz qalıb: "O, zəng vurub bildirib ki, ayın 26-da 12 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Özünün bildirdiyinə görə, ora gəldiyi andan təzyiqlərlə üzləşib".

Məlumata görə, cəzaçəkmə müəssisəsində T.Bağırova deyilib ki, o, orada az qalacaq və onu yenidən qapalı həbsxanaya qaytaracaqlar: "Kobud rəftara etiraz olaraq o, aclığa başlayıb".

Penitensiar Xidmət təkzib edir

Bu deyilənlər ilə bağlı Penitensiar Xidmətdən isə "Turan"a bildirilib ki, T.Bağırova qarşı hər hansı mənəvi, fiziki təzyiq yoxdur: "Taleh Bağırov aclıq etmir".

"Müsəlman Birliyi" Hərəkatının T.Bağırov daxil, bəzi rəhbər şəxsləri hazırda uzunmüddətli həbsədirlər. Onlar 2015-ci ildə ikisi polis olmaqla, altı nəfərin öldüyü Nardaran hadisələri zamanı həbs ediliblər. Həmin şəxslər qətl və başqa ağır cinayətlərdə ittiham edilirlər. Lakin onlar heç kimi öldürmədiklərini və saxlandıqdan sonra ağır işgəncələrə məruz qaldıqlarını bildirirlər. Daxili İşlər Nazirliyi isə işgəncə şikayətlərini əsaslı saymayıb. T.Bağırov özü 19 il həbs cəzası alıb.

Bu, onun birinci həbsi deyil. Ümumilikdə üç dəfə həbsdə olan T.Bağırov bundan əvvəl 2013-cü ilin martından 2015-ci ilin iyulun sonuna qədər həbs həyatı yaşamışdı. Onda T.Bağırov narkotikdə ittiham edilmişdi. O, onda da ittihamı qurama sayırdı.

Kəlbəcər yolunda azərbaycanlılarla ermənilər arasında dava olduğu bildirilir

Azərbaycan-Ermənistan sərhəddi, arxiv foto

Bazar günü, dekabrın 4-də Rusiya sülməramlılarının müşayəti ilə Suqovşandan Kəlbəcər istiqamətinə yük aparan azərbaycanlılarla bölgədəki erməni gənclər arasında dava düşdüyü bildirlir.

Xəbəri AzadlıqRadiosunun erməni xidməti yayıb.

Məlumatda qeyd olunur ki, yük maşınlarından ibarət karvan texniki səbəbdən Kəlbəcər rayonunun Qozlukörpü (Hetavan) kəndində dayanıb.

İddia olunur ki, bu zaman karvandakı minik avtomobilində olan 4 mülki geyimli avtomobildən düşərək oradakı erməni gənclərə qarşı kobud və təxribat xarakterli davranışlar göstərməyə başlayıblar.

Radionun məlumatında o da qeyd olunur ki, hadisə iştirakçıları arasında yüngül xəsarət alanlar olub. Bundan başqa, xəbərdə o da vurğulanır ki, dava zamanı mülki azərbaycanlılara məxsus avtomobil də zədələnib.

Hələ ki, bu məlumata Azərbaycanın rəsmi qurumlarından hər hansı münasibət almaq mümkün olmayıb.

Bir gün əvvəl

Dekabrın 3-də Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə İqtisadiyyat nazirliyinin nümayəndələri Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Xocalıda olublar.

Nazirliyin yaydığı məlumata görə, məqsəd Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərindəki faydalı qazıntıların qanunsuz istismarının aparıldığı yataqlarda monitorinq aparmaq olub.

Nazirlik nümayəndələri bölgədə olduğu zaman Xankəndi-Görus ("Laçın dəhlizi") yolunun bir müddət bağlandığı bildirilir.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Azərbaycan İrana nota verib

İran, Tehran, 31 mart 2020

“Azərbaycan ərazilərinə hər hansı bir xarici səfər Azərbaycanın milli qanunvericiliyi çərçivəsində müəyyən edilmiş qaydalara, suverenlik və ərazi bütövlüyü prinsiplərinə riayət etməklə həyata keçirilməlidir.”

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə yerli media nümayəndələrinin sualını cavablandırarkən bildirib.
Nazirliyin saytında yayılan məlumata görə, ona “ son günlər 14 İran vətəndaşının sərhəd-keçid məntəqələrindən kənar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə daxil olduğu barədə xəbərlər yayılıb, bu məsələyə münasibətiniz” sualı ilə müraciət edilib.

A.Hacızadə deyib ki, “məlumata aydınlıq gətirilməsi məqsədilə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə müvafiq nota göndərilib”

Onun vurğulamasına görə, hal-hazırda, məsələ ilə bağlı qarşı tərəfdən cavab gözlənilir.
Hələlik, bu açıqlamaya İranin Azərbaycandakı Səfirliyindin münasibət almaq mümkün olmayıb.

Azərbaycan İran munasibətlərində gərginlik

Son aylar Azərbaycan və İran arasında qarşılıqlı ittihamlar eşidilməkdə idi.
Ötən ay noyabrın 14-də Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti (DTX) bildirmişdi ki, İran xüsusi xidmət orqanlarının yaratdığı casus şəbəkəsi ifşa edilib.Bununla bağlı 5 Azərbaycan vətəndaşının həbs edildiyi bildirilirdi. Noyabrın 11-də də İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılmışdı.Məlumata görə, görüşdə, son zamanlar İran mediasında Azərbaycan əleyhinə aparılan təbliğat, qarayaxma kampaniyası, yüksək vəzifəli rəsmilərin təhdid xarakterli ritorikaları ilə bağlı narazılıq və narahatlıq qarşı tərəfin diqqətinə çatdırılmışdı.

Ondan da bir neçə gün öncə eyni qaydada Azərbaycanın İrandakı səfirinin də həmin ölkənin xarici siyasət idarəsinə çağırılaraq oxşar narazılıqla üzləşdiyi açıqlanmışdı.

Azərbaycan DTX-sı isə ötən ayın əvvəlində də bildirmişdi ki,İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşmə ifşa olunub.

Ondan da bir qədər sonra İranın İnformasiya və Kəşfiyyat Nazirliyinin yaydığı məlumatda isə iddia olunurdu ki, oktyabrın 26-da bu ölkənin Şiraz şəhərindəki məsciddə törədilən terror aktının koordinatoru Azərbaycan vətəndaşıdır: "Həbs edilənlərin heç biri iranlı deyil. Bunlar Azərbaycan Respublikasının, Tacikistan və Əfqanıstanın vətəndaşlarıdır".

Hücumda azı 15 nəfərin həlak olduğu deyilirdi.

Qeyd edilən bu açıqlamalara adı çəkilən ölkələrin rəsmi qurum və başqa maraqlı tərəflərdən birbaşa münasibət bildirməmişdi.

Oktyabrın 17-də isə İran Silahlı Qüvvələri Azərbaycanla sərhəddə Araz sahilində hərbi təlimə başlamışdılar.Azərbaycan parlamentində bəzi deputatlar bunu ölkələrinə təhdid kimi dəyərləndirmişdilər.Amma sonradan İranın Azərbaycandakı səfirliyi təlimlə bağlı rəsmi Bakının əvvəlcədən məlumatlandırıldığını bildirmişdi.

Daha sonra isə Azərbaycan xüsusi təyinatlıları ölkənin cənubunda təlim keçiriblər.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

'Laçın dəhlizi'nin bağlanıb, açıldığı bildirilir-Ekologiya nazirliynin əməkdaşları Xocalıda olub

Gorus -Xankəndi yolu, ("Laçın dəhlizi") 3 dekabr 2022-ci il

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkənin Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərində “monitorinq aparılması üçün” görülən tədbirlərlə bağlı növbəti açıqlama yayıb.

Açıqlamada qeyd edilir ki, onların, Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları Xocalıda sülhməramlı qüvvələrin qərargahında sülhməramlıların komandanlığı ilə müzakirələri davam etdiriblər.

Açıqlamaya görə, faydalı qazıntıların qanunsuz istismarının aparıldığı yataqlarda, müvafiq digər məntəqələrdə monitorinq, əmlakın inventarizasiyası və ekoloji araşdırma işlərinin aparılmasının vacibliyi vurğulanıb.

Bildirildiyinə görə, 18.00 radələrində onlar Şuşa şəhərinə qayıdıblar:

“Xocalıda, sülhməramlı qüvvələrin qərargahında keçirilmiş müzakirələrin nəticəsi olaraq qeyd olunan fəaliyyət istiqamətləri üzrə ərazidə işlərin aparılması üçün Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyəti qurumların iştirakı ilə yol xəritəsinin hazırlanmasına başlanılıb”

***

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkənin Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərində “faydalı qazıntıların qanunsuz istismarı, bundan əmələ gələn ekoloji fəsadların araşdırılması və monitorinqi”nin aparılması ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, Müdafiə Nazirliyi Rusiya sülhməramlı qüvvələrinin komandanlığına onların müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan ərazilərinə mütəxəssislərinin göndərilməsi barədə müraciət edib.

Əlavə edilir ki, dekabrın 3-də, saat 11.00 radələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları əraziyə keçid üçün Xankəndi ilə Şuşa şəhəri arasındakı Rusiya sülhməramlı qüvvələrinin nəzarət məntəqəsinə yaxınlaşıblar:

“Hazırda… faydalı qazıntıların qanunsuz istismarı, bundan əmələ gələn gələn ekoloji fəsadların araşdırılması və monitoriqi məqsədilə ekspertlərdən ibarət qrupun həmin ərazilərdə fəaliyyət göstərməsinin şərtləri sülhməramlı qüvvələrin komandanlığı ilə müzakirə olunur.”

Gorüs-Xankəndi yolu bağlanıb?

AzadlıqRadiosunun erməni xidməti isə Rusiya sülhməramlılarının nəzarət etdiyi bölgədəki separatçı quruma istinadla Gorus-Xankəndi yolunun Şuşa-Xankəndi arasındakı hissəsinin bağlandığını yazır.

Radionun yazdığına görə, ərazidə olan Şuşanik Hayryan adlı şəxs “Azatutyun”a bildirib ki, hazırda həmin ərazidə 100-ə yaxın maşın dayanıb.

"Azatutyun" yazdığına görə, davam edən 3 saatlıq danışıqlardan sonra yol açılıb.

Hələki bu məlumata Azərbaycan rəsmilərinin hər hansı münasibəti açıqlanmayıb.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Hərəkatın iki üzvünün saxlandığı deyilir

Polis

"Müsəlman Birliyi" Hərəkatının iki üzvünün saxlanıldığı bildirilir.

Hərəkatdan AzadlıqRadiosuna verilən məlumata görə, dekabrın 1-də təşkilatın üzvü Nicat Əliyevi günorta saatlarında mülki geyimli şəxslər saxlayaraq naməlum istiqamətə aparıblar.

Qurumdan əlavə edildiyinə görə, başqa bir üzvləri Samir Babayevi isə bu gün, dekabrın 2-də səhər saatlarında Maştağa qəsəbəsində yaşadığı evinin yanında mülki geyimli şəxslər saxlayıblar.

Bu deyilənlərə, hələlik, hüquq-mühafizə orqanlarından münasibət öyrənmək mümkün olmayıb.

Hərəkat üzvü narkotikdə günahlandırılır

"Müsəlman Birliyi" Hərəkatının üzvü Şahin Qədirovdan yeni xəbər var. Ailə üzvlərinin dediyinə görə, noyabrın 23-də evə qayıdarkən mülki geyimli şəxslərin saxladığı Qədirov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində tutulub.

Bildirilir ki, Ş.Qədirova qarşı Cinayət Məcəlləsinin 234.3.4-cü (narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama,… satma, külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb, Nərimanov rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

"Müsəlman Birliyi" Hərəkatından isə bildirilib ki, Ş.Qədirovun həbsi hərəkata qarşı təxribat və təzyiqdir.

Bu deyilənlərlə bağlı, hələlik, Daxili İşlər Nazirliyi və Nərimanov rayon Məhkəməsindən münasibət öyrənmək mümkün olmayıb. Amma rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri, bir qayda olaraq, əsassız sayırlar.

'Müsəlman Birliyi' Hərəkatı üzvünün saxlandığı deyilir

"Müsəlman Birliyi" Hərəkatının üzvü Şahin Qədirovun saxlanıldığı bildirilir.

Təşkilatdan verilən məlumata görə, onu mülki geyimli şəxslər noyabrın 23-ü axşam saatlarında fəhlə işlədiyi obyektdən çıxarıb zorla avtomobilə mindirərək naməlum istiqamətə aparıblar: "Ailəsi bu barədə Daxili İşlər Nazirliyinin 102 Xidmətinə məlumat versə də, hələlik, onun taleyi barədə məlumat ala bilmirlər".

Bu deyilənlərlə bağlı hüquq-mühafizə orqanlarından məlumat almaq mümkün olmayıb.

"Müsəlman Birliyi" Hərəkatının bəzi rəhbər şəxsləri hazırda uzunmüddətli həbsədirlər. Onlar 2015-ci ildə ikisi polis olmaqla altı nəfərin öldüyü Nardaran hadisələri zamanı həbs ediliblər. Həmin şəxslər qətl və başqa ağır cinayətlərdə ittiham edilirlər. Lakin heç kimi öldürmədiklərini və saxlandıqdan sonra ağır işgəncələrə məruz qaldıqlarını bildirirlər. Daxili İşlər Nazirliyi isə işgəncə şikayətlərini əsaslı saymayıb.

Neftçalada balıqçıların etiraz aksiyası keçirdiyi bildirilir

Azərbaycanda balıq bahalaşa bilər: Süni göllər qurudulur
Gözlə

No media source currently available

0:00 0:03:48 0:00

Dekabrın 1-də Neftçala rayonunda Kür çayının sahilindəki yaşayış məntəqələri sakinlərinin etiraz aksiyası keçirdikləri bildirilir.

Sakinlərin “Turan” agentliyinə bildirməsinə görə, onlar Xəzər dənizinin suyunun Kürə axmasının qarşısının alınması üçün həmin çayda bəndin tikintisinin əleyhinədirlər.

Sakinlər habelə iddia edirlər ki, bu bənd dəniz balıqlarının Kürdə kürü tökməsinə mane olacaq və bu da balıqçılığa ziyan vuracaq.

İrandan Ermənistana qaçan qadınlar danışdı
Gözlə

No media source currently available

0:00 0:03:18 0:00

Yerli əhalinin vurğulamasına görə, Mayak kəndində keçirilən aksiyanı polis müşahidə edib, vətəndaşlara hər hansı zorakılıq tətbiq edilməyib.

Sakinlərin sözlərinə görə, hadisə yerinə gələn rayon icra başçısının müavini Burcəli Ağayev vətəndaşlara onlara yazılı müraciət olunmasını təklif edib və qanunvericiliklə müəyyən edilmiş qaydada məktuba cavab veriləcəyini vəd edib.

Demokratiyaya Yardım Assosiasiyasının sədri Emil Məmmədov (Salyan) da mövzu ilə bağlı bildirib ki, hazırda Kürdə aparılan işlər Neftçala və Salyan əhalisinin yoxsullaşmasına gətirib çıxaracaq.

Onun sözlərinə görə, bəzi insanlar üçün balıq tutmaq və satmaq yeganə gəlir mənbəyi olaraq qalır.

Fermer təsərrüfatları ard-arda bağlanır...
Gözlə

No media source currently available

0:00 0:07:34 0:00

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən isə “Turan” agentliyə bildiriblər ki, onların Kürdə, Mayak kəndi ərazisindəki işlərə aidiyyatı yoxdur və Neftçala Rayon İcra Hakimiyyətinə müraciət etmək məsləhətdir.

Amma şikayətlərlə bağlı ayrıca Neftçala Rayon İcra hakimiyyəti ilə, hələlik, danışmaq mümkün olmayıb.

23 Azərbaycan vətəndaşı Almaniyadan qaytarılıb

Readmissiya ilə Azərbaycana dönənləri nə gözləyir?
Gözlə

No media source currently available

0:00 0:05:25 0:00

23 Azərbaycan vətəndaşı Almaniyadan geri qaytarılıb.

Bu barədə dekabrın 1-də Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsi məlumat yayıb.

Xidmətin saytında yayılan məlumatda bu, "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" Sazişlə izah edilib.

"Dövlət Miqrasiya Xidməti tərəfindən əlaqələndirilən Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan vətəndaşlarının yerli cəmiyyətə reinteqrasiyası və üzləşə biləcəkləri çətinliklərin həlli istiqamətində tədbirlər həyata keçirir", - açıqlamada bildirilir.

Readmissiya dedikdə saziş üzrə razılığa gələn dövlətlərdən birinin ərazisinə qeyri-qanuni daxil olan şəxslərin (mənşə dövlətin öz vətəndaşları, üçüncü ölkə vətəndaşları və ya vətəndaşlığı olmayan şəxslər) geri qaytarılması nəzərdə tutulur.

Avropa İttifaqı ilə readmissiya ilə bağlı saziş imzalanan 2014-cü ildən bu ilin əvvəlinə kimi ümumilikdə 2013 nəfər Azərbaycana qaytarılıb.

Xatırlatma

Son bir ildə Almaniyadan readmissiya edilən şəxslərdən altı nəfərin həbs olunduğu açıqlanmışdı. Onlardan biri müxalifətdə olan AXCP üzvü Ziya İbrahimli noyabrın 24-də azadlığa buraxılıb. Z.İbrahimli bu il mayın 19-da həbs edilmişdi. Onun əvvəlcə inzibati, daha sonra isə Cinayət Məcəlləsinin 306.1-ci (Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini,…qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə) maddəsi ilə ittiham olunduğu bildirilirdi. Cinayət işi onun keçmiş həyat yoldaşının pul tələbi ilə bağlı olub. Tələb yerinə yetirildiyindən onun azadlığa buraxıldığı açıqlanıb.

Qalan beş nəfərdən dördü narkotik, biri də bədənə xəsarət yetirmə ittihamı ilə həbsdədir. Həmin şəxslərin yaxınları ittihamları qəbul etmir və bunu siyasi sayırlar. Amma Azərbaycan rəsmiləri ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri qəbul etmirlər.

Pentaqonda Azərbaycan-ABŞ hərbi əməkdaşlığı müzakirə olunub

Kristofer Qreydi və Kərim Vəliyevin görüşü

Müdafiə nazirinin birinci müavini – Azərbaycan ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev ABŞ Birləşmiş Qərargahlar Rəisləri Komitəsi rəisinin birinci müavini admiral Kristofer Qreydi (Christopher Grady) ilə görüşüb.

Bu barədə noyabrın 29-da Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, görüşdə Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlığın perspektivləri və regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Kərim Vəliyev ABŞ-da səfərdədir.

Baş Qərargah rəisi ABŞ-da

Müdafiə nazirinin birinci müavini – Azərbaycan ordusunun Baş Qərargah rəisi Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarında səfərdədir.

Bu barədə noyabrın 28-də Azərbaycan Müdafiə Nazirliyi məlumat verib.

Məlumata görə, səfər zamanı nümayəndə heyətinin ABŞ-ın hərbi rəhbərliyi və "Ştatla Tərəfdaşlıq Proqramı" çərçivəsində Oklahoma ştatında görüşlərin keçirilməsi planlaşdırılır.

Səfər çərçivəsində habelə Azərbaycan ordusu ilə Oklahoma Milli Qvardiyası arasında əməkdaşlığın 20 illiyi münasibətilə bir sıra tədbirlər təşkil olunmalıdır.

2010-cu ildə Azərbaycan Müdafiə Nazirliyi ilə ABŞ Avropa Komandanlığı arasında hərbi əməkdaşlıq üzrə İş Planı imzalanıb. Orda yer alan məsələlərdən biri də ştatla Tərəfdaşlıq Proqramıdır. Bu proqram qarşılıqlı fəaliyyətdə tərəflərə təcrübə mübadiləsi imkanı yaradır.

Naxçıvan Dövlət Gömrük Komitəsi ləğv edildi

Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi

Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi ləğv edilib. Əvəzində Naxçıvan Baş Gömrük İdarəsi yaradılıb.

Prezident İlham Əliyev bununla bağlı noyabrın 28-də fərman imzalayıb.

Naxçıvan Baş Gömrük İdarəsi Azərbaycan Dövlət Gömrük Komitəsinin strukturuna daxil edilib.

Şahbuz Rayon Maliyyə Şöbəsi və Statistika İdarəsi üçün yeni bina istifadəyə verilib. 18 oktyabr 2022
Şahbuz Rayon Maliyyə Şöbəsi və Statistika İdarəsi üçün yeni bina istifadəyə verilib. 18 oktyabr 2022

Naxçıvanda nazir həbs edilib

Səbail Rayon Məhkəməsinin qərarı ilə Naxçıvan Muxtar Respublikası (MR) Maliyyə naziri Rəfael Əliyev barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçildiyi bildirilir.

"Turan"ın məlumatına görə, həbs-qətimkan tədbiri istintaq orqanı - Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) vəsatəti əsasında seçilib.

Amma bu məlumatı, hələlik, məhkəmə və başqa rəsmi qurumlardan nə təsdiq, nə də təkzib ediblər.

Yerli saytların məlumatına görə, Naxçıvan MR maliyyə naziri vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla xüsusilə külli miqdarda dövlət vəsaitini mənimsəməkdə ittiham olunur.

Amma məlumata, orda əks edilən ittihama, hələlik, E.Əliyev və onun yaxınlarından da münasibət almaq mümkün olmayıb.

R.Əliyev son günlər Naxçıvan MR-də həbs xəbəri yayılan ilk vəzifəli şəxs deyil. Ötən həftənin sonu, noyabrın 25-də Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Mənsur Əsgərovun da həbs xəbəri yayılmışdı. Onun barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbirinin seçildiyi bildirilirdi.

M.Əsgərovun bir qrup şəxs halında xüsusilə külli miqdarda vəsaitlərin mənimsənilməsində ittiham olunduğu bildirilir.

Amma bu məlumatlara, hələlik, rəsmi qurumlar və M.Əsgərovun yaxınlarından münasibət almaq mümkün olmayıb.

Heydər Əliyev təqaüdü, medalı və qızıl sikkələri olacaq

Prezident İ.Əliyev Yalamada Heydər Əliyev Parkında

Prezident İlham Əliyev bu gün, noyabrın 28-də 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı Tədbirlər Planını təsdiq edib. Plana əsasən, Azərbaycanda "Heydər Əliyev – 100" yubiley medalı təsis ediləcək.

Habelə, Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qızıl sikkələr hazırlanacaq.

Bundan başqa, gələn il ali təhsildə yüksək akademik göstəriciləri olan tələbələr üçün "Heydər Əliyev təqaüdü" də təsis edilməlidir.

Sentyabrın 29-da İ.Əliyev 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı sərəncam imzalamışdı.

Hazırkı prezidentin atası H.Əliyevin gələn il doğumunun 100 ili tamam olacaq.

2003-cü ildə vəfat edən H.Əliyev 1993-cü ildən ölümünə qədər Azərbaycan prezidenti olub.

H.Əliyev SSRİ dönəmində də Azərbaycan SSR Kommunist Partiyasının birinci katibi kimi də bu respublikaya rəhbərlik edib.

Bakıda qadın zorakılığına qarşı veloyürüş olub

Bakıda veloyürüş, arxiv foto

Noyabrın 27-də Azərbaycan Velosiped Federasiyasının (AVF) təşkilatçılığı ilə “Qadınlara və qızlara qarşı zorakılığa son!” şüarı ilə veloyürüş keçirilir.

Azərtac-ın məlumatına görə, Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş tədbirə velosiped üzrə Azərbaycan milli komandasının xanım üzvləri, həmçinin həvəskar xanım velosipedçilər qatılıblar.

BMT Baş Assambleyasının 1999-cu il 17 dekabr tarixli qərarına əsasən, noyabrın 25-i bütün dünyada Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü elan edilib.

Son illər Azərbaycanda bəzi hüquq müdafiəçiləri ölkənin "Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında" İstanbul Konvensiyasına qoşulamasını təklif edir.

Amma rəsmilər, hələ ki, bu təklifə müsbət reaksiya verməyiblər. 2011-ci ildə Avropa Şurası Nazirlər Kabinetinin İstanbulda keçirilən toplantısında həmin konvensiya qəbul edilib və ölkələrin qoşulması üçün açıq elan olunub.

Rəsmi statistik rəqəmlərə görə, 2021-ci ildə Azərbaycanda məişət zorakılığı ilə bağlı cinayət hadisələrinin sayı 2020-ci illə müqayisədə 19 faiz artaraq 1500-ə yüksəlib. Məişət zorakılığına məruz qalmış şəxslərin 80 faizə yaxınını qadınlar təşkil edib.

Rəsmi açıqlamalara görə, 2020-ci ildə Azərbaycanda ailə münqaişələri nəticəsində 59 nəfər qəsdən adam öldürmənin qurbanı olub. Ölənlərdən 43-ü qadın (2 hamilə), 1-i uşaq olub. Ailə münaqişəsi nəticəsində qurbanlardan 1 qadının özünü öldürmə həddinə çatdırıldığı vurğulanır. 793 qadın və 5 uşağın isə qəsdən sağlamlığa yüngül zərər vurma cinayətilə üzləşdiyi bildirilir.

Putin Əliyevə zəng edib, bu, noyabrda sayca üçüncü zəngdir

Əliyev və Putin, 16 sentyabr 2022

Noyabrın 26-da Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Bu barəfə prezidentin mətbuta xidmətinə istinadla rəsmi xəbər agentliyi "Azərtac" məlumat yayıb.

"Telefon söhbəti zamanı Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmaların kompleks şəkildə həyata keçirilməsi üzrə qarşıdakı addımlar müzakirə edilib, regionda nəqliyyat və iqtisadi əlaqələrin açılmasının praktiki məsələləri vurğulanıb" - məlumatda qeyd olunur.

Bu noyabr ayında Əliyevlə Putin arasında sayca 3-cü telefon danışığıdır. Hər üç telefon danışığı Putinin təşəbbüsü ilə olub.

Dörd gün əvvəl, noyabrın 22-də reallaşan telefon danışığında tərəflər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2022-ci il oktyabrın 31-də Soçidə əldə etdikləri razılaşmaların, habelə üç ölkənin ən yüksək səviyyədə əvvəlki birgə bəyanatlarının praktiki icrası məsələlərinə toxunublər.

Rusiya prezidenti mətbuat xidmətinin həmin vaxt yaydığı məlumatda vurğulanır ki, "Azərbaycan-Ermənistan sərhədində təhlükəsizliyin təmin edilməsi və Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpası istiqamətində işlərin üçtərəfli formatda davam etdirilməsinin vacibliyi vurğulanıb. Enerji sahəsində əməkdaşlığın gələcək inkişaf perspektivləri də müzakirə olunub".

Noyabrın 17-də Rusiya tərəfinin yaydığı məlumata görə, baş tutan telefon danışığı zaman prezidentlər iki ölkə arasında ticarət-iqtisadi və enerji sahələrində Rusiya-Azərbaycan əməkdaşlığı ilə bağlı məsələləri müzakirə ediblər.

Ümumilikdə 2022-ci ilin 11 ayında Əliyevlə Putin arasında 11 dəfə telefon danışığı olub.

Prezident İsraildə səfirliyin fəaliyyətinin təmini ilə bağlı sərəncam verib

İlham Əliyev, arxiv foto

Noyabrın 26-da Prezident İlham Əliyev Azərbaycanın İsraildə (Təl-Əviv şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb.

Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Sərəncamda səfirliyinin fəaliyyətinin təmin olunması ilə bağlı Nazirlər Kabinetinə və Xarici İşlər Nazirliyinə maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərinin həlli, strukturu və ştat cədvəlini təsdiq olunması ilə bağlı göstərişlər verilir.

Azərbaycanın İsraildə səfirlik təsis etməsi ilə bağlı məsələ Milli Məclisin noyabrın 18-də qəbul edilib.

İsraillə Azərbaycan arasında diplomatik münasibətlər 1992-ci ilin aprelindən başlayıb. 1993-cü ilin avqustunda Azərbaycanda İsrailin səfirliyi açılıb. Buna baxmayaraq, İsraildə Azərbaycanın səfirliyi indiyə qədər olmayıb.

Prezident eyni gündə Fələstində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin fəaliyyətinin təmin edilməsi haqqında da sərəncam imzalayıb.

Xatırlatma

Onilliklərdir İsrail və Fələstin arasında zaman-zaman insan itkiləri ilə nəticələnən münaqişələr baş verir.

Azərbaycan rəsmiləri bildirirlər ki, Fələstin münaqişəsinin Fələstin Dövlətinin paytaxtı Şərqi Qüds olmaqla "iki dövlət" prinsipinə əsasən həllini dəstəkləyirlər.

2017-ci ildə İslam Əməkdaşlıq Təşkilatı Şərqi Qüdsü Fələstinin paytaxtı elan edib.

Amma ABŞ-ın keçmiş prezidenti Donald Tramp hakimiyyəti dönəmində Yerusəlimi - Qüdsü İsrailin paytaxtı kimi tanıdığını bəyan edib. ABŞ-dan sonra bəzi ölkələr də oxşar qərar verib.

Komissiya bildirir ki, narkotiklərin 95 faizindən çoxu İran ərazisindən gəlib

İranla sərhəddə tutulmuş narkotik maddələr (Arxiv fotosu)

Bildirilir ki, ümumilikdə 9564 cinayət faktı aşkarlanıb, qanunsuz dövriyyədən 5 ton 62 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə müsadirə edilib

“Xarici ölkə mənşəli narkotik vasitələrin təxminən 95 faizindən çoxu İran ərazisindən qaçaqmalçılıq və digər qanunsuz yollarla Azərbaycana gətirilib”

Bu fikir, bugün, noyabrın 25-də Azərbaycan baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun iştirakı ilə Nazirlər Kabinetində keçirilmiş görüşdə səslənib.

Bu barədə Komissiyanın saytı məlumat yayıb.

Məlumata görə, görüşdə Dövlət Komissiyasının sədri Əli Əhmədov çıxış edib.

Çıxışda bu ilin on ayı ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizədə hüquq-mühafizə orqanlarının gördüyü işlərdən bəhs edilib.

İranda etiraz və toqquşmalar davam edir, yeni itkilər var
Gözlə

No media source currently available

0:00 0:02:30 0:00

Vurğulanıb ki, həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 9564 cinayət faktı aşkarlanıb, qanunsuz dövriyyədən 5 ton 62 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə müsadirə edilib:

“Qeyd olunan xarici ölkə mənşəli narkotik vasitələrin təxminən 95 faizindən çoxu İran İslam Respublikasının ərazisindən qaçaqmalçılıq və digər qanunsuz yollarla Azərbaycana gətirilib. Bəlli olduğu kimi bu, ilk növbədə Şərqdən Qərbə tranzit baxımından respublikanın əlverişli coğrafi mövqedə yerləşməsi ilə şərtlənir.”

Hələlik, bu fikirlərə İranın hüquq-mühafizə orqanları və bu ölkənin Azərbaycandakı Səfirliyinin münasibəti bəlli deyil.

Aktauda Yol Xəritəsi qəbul edilib

Aktauda xarici işlər və nəqliyyat nazirlərinin görüşü

Noyabrın 25-də Qazaxıstanın Aktau şəhərində bu ölkə, Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin görüşü Yol Xəritəsinin qəbulu ilə başa çatıb.

Qazaxıstan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, tərəflər beynəlxalq nəqliyyat marşrutlarının sürətləndirilmiş inkişafı və Xəzər-Qara dənizi regionunda əməkdaşlığın möhkəmləndirilməsi üzrə tədbirləri müzakirə ediblər.

Tədbirin yekunlarına görə tərəflər 2022-2027-ci illər üçün "Orta dəhliz"in inkişafı üzrə Yol Xəritəsini imzalayıblar.

Məlumata görə, razılaşmaların icrası 2025-ci ilə qədər Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun buraxılış qabiliyyətini ildə hazırkı 1.5 mln. tondan 10 mln. tonadək artırmağa imkan verməlidir.

2017-ci ildə işə düşən "Orta dəhliz"in önəmi 2022-ci ildə Ukraynada hərbi əməliyyatların (Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya təcavüz edib) başlaması ilə artıb.

Əvvəl Rusiya ilə işləyən Avropa şirkətləri üçün yükdaşımalarının davamı məqsədilə bu ölkə ərazisindən yan keçən marşrutların tapılması zərurəti yaranıb.

Naxçıvan gömrüyündən həbs xəbəri var

Dövlət Gömrük Komitəsi

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Mənsur Əsgərov həbs edilib. Onun barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Məhkəmədən bu barədə məlumatları "Turan"a təsdiqləyiblər.

Yerli saytlarda yer alan məlumatlara görə, o, bir qrup şəxs halında xüsusilə külli miqdarda vəsaitlərin mənimsəməsində ittiham olunur.

Məhkəməyə həbslə bağlı vəsatəti istintaq orqanı - Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) verdiyi deyilir.

Amma bu məlumatlara, hələlik, DTX və Mənsur Əsgərovun yaxınlarından münasibət almaq mümkün olmayıb.

Prezident özünə yeni köməkçi təyin edib

Azərbaycan prezidentinin iqamətgahı

​​​​​​​Andrey Vladimiroviç Sipilin Azərbaycan prezidentinin köməkçisi –  Prezident Administrasiyasının Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri təyin edilib

Andrey Vladimiroviç Sipilin Azərbaycan prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri təyin edilib.

Bununla bağlı prezident İlham Əliyev bugün, noyabrın 24-də sərəncam imzalayıb.

Andrey Vladimiroviç Sipilin buna qədər Azərbaycanda Birinci vitse-prezidentin köməkçisi vəzifəsini tutub.

O, 2001-ci ildə Konstitusiya Məhkəməsində İnformasiya Texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışıb.

2004—2006-cı illərdə "McDermott Caspian Contractors Inc" şirkətində müxtəlif vəzifələrdə işləyib.

Daha sonra "PAŞA İnşaat" MMC-də İnsan Resursları və İdarəetmə departamentinin direktoru vəzifəsində fəaliyyət göstərib.

Prezident Administrasiyasinda bu şöbə yeni yaradılıb.

Almaniyadan qaytarılandan sonra həbs edilmişdi, azadlığa çıxıb

Ziya İbrahimli

Bu ilin yazında Almaniyadan readmissiya ilə Azərbaycana qaytarılandan sonra həbs edilən Ziya İbrahimli bu gün, noyabrın 24-də azadlığa buraxılıb.

Bu barədə vəkil Elçin Sadiqov məlumat verib. Onun sözlərinə görə, Z.İbrahimli Biləsuvar Rayon Məhkəməsinin qərarı ilə azad edilib: "İcra sənədlərində olan tələblər icra edilib deyə, məhkəmə Ziya bəyin azadlığa çıxması ilə bağlı qərar qəbul edib".

Z.İbrahimli özü də Azadlıq Radiosuna bu məlumatı təsdiqləyib. O bildirib ki, saxlanma müddətində hər hansı təzyiqə məruz qalmayıb, səhhətində heç bir problem yoxdur.

Z.İbrahimli müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Biləsuvar rayonundakı funksionerlərindən biri olub. O, 2018-ci il prezident seçkisindən sonra ölkədən çıxıb və Almaniyaya mühacirət edib.

Z.İbrahimli 2022-ci ilin mayın 19-da Azərbaycana qaytarıldıqdan sonra həbs edilib. Onun əvvəlcə inzibati, daha sonra isə Cinayət Məcəlləsinin 306.1-ci (Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə) maddəsi ilə ittiham olunduğu bildirilir. Cinayət işi onun keçmiş həyat yoldaşının pul tələbi ilə bağlı olub.

Z.İbrahimli daxil, son bir ildə Almaniyadan readmissiya edilən şəxslərdən altı nəfərin həbs olunduğu açıqlanmışdı. Onların dördü narkotik, biri də bədənə xəsarət yetirmə ittihamı ilə həbsdədir. Həmin şəxslərin yaxınları ittihamları qəbul etmir və bunu siyasi sayırlar. Amma Azərbaycan rəsmiləri ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri qəbul etmirlər.

Readmissiya dedikdə, saziş üzrə razılığa gələn dövlətlərdən birinin ərazisinə qeyri-qanuni daxil olan şəxslərin (mənşə dövlətin öz vətəndaşları, üçüncü ölkə vətəndaşları və ya vətəndaşlığı olmayan şəxslər) geri qaytarılması nəzərdə tutulur.

Serbiyaya mühacirət edənlər də qaytarıla bilər

Belqradda Azərbaycan-Serbiya sənədləri imzalanıb

Noyabrın 23-də Belqradda Azərbaycan Prezidenti İlham Əliyevlə Serbiya Prezidenti Aleksandar Vuçiç arasında görüş olub. Geniş tərkibdə görüşü başa çatdıqdan sonra iki ölkə arasında sənədlərin imzalanması mərasimi olub.

AZƏRTAC-ın məlumatına görə, əvvəlcə prezidentlər "Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandum" və daha bir neçə sənəd imzalayıblar.

Bundan başqa, iki ölkə arasında readmissiya haqqında saziş də qəbul edilib. Sənədi Azərbaycan Daxili İşlər naziri Vilayət Eyvazov və Serbiya Daxili İşlər naziri Bratislav Qaşiç imzalayiblar.

Readmissiya ilə Azərbaycana dönənləri nə gözləyir?
Gözlə

No media source currently available

0:00 0:05:25 0:00

Readmissiya dedikdə, saziş üzrə razılığa gələn dövlətlərdən birinin ərazisinə qeyri-qanuni daxil olan şəxslərin (mənşə dövlətin öz vətəndaşları, üçüncü ölkə vətəndaşları və ya vətəndaşlığı olmayan şəxslər) geri qaytarılması nəzərdə tutulur.

Bundan əvvəl Azərbaycanla Avropa İttifaqı arasında da belə bir saziş qəbul edilib.

İlham Əliyev Serbiyaya gedib

Noyabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyev Serbiyaya rəsmi səfər edib.

Bu səfər çərçivəsində onun Serbiya Prezidenti Aleksandar Vuçiç və başqa şəxslərlə görüşləri nəzərdə tutulur.

Bu görüşlərdə ikitərəfli və regional əməkdaşlıq məsələlərindən bəhs ediləcəyi gözlənir.

İsrail prezidenti İlham Əliyevə zəng edib

İshaq Hersoq

Açıqlamaya görə, İlham Əliyev qeyd edib ki, İsraildə Azərbaycan səfirliyinin açılması barədə qərar iki ölkə arasında dostluq əlaqələrini daha da gücləndirir

Bugün, noyabrın 22-də İsrail Dövlətinin prezidenti İshaq Hersoq Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Həmin məlumata görə, İshaq Hersoq İsraildə Azərbaycan səfirliyinin açılması barədə qərara toxunub.

O, qeyd edib ki, bu, onlar üçün mühüm dost ölkə və strateji tərəfdaş olan Azərbaycanla çox gözəl münasibətlərdə irəliyə doğru böyük bir addımdır.

Açıqlamaya görə, İlham Əliyev isə qeyd edib ki, İsraildə Azərbaycan səfirliyinin açılması barədə qərar iki ölkə arasında dostluq əlaqələrini daha da gücləndirir:

“Telefon söhbəti zamanı İsrail-Azərbaycan əlaqələrinin müxtəlif aspektləri müzakirə edilib, gələcək təmaslar barədə fikir mübadiləsi aparılıb.”

Milli Məclisin noyabrın 18-də keçirilən iclasında "Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.

İsraillə Azərbaycan arasında diplomatik münasibətlər 1992-ci ilin aprelindən başlayıb. 1993-cü ilin avqustunda Azərbaycanda İsrailin səfirliyi açılıb. Buna baxmayaraq, İsraildə Azərbaycanın səfirliyi indiyə qədər olmayıb.

