Keçid linkləri

2024, 17 İyun, Bazar ertəsi, Bakı vaxtı 00:01

İnflyasiya kitabları belə dəyişir


ƏDV götürüldü, amma kitabların qiyməti düşmədi
Gözlə

No media source currently available

0:00 0:04:30 0:00

ƏDV götürüldü, amma kitabların qiyməti düşmədi

Bəzi qənaətcil naşirlər hərflərin arasındakı ağ məsafələri də daraltmağa başlayıblar

İkinci Dünya müharibəsi Britaniyada naşirlər üçün çətin dövr olub. Kağız idxal olunmadığından onlar yalnız satılacağını dəqiq bildikləri şeyləri çap edirdilər. Yeni romanlar rədd edilirdi. Uinston Çörçilin bir tarix kitabınınsa nəşri dayandırılmışdı.

Ancaq müharibə bəzi kitabların yaxşı satılmasına mane ola bilmədi. Məsələn, o zamanadək az oxunan Adolf Hitler adlı müəllifin kitabları əla satılırdı. Çox uzun (500 səhifə) olmasına və fəsillərinin qəribə başlıqlarına rəğmən “Mein Kampf” (“Mənim mübarizəm”) dərhal hitə çevrilmişdi. 1939-cu ildə Britaniyanın bestseller siyahısının lideri ölkə kitabxanalarından ən çox götürülən kitab idi.

Kağız 70 faiz bahalanıb

"The Economist" yazır ki, naşirlər hətta qıtlıq dövründə belə çap etmək istədikləri əsərlər üçün kağız tapa bilirlər. Hazırda kitab sənayesi yenidən qıtlıq dövrünü keçirir və bu dəfə də səbəb müharibədir. Bu məsələdə pandemiyanın da rolu var. Son 12 ayda Britaniyada kitab naşirlərinin istifadə etdiyi kağızın qiyməti 70% artıb. Kağız fabrikləri elektrik qiymətlərinin yüksək olduğu günlərdə işləməməyə başlayıb. Kitabın cildi üçün istifadə edilən kartonsa bəzən ümumiyyətlə əlçatmaz olur.

İndi bəzi kitablar daha ucuz və yüngül kağızda çap edilir. Səhifələrə diqqətlə baxanda hərflərin bir-birinə daha yaxın yerləşdiyini görmək olur. Bəzi qənaətcil naşirlər hərflərin arasındakı ağ məsafələri də daraltmağa başlayıblar. Səhifələrin kənarlarındakı boşluqlar da getdikcə daralır.

“Dama-dama göl olur”

İrlandiyada fəaliyyət göstərən “O’Briean Press” nəşr evinin rəhbəri Ivan O’Brien deyir ki, bu cür dəyişikliklər naşirlərə ziyan vura bilər. Çünki kitab sadəcə səhifə üzərindəki sözlər demək deyil. Onun sözlərinə görə, kitab insanın “hər bir duyğu hissinə” xitab etməlidir. Əldə tutarkən insana zövq verən, nə çox ağır, nə də çox yüngül, səhifələri hamar, hərfləri qapqara olan kitab naşirlərin qoruyub saxlamağa çalışdığı etalondur.

Ancaq “Swift Press” nəşr evinin həmtəsisçisi Diana Brokkardo deyir ki, qənaət olunan bəzi məbləğlər kiçik görünsə belə, il ərzində “dama-dama göl olur”. Prustun “İtirilmiş zamanın axtarışında” seriyasının 7 cildində bəyaz məsafələri daraltmaqla çoxlu kağıza qənaət etmək olar.

Bəzi naşirlər qısa kitablara üstünlük verməyə başlayıblar. O’Brien deyir ki, daha öncə müəllif 70 min sözlük kitab yazacağını deyib 80 min söz təqdim etsəydi, bu, narahatlıq doğurmurdu. Onun sözlərinə görə, indi vəziyyət bundan fərqlidir.

İşgəncə azalır?

Bu heç də həmişə pis deyil. Nəşriyyat sənayesinin qəlbində ucadan deyilməyən bir həqiqət var: əksər insanlar yaza bilmir və əksər kitablar çox pisdir. Hər hansı bir kitabı oxuyub bitirməyə çətinlik çəkən oxucular çox zaman elə bilirlər problem onlardadır. Ancaq onlardan qat-qat çox kitab oxumalı olan rəyçilər bilirlər ki, bu belə deyil. Bir zamanlar rəyçi kimi də çalışmış Corc Oruell hesab edirdi ki, hər on kitabdan birindən daha azı haqqında rəy yazılmasına layiqdir. O deyirdi ki, əksər kitablara veriləsi reaksiya budur: “Ay allah, bu nə işgəncədir!”

Kağız qıtlığı bu işgəncənin ixtisarına kömək edir. Kembric Universitetindən tədqiqatçı Leo Mellor deyir ki, müharibə vaxtı bu ixtisar ingilis ədəbiyyatında kiçik inqilaba yol açıb. Maraqsız dikenssayağı dialoqlar yoxa çıxıb, yığcam modernizm meydana gəlib. Mellorun sözlərinə görə, qəfildən lakonik yazmağa görə əlavə ödəniş edilməyə başlayıb.

Yeri gəlmişkən, “Mein Kampf” da daha qısa ola bilərdi. Benito Mussolini onu “heç vaxt oxuya bilmədiyim o darıxdırıcı kitab” adlandırmışdı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG