Keçid linkləri

2024, 10 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 11:45

Azərbaycanda inflyasiyanı azaltmaq üçün nə çatmır...


"Ətin qiyməti bir azdan 20-25 manat olacaq"
Gözlə

No media source currently available

0:00 0:01:36 0:00

"Ətin qiyməti bir azdan 20-25 manat olacaq"

Prezident İlham Əliyev deyir ki, ilin sonuna qədər inflyasiyanın birrəqəmli səviyyəyə düşə biləcəyinə ümid edir. İyulun 11-də ilk yarımilin sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə prezident hazırdakı inflyasiya səviyyəsini "düşündürücü" adlandırıb, bunun obyektiv və subyektiv səbəblərinin olduğunu qeyd edib.

2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda inflyasiya göstəricisi ötən ilin eyni dövrü ilə müqayisədə 12.7 faiz artıb. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 15.1, qeyri-ərzaq məhsulları üzrə 11.4 faiz artım olub.

Hesablama Palatasının ilkin proqnozlarında 2023-cü ildə orta illik inflyasiyanın 6.9 faiz olacağı nəzərdə tutulub. Amma sonradan bu göstəriciyə düzəlişlər olunaraq 10.4 faiz səviyyəsində dəqiqləşdirilib.

Mərkəzi Bankın proqnozlarında ilin sonuna inflyasiya 8.3 faiz olaraq götürülüb.

M.Əfəndiyev
M.Əfəndiyev

Deputat fiskal siyasətdə uğurlardan danışır

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məzahir Əfəndiyev "Turan"a bildirib ki, Azərbaycana bir çox zəruri mallar xaricdən idxal olunur. Xaricdə də qiymətlər artıb deyə, o, ölkədə inflyasiyanın olmasını təbii sayır. Lakin deputat inflyasiyanın önlənməsi üçün tədbirlər görüldüyünü bildirir: "Bir tərəfdən, iqtisadiyyatın şəffaflaşması yönündə tədbirlər nəticəsində fiskal siyasətdə artıq uğurlar var, dövlət büdcəsinin formalaşmasında vergilərin həcmi 15-16 milyarda çatıb. Digər tərəfdən, dövlət büdcəsinə yönəlmiş gömrük vergilərinin həcmi də əhəmiyyətli dərəcədə artıb və 5 milyarda çatıb. Bu tədbirlər müəyyən mənada inflyasiyanın da qarşısını alır".

Komitə üzvünün fikrincə, qeyri-neft sektorunun inkişafını davam etdirmək, iş yerlərinin açılmasını sürətləndirmək, Dövlət Neft Fondundan büdcəyə transfertlərini azaltmaq lazımdır. Əfəndiyevin sözlərinə görə, bütün bunlar inflyasiyanın qarşısını almağa imkan verəcək. O, hökumətin inflyasiyanı azaltmaq üçün payız aylarında növbəti addımlar atacağını vurğulayır.

İnflyasiyanı necə sabitləşdirmək olar

İqtisadçı Qubad İbadoğlu isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda inflyasiyanın qarşısını almaq və onu birrəqəmli səviyyəyə endirmək çox asandır, bunun üçün siyasi iradə lazımdır.

Q.İbadoğlu
Q.İbadoğlu

Ekspertin sözlərinə görə, hakim ailə öz alt qurumları vasitəsilə həm qiymətlərə, həm bazar iqtisadiyyatına nəzarət edir: "Digər tərəfdən, inflyasiyanın aşağı salınmasının yolu da bazar iqtisadiyyatına keçidi sürətləndirmək, bazar institutları yaratmaqdır. Ölkədə normal sistem olarsa, hakimiyyət xalq qarşısında hesabatlı olarsa, onda hakimiyyət istehlakçılardan asılı vəziyyətə düşəcək və çalışacaq onların maraqlarını təmin etsin, inflyasiyanı aşağı salsın. Bu baş verməyincə, Azərbaycanda inflyasiya ikirəqəmli olacaq".

İqtisadçı iddia edir ki, ilin sonuna rəqəmləri saxtalaşdırıb birrəqəmli inflyasiyanı elan edəcəklər, ölkədə gerçək inflyasiya isə ikirəqəmli olaraq qalmaqdadır.

Rəsmi bilgilərə görə, 2023-cü ilin ilk beş ayında ÜDM cəmi 0.7 faiz artıb. Ötən ilin eyni dövründə bu göstərici 7.2 faiz idi. Bu il ölkə iqtisadiyyatının böyüməsi ötən illə yanaşı, hökumətin proqnozlarından da aşağıdır. İlin əvvəlində hökumət 2023-cü ildə ölkə iqtisadiyyatı üçün 2.7 faizlik artım proqnozlaşdırmışdı.

XS
SM
MD
LG