Azərbaycanda yerə siqaret kötüyü atan 10 mindən çox adam cərimələnib

Bu ilin əvvəlindən Azərbaycanda nəzərdə tutulmayan yerlərə siqaret kötüklərini atdığına görə, 10 mindən çox adam cərimələnib

Bu ilin əvvəlindən Azərbaycanda nəzərdə tutulmayan yerlərə siqaret kötüklərini atdığına görə, 10 mindən çox adam cərimələnib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti bildirib.

DİN-dən açıqlamaya görə, cərimələri Azərbaycanın şəhər, rayon polis orqanları İnzibati Xətalar Məcəlləsinin normalarına uyğun olaraq keçirilən tədbirlər çərçivəsində tətbiq edib.

Həmin normalara əsasən “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunla qadağan olunmuş yerlərdə tütün çəkməyə görə, məsuliyyət nəzərdə tutulur.

Kasıb, haqqı tapdanan YAP-çılar....
Gözlə

No media source currently available

0:00 0:05:05 0:00

DİN-dən vurğulanıb ki, tütün məmulatı tullantılarının ətraf mühitə atılmasına görə, 10 835 nəfər barəsində inzibati tənbeh tətbiq edilib.

Daha 500-dən çox halda yetkinlik yaşına çatmayanlara tütün məmulatları satılmasına görə, cərimə yazılıb.

DİN-dən əlavə edilib ki, sözügedən tədbirlər çərçivəsində tətbiq edilən cərimələrin ümumi məbləği 383,3 min manat olub.

2021-ci il ərzində isə qanunla qadağan edilmiş yerlərdə siqaret çəkdikləri və tütün məmulatları tullantılarını ətraf mühitə atdıqlarına görə 3422 nəfərin cərimələndiyi açıqlanmışdı.

Ramananın 'analoqu olmayan' yolları
Gözlə

No media source currently available

0:00 0:02:07 0:00

Ondan da əlavə tütün məmulatlarını yektinlik yaşına çatmayanlara satdıqlarına görə, 270 şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunduğu bildirilmişdi.

2018-ci ildən başlayaraq Azərbaycanda həm ictimai yerlərdə siqaret çəkməklə bağlı qaydalar sərtləşdirilib və həm də qadağan edilən yerlərdə ondan istifadəyə görə, cərimələr artırılıb.

Amma 2020-ci ilin əvvəlindən ölkədə koronavirus pandemiyası ilə bağlı sərt karantin qaydaları tədbiq edilib.

Karantin hazırda da davam etsə də bir xeyli yumşaldılıb.

Bakıda NATO günləri başlayıb

Baş Qərargah rəisi NATO-nun Müttəfiq Qüvvələrin Avropadakı Baş Qərargah rəisinin müavini ilə görüşüb

Noyabrın 21-də Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev NATO-nun Müttəfiq Qüvvələrin Avropadakı Baş Qərargah rəisinin müavini kontr-admiral Qunnşteyn Brusdal ilə görüşüb.

Azərbaycan Müdafiə Nazirliyinin (MN) məlumatına görə, görüşdə Azərbaycan-NATO əməkdaşlığının inkişaf perspektivləri, həmçinin mövcud və yarana biləcək təhdidlərə qarşı birgə fəaliyyət istiqamətləri müzakirə edilib.

Müdafiə Nazirliyi ilə NATO arasında 2022-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində Bakıda noyabrın 21-dən "NATO günləri"nə start verilib.

Noyabrın 25-dək keçiriləcək "NATO günləri" çərçivəsində müxtəlif mövzularda brifinqlər təqdim olunacaq.

Azərbaycan Şimali Atlantik Bloku (NATO) ilə ötən əsrin 90-ci illərindən əməkdaşlıq edir. Azərbaycan 1994-cü ildə NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramının Çərçivə Sənədini imzalayıb.

2005-ci ildən isə Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramını imzalayıb. Amma Azərbaycan rəsmiləri dəfələrlə bəyan ediblər ki, qarşıya NATO-ya üzvlük məsələsi qoyulmayıb.

Azərbaycanla İsrail hərbi-texniki əməkdaşlığı müzakirə ediblər

İsrailin Müdafiə naziri Benyamin Qantz, (solda)

Noyabrın 20-də İsrailin müdafiə naziri Benyamin Qantzla Azərbaycanın müdafiə naziri Zakir Həsənov arasında telefon danışığı olub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinə istinadla "Turan" İnformasiya Agentliyi məlumat yayıb.

Məlumata görə, israilli nazirin təşəbbüsü ilə baş tutan telefon danışığında tərəflər ikitərəfli hərbi-texniki əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıblar.

İsrailin müdafiə naziri Azərbaycanın Təl-Əvivdə səfirliyinin açılması qərarına görə minnətdarlığını bildirib-məlumatda deyilir.

Azərbaycanın İsraildə səfirliyi təsis edilir. Bununla bağlı məsələ Milli Məclisin noyabrın 18-də keçirilən iclasının gündəliyinə əlavə edilən "Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsində əksini tapıb.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.

İsraillə Azərbaycan arasında diplomatik münasibətlər 1992-ci ilin aprelindən başlayıb. 1993-cü ilin avqustunda Azərbaycanda İsrailin səfirliyi açılıb. Buna baxmayaraq, İsraildə Azərbaycanın səfirliyi indiyə qədər olmayıb.

Azərbaycanın Fələstin Dövlətində (Ramallah şəhərində) isə Təmsilçilik Ofisi təsis edilir.

Bu barədə məsələ də parlamentin noyabrın 18-də keçirilən iclasında qəbul edilib.

2011-ci ildə Bakıda Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin rəsmi açılışı olub. Lakin Fələstində Azərbaycanın səfirliyi yoxdur.

Davamı

XS
SM
MD
LG