Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:54

'Bu tələb müstəqil internet televiziyaları sıradan çıxarmağa yönəlib'


Parlamentdə 'Meydan' və 'Sancaq' tənqid edildi
Gözlə

No media source currently available

0:00 0:01:51 0:00

Parlamentdə 'Meydan' və 'Sancaq' tənqid edildi (2016)

İnternet televiziya kanallarının lisenziyalaşdırılması təklif olunur. Bu təklif Milli Məclisə təqdim olunacaq "Media haqqında" Qanun layihəsində öz əksini tapıb. Təklifin müəllifi Milli Televiziya və Radio Şurasıdır (MTRŞ).

"Media subyektləri üçün təsbit olunan ümumi tələblərdən başqa, internet televiziya kanalları üçün spesifik iki tələb müəyyən olunub. Birinci tələb odur ki, kanalın özünün saytı olmalı və həmin saytdan yayım aparmalıdır. İkinci tələb isə bu yayımın gün ərzində minimum müəyyən saat olmasıdır", - MTRŞ-dan bildirilib.

Qurumdan həmçinin deyilir ki, yeni qanun layihəsinə əsasən, sayt və informasiya agentliklərinin qeydiyyatını Medianın İnkişafı Agentliyi həyata keçirəcək.

Bəzi ekspertlərin fikrincə, bu təklif müstəqil olan internet mediaya nəzarət etmək məqsədi daşıyır.

Z.Oruc
Z.Oruc

"Bu, həm də təhlükəsizlik məsələsidir"

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc "Turan"a deyir ki, "Media haqqında" yeni qanun layihəsinin ətrafında təxminən bir ildir söhbət gedir: "Hamıya aydındır ki, indi media məkanından danışanda, sadəcə, çap mediasından və ağ-qara televiziyalardan söhbət getmir. Bu məkan öz sərhədlərinə görə çox genişlənib və hər bir adam smartfona malikdirsə, o, artıq informasiya daşıyıcısı və ötürücüsüdür".

Deputat hesab edir ki, bu, həm də təhlükəsizlik məsələsidir, ona görə də qanunvericilik sistemi yaratmaq üçün beynəlxalq təcrübəni öyrənməyə ehtiyac var: "Bir tərəfdən ifadə azadlığının qorunub saxlanmasına, media özgürlüyünün tanınmasına, plüralizmə və hər kəsin bu sahədə həm də biznes yaratması hüququnun tanınmasına, amma, eyni zamanda da, bunun hüquqi müstəvisinin yaradılmasına ciddi ehtiyac var".

Z.Orucun sözlərinə görə, bu gün yalnız çap media və televiziyaların fəaliyyəti hüquqi baxımdan tənzimlənir, amma ondan kənarda olanları tənzimləyəcək qanun yoxdur: ""Pandemiya" sözü ilə paralel "infodemiya" sözü də elə-belə meydana gəlməyib. Bir sıra hallarda internet televiziyaların Azərbaycan əleyhinə kütləvi informasiya terroru fəaliyyətindən bəhs edə bilərik".

Amma bununla belə, deputat indiki informasiya reallığında internet televiziyaları qadağan etməyin mümkün olmadığını vurğulayır: "Azərbaycan dövlətinin qanunvericilik baxımından heç bir yasaqlayıcı normaları, "yalnız hökumət televiziyaları, yaxud internet televiziyaları olsun" deyə bir yanaşması yoxdur. Əksinə, dövlətin siyasi xəttini müdafiə edən qurumların əksəriyyəti Facebook-da, Twitter-də hesablarını yaradırlar. Cənab prezidentin da 44 günlük Vətən müharibəsi dövründə yaydığı məlumatların böyük bir hissəsi Twitter üzərindən idi".

Ə.Orucov
Ə.Orucov

"Yalnız maraqlı olan qəzetlər qaldı. İnternet televiziya da belədir"

"Kanal 13" internet televiziyasının rəhbəri Əziz Orucov da AzadlıqRadiosuna açıqlamasında Azərbaycanda qanunvericiliyin bu sahəsində boşluqlar olduğunu söyləyir. Ancaq onun sözlərinə görə, siyasi hakimiyyət indi həmin boşluqlardan yararlanmaq niyyətindədir: "İnternet televiziyaların lisenziyalaşdırılması təklifi, həm saytın, həm də internet televiziyanın olması tələbi bu gün müstəqil internet televiziyaları sıradan çıxarmağa yönəlib. Müstəqil şəkildə fəaliyyət göstərən internet televiziyaların lisenziyasını almaq problem olacaq".

O belə bir müqayisə də aparır: "Vaxtilə qəzetlər Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata götürülürdü. Bu prosesdə çətinlik var idi, bürokratik əngəllər yaradılırdı. Sonra bu əngəlləri aradan qaldırdılar və oxucuya yalnız maraqlı olan qəzetlər qaldı. İnternet televiziya da belədir. Hansı internet televiziya reallıqları, doğru informasiyanı operativ qaydada çatdıra bilirsə, onlar fəaliyyət göstərməyə davam edir. Amma indi bunların fəaliyyətini məhdudlaşdırmaq istəyirlər".

"Mütərəqqi islahatlar vəd edən hökumət mürtəce mexanizmlər üzərində çalışır"

Media məsələləri üzrə ekspert Xalid Ağalıyev isə internet televiziyalar qarşısında lisenziya tələbini mütərəqqi islahatlar vəd edən hökumətin əvvəlkindən də mürtəce tənzimləmə mexanizmləri üzərində çalışması kimi dəyərləndirir: "Avropa İnsan Haqları Konvensiyasının ifadə azadlığı hüququnu təsbit edən 10-cu maddəsində belə bir cümlə var: "Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur". Görünür, "mütərəqqi" tənzimləmələr üzərində işləyən hüquqçular bu cümləni hərfi anlayıblar, "ifadə azadlığı vasitəsi olan bütün fəaliyyətləri lisenziya tələbinə tabe etdirə bilərik", - deyə düşünüblər, yanlış düşünüblər. Halbuki bu cümlə texniki imkanlarla bağlıdır, orda icazə verilən lisenziyalaşdırma tükənə bilən tele-, radio resurslarını nəzərdə tutur".

X.Ağalıyev
X.Ağalıyev

Hüquqşünasın fikrincə, yeni qanun layihəsinin MTRŞ tərəfindən açıqlanan bəlli bir hissəsi mürtəcedir, ifadə azadlığını buxovlayandır, nə konstitusion normalara, nə də Avropa Konvensiyasına uyğundur: "Medianı yaxşı tənzimləyəcək qanunun hazırlanıb qəbul edilməsi lazımdır. Bunun yolu odur ki, hökumət hazırladığı qanun layihəsinin mətnini ortaya qoysun. Qoy vətəndaş cəmiyyəti də alternativ layihə hazırlayıb açıqlasın. Sonra hər iki layihə, "İnformasiya əldə edilməsi haqqında" Qanunda olduğu kimi, Avropa Şurasının ekspertizasına təqdim edilsin. Hansı qanun bəyənilsə, o da qəbul edilsin".

Deputat Zahid Oruc da hesab edir ki, kütləvi informasiya vasitələrinin, internet televiziyaların iştirakı ilə bu məsələ ətrafında geniş ictimai müzakirələr lazım olacaq. O, layihənin ilk olaraq İnsan hüquqları komitəsində müzakirə olunacağını, orada bütün tərəflərin iştirak edəcəyini bildirir: "Bu məsələdə kompromis nöqtələr tapılmalıdır. Amma öncədən bir sıra dairələr qanun layihəsindəki müddəanı yasaqlayıcı normalar kimi tövsif etməyə başlasalar, bunun ətrafında bir intriqa yaratsalar, bu, işin faydasına işləməyəcək".

Amma təcrübə göstərir ki, bəzi hallarda tənqid olunan qanun layihələri ətrafında birgə müzakirələr aparılsa da, sonradan orda cüzi və əhəmiyyətsiz dəyişikliklər edilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG