Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 23:05

Gələcəyin Allahları


Tarix boyu insanların dini inancları dəyişib, müxtəlif dinlər bir-birini əvəz edib. Məsələn, müasir Azərbaycanın da aid olduğu regionda insanlar zərdüştilik və xristianlığa sitayiş edib; 1400 il əvvəlsə bu ərazilərdə İslam yayılmağa başlayıb.

Dinlər yaranır, böyüyür və ölür. Maraqlıdır ki, kimsə yeni bir din yaradanda biz onu ciddi qəbul etmir, kult hesab edirik. Bir dini qəbul edəndə isə onun doktrinasını, prinsip və ənənələrini əbədi və müqəddəs sayırıq. Halbuki, qədim Misir, yunan və Roma tanrılarının panteonları artıq çoxdan müqəddəs yox, əfsanə sayılır.

Dinlər necə inkişaf etdi

Dövrümüzün əsas dinləri də tarix boyu müəyyən inkişaf yolu keçib. BBC yazır ki, Xristian kilsəsinin müqəddəs yazılar ətrafında birləşməsi üç əsr çəkib. Daha sonra, 1054-cü ildə isə kilsə Şərqi ortodoks və katolik kilsələrinə bölünüb. Bundan sonra xristianlığın bu iki məktəbi bir-birindən fərqli istiqamətlərdə inkişaf etməyə və içəridən bölünməyə başlayıb.

Öz dini inancını mütləq həqiqət sayan adamlar onun nə zamansa dəyişəcəyinə inanmırlar. Ancaq tarix göstərir ki, dinlər dəyişir və hətta yoxa çıxır.

Əgər dinlər keçmişdə bu qədər dəyişibsə, görəsən gələcəkdə onları nə gözləyir? Görəsən, sivilizasiya və texnologiyaların get-gedə mürəkkəbləşməsi tamamilə yeni inanc formalarına yol açacaqmı?

“Tanrı mövcud olmasaydı, onu icad etmək lazım gələrdi”, – XVIII əsrdə yaşamış fransız maarifçisi Voltaire yazır. Voltaire mütəşəkkil dinin qəti əleyhdarı olsa da, iddia edirdi ki, Allaha inam cəmiyyətin fəaliyyəti üçün zəruridir. Ancaq təbii ki, o, kilsənin bu inanc üzərindəki monopoliyasını qəbul etmirdi.

Dinin faydaları

Dinin “kütlələr üçün tiryək” olduğunu iddia edənlər də var, cəmiyyət və hüquq üçün zəruri olan abstrakt intellektualizmi dəstəklədiyini düşünənlər də.

BBC-nin məqaləsində iddia olunur ki, din həyatda qalıb inkişaf etmək üçün öz davamçılarına müəyyən faydalar verməlidir.

Məsələn, Xristianlıq Roma imperiyası dövründə meydana gəlmiş çoxsaylı dinlərdən yalnız biri idi. Ancaq ilahiyyatçı alim Connor Woods yazır ki, xristianlar mərhəmət, xəstələrin qayğısına qalmaq kimi prinsiplərə görə epidemiyalar zamanı sağ qala biliblər. İslam da VII əsrdə qarışıqlıq içində olan Ərəbistanda meydana gəlsə də, tərəfdarlarını şərəf, təvazökarlıq və xeyriyyəçilik kimi prinsiplərlə özünə cəlb edə bilib.

Psixoloq Ara Norenzayan hesab edir ki, ibrahimi dinlərdəki “Böyük Allah” çox sayda bir-birinə yad insandan ibarət qrupların cəmiyyətə çevrilməsinə yol açıb. Bu anlayış insanların birlikdə, dinc şəraitdə yaşamasına imkan verib. Böyük Allah səni görürsə, öz davranışına nəzarət etməlisən.

Bugünkü Qərb cəmiyyətləri böyük və multikulturaldır. Fərqli dinlərə sitayiş edən insanlar birlikdə yaşayır. Ancaq onların hamısı Allahın yox, hökumətlərin qoyduğu qanunlarla yaşayır. Dünyəvilik günü-gündən güclənir.

Kasıbın və varlının Allahı

Lankaster Universitetinin din sosiologiyası professoru Linda Woodhead 2005-ci ildə yazdığı “Ruhani inqilab” (The Spiritual Revolution) kitabında mütəşəkkil dinin tənəzzülə uğradığını, insanların dinə kilsədən kənar, müstəqil sitayiş etməyə meylləndiyini yazır.

Məqalədə daha sonra deyilir ki, daha yoxsul cəmiyyətlərdə insanlar pul və sabit iş yeri üçün dua edirlər. Məsələn, ABŞ-ın iqtisadi cəhətdən daha zəif icmalarında bu qəbildən olan dualara daha çox rast gəlinir. Ancaq əsas ehtiyaclar ödənilibsə, insanlar həyatlarına məna qatmaq haqda düşünürlər. “Ənənəvi dinlər bunu verə bilmir, xüsusilə də onların doktrinası dünyəvi cəmiyyətdən doğan əxlaqi dəyərlərlə toqquşursa”, – məqalədə deyilir və qeyd olunur ki, belə dəyərlərə misal olaraq gender bərabərliyini göstərmək olar.

Hazırda bəzi yerlərdə qədim bütpərəst dinlərin bərpasına cəhd müşahidə olunur. İslandiyada Asatru dini inancı get-gedə populyarlaşmaqdadır.

Bu inanc qədim şimal ənənələrinə əsaslanır. Avropanın digər yerlərində də belə hərəkatlar mövcuddur. Onlardan biri də Britaniyadakı druid inancıdır.

Bu dinlərin heç də hamısı azad, liberal deyil. Keçmiş SSRİ-nin slavyan ölkələrində qədim slavyan ənənə və inanclarına əsaslanan rodnover dini mühafizəkar və patriarxal bütpərəst dindir.

Bundan başqa, dünyada apateistlər (dinlə ümumiyyətlə maraqlanmayan insanlar) və “qeyri-mütəşəkkil dinə” sitayiş edənlər də az deyil. Mütəxəssislər XXI əsrin qalan hissəsi ərzində bu qruplar arasında yeni, kiçik dinlərin meydana çıxacağını istisna etmirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG