Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:15

Mehman Əliyev: ‘Trollar şəbəkəsi qurublar’


Mehman Əliyev
Mehman Əliyev

“Azadlıq və demokratiyaya çağırış edən insanlar dövlətə təhlükə kimi təqdim olunur”.

“Turan” agentliyinin xəbərinə görə, bu sözləri iyunun 18-də “İnsan Hüquqları Günü” münasibəti ilə hüquq müdafiə fəallarının keçirdiyi toplantıda Helsinki Vətəndaş Cəmiyyətinin həmsədri Arzu Abdullayeva bildirib.

Hüquq müdafiəçisi tənqidə görə insanların həbs edildiyini, fəal gənclərin davamlı təqib olunduğunu vurğulayıb:

“Bütün bunlar demokratik azadlıqlar uğrunda mübarizə aparan insanları narahat etməyə bilməz. Qadın hüquqları hər an pozulur”.

Tədbirə qatılan başqa hüquq müdafiəçiləri də deyiblər ki, xarici donorlar ölkəni tərk ediblər. Qeyd edilib ki, həmin xarici donorları əsasız yerə dövlət çevrilişinə səy göstərməkdə və inqilabı təbliğ etməkdə günahlandırblar.

Media, ifadə azadlığı məsələləri də toplantıda diqqət mərkəzində olub.

“Turan” agentliyinin direktoru Mehman Əliyev ölkədə ənənəvi medianın sıradan çıxarıldığını ifadə edib:

“Bundan sonra sosial şəbəkələrdə informasiya təşəbbüsləri genişlənib. Bunun qarşılığında hökumətin nəzarətində olan media sosial şəbəkələrdəki informasiya təşəbbüsləri ilə bacara bilmir. Buna qarşı trollar şəbəkəsi qurublar. Onlara isə heç kim inanmır. Sosial şəbəkələrdə təhqir, böhtan, şəxsiyyətin ləyaqətinin tapdanması geniş vüsət alıb… ”

Toplantıda hökumət təmsilçiləri iştirak etməyiblər.

Xatırlatma

Rəsmilər bir qayda olaraq belə fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, Azərbaycanda əsas hüquq və azadlıqlar təmin edilib.

Rəsmilər üstəlik, gənc fəalların təqib olunması, müstəqil mediaya, tənqidçilərə basqılarla əlaqədar fikirlərin də yanlış olduğunu deyirlər.

Hakimiyyət müdafiəçilərinin fikrincə, Azərbaycandan gedən bəzi xarici donorlar pozuculuq fəaliyyəti ilə məşğul olublar. Onların fikrincə, bu Azərbaycan hakimiyyətinin müstəqil siyasət aparmasına qısqanclıqdan irəli gəlib.

Rəsmilər “trollar şəbəkəsi” yaratmaları haqqında iddiaları da əsasız sayırlar.

Azərbaycanda hər il iyunun 18-i “İnsan Hüquqları Günü” kimi qeyd olunur. Bununla bağlı ölkə başçısı 2007-ci ilin iyunun 18-də sərəncam imzalayıb.

Keçmiş prezident Heydər Əliyev 1998-ci il iyunun 18-də İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramını təsdiq etmişdi.

İyunun 18-nin “İnsan Hüquqları Günü” kimi qeyd olunması da bu vaxtdan başlanır.

XS
SM
MD
LG