Rusiyanın Çelyabinsk şəhərində polis və istintaq komitəsi şəhər mərkəzindən bir saatlıq məsafədə yerləşən uşaq evində şagirdlərin cinsi zorakılığa məruz qalması işini araşdırmaqdadır. Söhbət sağlamlıq imkanları məhdud yetim uşaqlar üçün internat məktəbindən gedir.
Uşaqlar məruz qaldıqları zorakılıq barədə onları övladlığa götürmüş yeni valideynlərinə danışıblar. Yalnız valideynlər bu barədə hüquq-mühafizə orqanlarına xəbər verdikdən sonra işin üstü açılıb. Törədilən zorakılıqda şübhəli bilinən 51 yaşlı Çelyabinsk sakini məktəbə pul ödəməklə «qonaq» kimi uşaqları ziyarət edə, onları müəssisədən kənara «istirahətə» apara bilirmiş. Polis həmçinin, həmin şəxsin bir neçə tanışını da axtarır. Onların şəxsiyyəti hələlik müəyyən olunmayıb. Uşaqlara zorakılıqda məktəbin bir neçə əməkdaşı da şübhəli bilinir.
AzadlıqRadiosunun rus xidməti bu işi araşdıran zaman yetkinlik yaşına çatmamış şəxslərə cinsi zorakılıqla bağlı başqa bir iş haqda da öyrənə bilib. Yerli məmurların da adı hallandığı bu iş hazırda qapalı rejimdə araşdırılır.
Detallar açıqlanmır
Zərər çəkmiş uşaqların valideynləri və hüquq müdafiəçiləri əmindirlər ki, uşaqlar internatın direktorunun, yaxud tərbiyəçilərin xəbəri olmadan zorakılığa məruz qala bilməzdilər. Direktor artıq işdən çıxarılıb, internatın bir neçə işçisi isə istintaq müddətində işdən kənarlaşdırılıb. Təsdiqlənməmiş məlumata görə, üç tərbiyəçinin evində axtarış aparılsa da, onlardan heç biri saxlanılmayıb.
Uşaqlara zorakılıq faktı üzrə artıq iki cinayət işi açılıb. Ancaq polis istintaqın, demək olar, bütün ayrıntılarını gizli saxlayır.
«14 yaşına çatmamış şəxslərə qarşı cinsi xarakterli zorakı hərəkətlər» maddəsi ilə açılmış birinci cinayət işi üzrə şübhəli bilinən 51 yaşlı Çelyabinsk sakininin adı rəsmən açıqlanmır. Ancaq zərərçəkmiş uşaqların valideynləri Radionun rus xidmətinə bildiriblər ki, söhbət Çelyabinskdə çox sayda daşınmaz əmlak sahibi, bu evləri kirayəyə verməklə pul qazanan Sergey Kokorin adlı şəxsdən gedir. «Səhlənkarlıq» maddəsi ilə açılmış ikinci cinayət işi üzrə saxlanılanlar haqda heç bir məlumat verilmir. Yalnız direktorun əmək müqaviləsinə xitam verildiyi və bir neçə əməkdaşın işdən kənarlaşdırıldığı bəllidir.
«Şübhəli şəxslərdən asılı olduqlarından...»
«Hüquq zonası» hüquq-müdafiə təşkilatının vəkili Andrey Lepyoxinin sözlərinə görə, 10-14 yaşlı uşaqlar ikinci cinayət işi üzrə zərərçəkən kimi tanınıb. O, İstintaq komitəsinə müraciət etmiş ailələrdən birinə hüquqi yardım göstərir. Daha bir uşaq məruz qaldığı cinsi zorakılıqdan danışıb. Ancaq hələlik polis ondan ifadə almayıb. Lepyoxinin sözlərinə görə, internat məktəbində zorakılıq qurbanlarının real sayı daha çox olub. Ümumilikdə, bu məktəbdə 60 uşaq tərbiyə alır.
«Bu, uşaqlar internat məktəbində olarkən baş verib. Sonra uşaqları yeni ailələrin himayəsinə veriblər. Bir müddət sonra valideynlər bunu öyrəniblər. Onlar direktorun yanına gəliblər. O isə onlara belə deyib: «Siz heç yerə müraciət etməyin, özümüz araşdıracağıq». Valideynlər bundan şübhələnib İstintaq komitəsinə müraciət ediblər. Bütün uşaqlar dindirilib. Bu, fevralın əvvəli baş verib... Uşaqların verdiyi ifadələr təsdiqlənərsə, ola bilsin, daha çox belə halın üstü açılacaq. Çünki bunu artıq yeni ailələrdə yaşayan uşaqlar danışıb. Bir çox uşaqsa hələ də internatdadır. Müstəntiq deyir ki, onlar heç nəyi təsdiqləmirlər. Ancaq ola bilsin, onlar şübhəli şəxslərdən asılı olduqlarından ifadə vermirlər. Başqa müəssisələrə köçürülmüş uşaqlar da var, onları müəyyənləşdirib ifadələrini almaq lazımdır», – o deyir.
Ekspertiza keçirilməyib
Qəyyumluğa götürülmüş uşaqlardan birinin anası danışır ki, müəllimələrdən biri birgə yaşadığı kişi ilə birlikdə elə məktəb binasında uşaqlarla eyş-işrət məclisləri təşkil edirmiş. Bütün uşaqlar, bir nəfər kimi, onları zorakılığa məruz qoymuş şəxslərin bədən hissələrini, cinsiyyət orqanlarını, xüsusi əlamətlərini eyni cür təsvir edirlər.
«Bilirsiniz, oğlum mənə... məcbur edildiyi hərəkətləri danışanda tüklərim biz-biz oldu. Belə şeyi uydurmaq mümkün deyil. O, həm müəllimənin, həm də onun kişisinin bədəninin bütün detallarını təsvir edib», – həmin ana deyir.
Ananın sözlərinə görə, söhbətdə psixoloq da iştirak edib. Psixoloq uşaqların bunları uydurmasının və öz aralarında sözləşməsinin mümkün olmadığını təsdiqləyib.
Ancaq Radioya bəlli olub ki, bu günə qədər oğlanların təsvir etdiyi anatomik xüsusiyyətlərlə bağlı hər hansı ekspertiza keçirilməyib.