Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:22

İmişlidə 'ağ qızıl'ın qara tozu...


Muğan küçəsində ağac
Muğan küçəsində ağac

İmişli şəhərinin bir qrup sakini ekoloji vəziyyətdən şikayət edir. Onların deməsinə görə, yaşayış evlərinin yaxınlığında yerləşən pambıq emalı müəssisəsi hər gün havaya xeyli miqdarda istehsalat tullantıları buraxır.

«Biz təmiz havaya möhtacıq»

Muğan küçəsindəki 17 saylı evdə yaşayan Məsləhət Məmmədov bildirir ki, bu problem son iki ildə yaranıb:

«İmişlidə ötən əsrin 80-ci illərdən üzü bəri pambıq zavodu fəaliyyət göstərib. Özü də əvvəllər indikindən üç dəfə artıq güclə işləyib. Amma onda belə toz yox idi. Mən o müəssisədə işləmişəm. Orada bir gündə üç-dörd lafet zibil toplanılır və kənara çıxarılırdı. İndi hər gün zibil havaya buraxılır. O da evlərin üstünə, həyətlərə, ağacların başına çökür, udduğumuz hava ilə ciyərimizə daxil olur».

Rəsminə Məmmədova
Rəsminə Məmmədova

Həmin küçədə yaşayan Rəsminə Məmmədova da eyni məsələdən şikayətlənir:

«Biz, sözün həqiqi mənasında, «ağ yuyub qara səririk». Həyətdən paltar asmaq olmur, quruyanadək toza bulanır. Yayın isti günlərində qapı və pəncərələri açıq saxlaya bilmirik. Uşaqlarımız xəstə düşüb. Biz təmiz havaya möhtacıq».

Sakinlər bildirir ki, dəfələrlə zavod rəhbərliyi ilə danışıq aparıblar. Ekologiya idarəsinə şikayət edənlər də olub. Amma bu təşəbbüslərinin heç bir fayda vermədiyini söyləyirlər.

Anar Süleymanov
Anar Süleymanov

Ekologiya idarəsi də məktub yazır...

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı şöbəsinin ətraf mühitə nəzarət sektorunun müdiri Anar Süleymanov deyib ki, sakinlərin şikayəti əsasında həm Beyləqan, həm də İmişli rayonundakı pambıqtəmizləmə zavodlarından ətraf mühitə olan təsirlər araşdırılıb:

«Araşdırmanın nəticəsi olaraq, biz bu zavodların tabe olduqları şirkətə rəsmi qaydada məktub yazmışıq. İcrası məcburi olan göstərişlərimizə hələ də əməl edilməyib. Biz onlara yenidən müraciət edəcəyik».

İbrahim Məmmədov
İbrahim Məmmədov

Müəssisə rəhbərliyi: «Tozun miqdarı kəskin surətdə azalacaq»

«MKT İK» Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) İmişli filialının baş mühəndisi İbrahim Məmmədov isə deyib ki, tozun ətrafa yayılmasının qarşısını almaqdan ötrü tədbirlər görürlər:

«Bu problem yalnız İmişlidəki zavodla bağlı deyil, ölkədə pambıq emal edən müəssisələrin hamısında vəziyyət belədir. Ətraf mühitə zərərli təsirləri azaltmaq üçün biz əlavə boru da quraşdırmışıq. Şirkətimiz bu ilin yayında Türkiyədən yeni tozuducu aqreqatlar və avadanlıqlar gətirəcək. İlin sonunda, ya gələn il onlar quraşdırılacaq. Bundan sonra tozun miqdarı kəskin surətdə azalacaq».

Filialdan onu da bildirdilər ki, yeni avadanlıqlar gələnədək istehsal prosesi dayanmayacaq:

«Pambığı bu şəkildə saxlasaq, onun keyfiyyəti kəskin aşağı düşə, məhsul xarab ola bilər».

Azərbaycan hökuməti son illər pambıqçılığı qeyri-neft sektorunun prioritet sahəsi elan edib. 2017-ci ildə ölkədə xam pambığın istehsalı 2015-ci illə müqayisədə 6 dəfə artıb. Ötən il ölkədə 200 min tondan çox «ağ qızıl» tədarük edildiyi açıqlanıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG