Keçid linkləri

2025, 22 Yanvar, çərşənbə, Bakı vaxtı 16:45

Kanadalı ‘İnstaşairə’ onilliyin yazarı elan edilib


Rupi Kaur
Rupi Kaur

ABŞ-ın tanınmış “New Republic” jurnalına görə onilliyin yazarı hansısa Booker mükafatı laureatı, yaxud da son dərəcə uğurlu fentezi romanları silsiləsinin müəllifi deyil. Onilliyin şairəsinin heç 30 yaşı da tamam olmayıb.

Kanadanın CTV News telekanalı bildirir ki, “New Republic” Kanadanın Ontario əyalətində, Brampton şəhərində yaşayan 27 yaşlı İnstaqram şairəsi Rupi Kauru “onilliyin yazarı” elan edib.

Jurnalın bu məqaləsi Kaurun ən sərt tənqidçilərini daha da qəzəbləndirib. Onlar şairənin ünvanına yeni hücum dalğasına başlayıblar. Ancaq digər tərəfdən, Kaurun sadiq fanatları onu müdafiə etməyə çalışırlar. Onların arasında Kanadanın sosialist yönlü Yeni Demokratik Partiyasının (NDP) sədri Jagmeet Singh də var.

3,5 milyon nüsxə kitabı satılıb

Kitablarının satış sayına gəlincə, Kaur dünyanın hazırda həyatda olan ən uğurlu şairlərindən biridir. Onun iki şeir toplusunun 3,5 milyon nüsxəsi satılıb. Kitablar “süd və bal” və “günəş və onun gülləri” adlanır. Hər iki kitab bir ildən çox “The New York Times”ın bestseller siyahısında yer alıb.

Ancaq tənqidçilər Kaurun uğurunun ədəbi istedadla bağlı olmadığını deyirlər. Onlar hesab edirlər ki, şairin bu uğuru əslində onun İnstaqramda populyarlığı ilə bağlıdır. Burada onun 3,8 milyondan artıq izləyicisi var.

Kaurun şeirləri ağlı-qaralı skeçlər fonunda yazılmış qısa sətirlərdən ibarətdir. Həm fanatlar, həm də tənqidçilər bu növ poeziyanı “instapoeziya” adlandırırlar.

Əlbəttə ki, Kaur çox sayda izləyicisi olan ilk, yaxud yeganə “instaşair” deyil. Ancaq onların arasında ən uğurlusudur. Onun “süd və bal” adlı debüt şeirlər toplusu Kanada şeir kitablarının satışının nə az, nə çox, 79% artmasına səbəb olub. Üstəlik, elə işıq üzü gördüyü ildəcə.

Bu, çox sayda gənc fanatı cəlb edib. Ancaq həm də bəzi ədəbi tənqidçilər Kaurun yaradıcılığını sərt tənqid atəşinə tutublar. Onlar Kauru “adamın ağlına duşda gələn, ortabab dərəcədə maraqlı, orjinallıqdan kasad düşüncələr” yazmaqda ittiham ediblər. Şairənin dramatik effekt yaratmaq üçün həddindən çox boşluqlar qoyması da tənqidçiləri qıcıqlandırıb. Hətta Twitter-də Kaurun fraqmentlərə bölünmüş tərzini yamsılamaq ayrıca memə çevrilib.

“...onun bizə öyrətdiyi kimi oxuyacağıq”

“New Republic”in yazarı Rumaan Alam bu tənqidlərə məhəl qoymayıb.

“Məsələ onun yaradıcılığının ənənəvi tənqidi incələmə hədəfi olmasında deyil. Məsələ ondadır ki, elə oxucular var ki, Kauru hər zaman ilk sevdikləri şair hesab edəcəklər. Hətta o yaşı geridə qoysalar da… “süd və bal” kitabındakı sətirlər 2035-ci ildə qırx neçə yaşına çatanların ümumi mətni olacaq”, – Alam yazır.

“Bundan on, yaxud iyirmi il keçəndən sonra bizim hələ də Rupi Kauru oxuyub-oxumayacağımızı bilmirəm. Ancaq şübhələnirəm ki, onun bizə öyrətdiyi kimi oxuyacağıq”, – deyə o əlavə edir.

Alam-ın bu məqaləsi gənc şairəni hədəfləyən yeni tənqid dalğasına səbəb olub.

“əgər rupi kaur onilliyin şairidirsə, onda mənim 13 yaşımda doldurduğum qeydlər üçün mobil əlavəm də onilliyin şairidir”, – bir istifadəçi Twitter-də yazıb.

Başqa bir istifadəçi onu “poeziyanın yalnız təxəyyüldə olan əjdahası” adlandırıb. Digərləri fürsətdən istifadə edib özlərinin sevdikləri şairlərin adlarını sadalayıblar.

2019-cu il seçkilərində Kaurun açıq dəstəklədiyi NDP sədri Jagmeet Singh ötən həftə bu hücumlara cavab verib. O, Twitter-də yazıb ki, Kaurun sözləri “adamın düz ürəyindən vurur” və “nifrət nə qədər çox olsa belə @rupikaur mükəmməlliyinin işığına kölgə sala bilməz”.

Çoxsaylı mükafatların laureatı olan şair, Kanadanın yerli Driftpayl Kri xalqının nümayəndəsi Billy-Ray Belcourt-sa Twitter-də belə yazıb: “bəlkə də rupi kaur diskursu bir çoxumuzun onillik şairlərinin olmasına işıq salır …və göstərir ki, 2010-cu illər həm institusional, həm də qeyri-institusional poeziya aləminin canlanmasına şahid olub!”

XS
SM
MD
LG