Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:27

İndi Dünya Səhiyyə Təşkilatı da ‘maska taxın’ deyir


Dünya Səhiyyə Təşkilatı (DST) iyunun 6-da öz təlimatına dəyişiklik edib və hökumətləri vətəndaşların ictimai yerlərdə maska taxmasına çağırıb.

DST bildirir ki, onun təlimata düzəliş etməsi son həftələrdə aparılmış elmi araşdırmaların nəticələrinə əsaslanır.

Amma təşkilatın baş katibi Tedros Adhanom Ghebreyesus jurnalistlər üçün keçirdiyi brifinqdə əlavə edib ki, maska koronavirus yoluxmasından qorunmaq üçün vasitələrdən yalnız biridir və bunun tam qorunma olduğu barədə yanlış əminlik yaranmamalıdır.

DST-nin aparıcı texniki eksperti Maria Van Kerkhove Reuters agentliyinə müsahibəsində deyib:

“Biz hökumətlərə ictimaiyyətin maska taxmağa həvəsləndirilməsini tövsiyə etmişik. Amma biz spesifik olaraq qeyri-tibbi, adi parça maskaları nəzərdə tuturuq. İndi bizdə yeni araşdırmaların nəticələri var. Bu nəticələrə görə maskalardan lazımi qaydada istifadə olunarsa, onlar potensial baxımdan infeksiyalı damcıların qarşısına sipər çəkə bilər”.

Bəzi ölkələrdə və ABŞ ştatlarında hakimiyyət orqanları ictimaiyyətə maskalardan istifadəni tövsiyə edib. Bir sıra başqa ölkələrdə isə maskalar hətta icbari qaydada tətbiq olunmağa başlayıb.

Bundan əvvəl DST demişdi ki…

Bundan əvvəl DST bildirmişdi ki, sağlam adamların maska taxmasının xeyri və ya ziyanını təsdiq edəcək tutarlı elmi dəlillər mövcud deyil.

Təşkilat daim tövsiyə edirdi ki, yalnız infeksiyaya yoluxmuş insanlar tibb maskaları taxmalıdırlar.

Britaniya bildirib ki, iyunun 15-dən başlayaraq İngiltərədə - avtobuslarda, qatarlarda, təyyarə və bərələrdə maska taxılması icbari olacaq.

Azərbaycanda da bugünlərdə maska taxılması icbari edilib və maska taxmayanlar üçün cərimələr müəyyənləşdirilib.

Van Kerkhove deyib ki, DST-nin koronaviruslu xəstələrin müalicəsi ilə məşğul olan həkimlərin tibbi maska taxmalı olduqlarına dair tövsiyəsi qüvvədə qalır.

İndi bu tövsiyə bir qədər də genişləndirilib.

DST bildirir ki, yalnız həkimlər yox, klinikalarda, qocalar evlərində və başqa müəssisələrdə koronaviruslu xəstələrlə potensial təması olan hamı maska taxmalıdır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG