Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:55

‘Təhlükəsizlik Şurası olsaydı, yenə bir az təhlükəli olardı’


BMT İnsan Haqları Şurasının Cenevrədəki binasında
BMT İnsan Haqları Şurasının Cenevrədəki binasında

“Gerçəkliyi əks etdirən sənəddir. Ancaq onu BMT-nin Təhlükəsizlik Şurası qəbul etsəydi, bəli, bir az təhlükəli olardı. BMT-də tədbir görmək səlahiyyəti olan yeganə qurum Təhlükəsizlik Şurasıdır”, – siyasi şərhçi Zərdüşt Əlizadə BMT-nin İnsan Haqları Şurasının Azərbaycana dair Universal Periodik İcmal qəbul etməsindən danışarkən deyir.

Düzdür, o, Təhlükəsizlik Şurasının da Azərbaycanla bağlı ciddi addım atacağına şübhə edir. Səbəbini də qurumda Azərbaycanın “dostları” olan Rusiya, Çin kimi ölkələrin olmasıyla izah edir: “Onlar Azərbaycana qarşı nəsə tətbiq edilməsinə imkan verməzdilər”.

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

Hökumət BMT İnsan Haqları Şurasının bir sıra sahələr üzrə çoxsaylı tövsiyələrini qəbul etsə də, bir sıra tövsiyələri əlavə araşdırmaya yönəldib. Xüsusən də siyasi motivli təqiblərin dayandırılması ilə bağlı tövsiyəni. Bu addım bəzi beynəlxalq qurumlar tərəfindən tənqidlə qarşılanıb və dərhal Azərbaycan hökumətinə siyasi motivli həbslərin dayandırılması tələbilə növbəti dəfə çağırışlar edilib.

“Azərbaycan hakimiyyətinin ölkənin adına kölgə salan sənədlərin qəbulu heç vecinə də deyil. Onu nə insan haqları maraqlandırır, nə ölkənin gələcəyi. Onları ancaq neftin qiyməti maraqlandırır”, – Zərdüşt Əlizadə tövsiyələrin araşdırmaya yönədlilməsindən danışarkən deyir.

“Daha ağır nəticələr”

Hüquq müdafiəçisi Oqtay Gülalıyevə görə, hökumətə tövsiyələr verilməsi və ya onların qəbul edilməməsi yenilik deyil. O, Azərbaycan hakimiyyətinin bir sıra istiqamətlərdə üzərinə götürdüyü öhdəlikləri indiyədək yerinə yetirmədiyini bildirir:

“Eyni zamanda, nüfuzlu beynəlxalq qurumların Azərbaycanda insan haqlarının durumu, siyasi motivli təqiblər, həbslərlə bağlı qəbul etdiyi qətnamələr var və hakimiyyət onların icrasından boyun qaçırır. Bundan başqa Avropa İnsan Haqları Məhkəməsinin də Azərbaycanla bağlı qəbul edilmiş, amma yerinə yetirilməmiş qərarları var. Təbii ki, bunu Bakının beynəlxalq ictimaiyyətə meydan oxuması kimi dəyərləndirməzdim. Onun elə bir gücü yoxdur, sadəcə, növbəti saymazlıqdır, məsuliyyətdən qaçmaqdır. Düşünürəm ki, bu, çıxış yolu deyil”.

Hüquq müdafiəçisi bu cür davranışın Azərbaycana “daha ağır nəticələr” – beynəlxalq sanksiyalar vəd etdiyini güman edir: “Hakimiyyət bundan çəkinməlidir”.

BMT- nin verdiyi tövsiyələrin rədd edilməsi ilə bağlı deputat Asim Mollazadə deyir ki, istənilən məsələ ətrafında danışmaq, müzakirə aparmaq lazımdır: “Çıxış yolu bu cür birgə müzakirələrdə tapıla bilər”.

BMT-dəki müzakirələrdə çıxış edən xarici işlər nazirinin birinci müavini Xələf Xələfov Azərbaycanda beynəlxalq təşkilatların tövsiyələrinin icrası üzrə Məşvərət Şurasının yaradılmasına hazırlıq haqda danışıb.

Məşvərət Şurası yaradılarsa?

Oqtay Gülalıyev bu qurumun effektiv olacağını indidən şübhə altına alır:

“Yadınızdadırsa, Avropa Şurasının rəhbəri Thorborn Yaglandın təşəbbüsü ilə Azərbaycanda siyasi məhbus probleminin həlli məqsədilə İşçi Qrup yaradıldı. Hökumət qurumda Prezident Aparatının şöbə müdirləri səviyyəsində təmsil olunurdu. Ancaq İşçi Qrup Azərbaycanda nəinki siyasi məhbus problemin həll etdi, əksinə daha da dərinləşdirdi”.

Asim Mollazadə
Asim Mollazadə

Deputat Asim Mollazdə isə belə müzakirələri müsbət qiymətləndirir. O da Oqtay Gülalıyev kimi siyası məhbuslarla bağlı yaradılan İşçi Qrupun yaradılmasını yada salır, amma ondan fərqli olaraq düşünür ki, həmin qurum səmərəli işləyib: “Ümidvaram ki, belə bir Məşvərət Şurası yaradılsa, ciddi fikir mübadiləsi aparılar və bu, ancaq ölkənin inkişafına xidmət edər”.

Siyasi şərhçi Zərdüşt Əlizadə belə bir qurumun yaradılmasını sovet vərdişi kimi dəyərləndirir: “Hansısa məsələni süründürmək istəyirsənsə, bir komissiya yaradırsan. Məsələn, BMT qərar çıxarır, Azərbaycan da deyir ki, biz bundan imtina etmirik, sadəcə, komissiya yaradacağıq. Komissiyaya hörmətli adamlar salınacaq və adi bir problem 2-3 il, bəlkə 5 il orda öyrəniləcək, vəssalam”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG