Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:09

Karantin rejimində şikayətə gedənlər (VIDEO)


İmişli Məşğulluq İdarəsində
İmişli Məşğulluq İdarəsində

Aprelin 6-da onlarca İmişli sakini yerli Məşğulluq Mərkəzinin inzibati binasına üz tutub. Onlar Nazirlər Kabinetinin Prezidentin martın 19-da imzaladığı sərəncamın icrası ilə bağlı aprelin 4-də təsdiqlədiyi Tədbirlər Planında kimlər üçün yardımın nəzərdə tutulduğunu öyrənmək istəyiblər. Bu barədə AzadlıqRadiosuna narazı sakinlər özləri məlumat veriblər.

Prezident martın 19-da koronavirusla bağlı dünya enerji, səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzalayıb. O, sərəncamın icrası ilə bağlı 1 milyard manat pul ayırıb.

İmişli və Sumqayıtda etiraz: Qeydiyyatsız işçilərin tələbləri var
Gözlə

No media source currently available

0:00 0:02:19 0:00

“Bu virusdan da təhlükəlidir”

İmişli şəhər sakini Cəvahir Ağayeva deyib ki, indi çox adamın taleyi bu yardımdan asılıdır:

“Mən qızımın yanında qalıram. Onun da iki körpə uşağı var. Həyat yoldaşı orada-burada günəmuzdçuluq edirdi. İndi iş də dayanıb, heç kəsi evdən çıxmağa qoymurlar. İnanın, körpə uşaqlara verməyə qida, onu almağa isə pul yoxdur. Getmişdik Məşğulluq İdarəsindən öyrənməyə ki, görək bizə yardım ediləcək, yoxsa yox? Orada, bizim kimi, çox adam vardı...”

Cəvəhir Aağayeva vurğulayıb ki, Məşğulluq Mərkəzinə gedənlərin çoxu “Özünəməşğulluq” proqramına yazılanlardır:

“İmişlidə nə qədər işsiz, kasıb adam var, hamı adını bu proqrama yazdırıb. Amma ildə cəmi yüz ailəyə mal-qara (əvəzsiz verilir) verilir. Bilmirik nə vaxt növbə bizə çatacaq. Heç olmasa bu yardım edilsin. Bizim kimi heç bir gəliri olmayan ailələrə yardım edilməsə, camaat batacaq. Bu, virusdan da təhlükəlidir.”

Məşğulluq rəsmisi: “Biz yardımı bölüşdürmürük”

AzadlıqRadiosunun sorğusunu cavablandıran İmişli rayon Məşğulluq Mərkəzinin baş mütəxəssisi Elxan Qarayev isə bildirilib ki, vətəndaşların idarəyə belə müraciəti düzgün deyil:

“Karantin qaydalarına uyğun olaraq müraciətlər telefon zəngi, yaxud internet və ya poçtla edilməlidir. Bizə göstəriş verilib ki, vətəndaşlarla təmas qurmayaq. Onsuz da bir çox müraciətlər elektron qaydada həyata keçirilir. O ki, qaldı yardım məsələsinə, biz bu işə nə qarışırıq, nə də yardımı bölüşdürürük. Əlimizdə olan məlumatları yuxarı orqanlara təqdim etmişik. Yardım kimlər üçün nəzərdə tutulub, kimlərə ediləcək, nə formada veriləcək- bunları bilmirik.”

Saxlananların olduğu deyilir

Müraciət edənlərin bəzilərini polisin saxlayıb, sonra da sərbəst buraxdığı deyilir. İmişli şəhər sakini Rahib Nuriyev də Azadlıq Radiosuna onun da saxlandığını söyləyib. O əlavə edib ki, onun polis şöbəsinə aparılmağı karantin qaydalarını pozması ilə əlaqələndirilib:

“Orada şifahi xəbərdarlıq edildi ki, bir də evdən icazəsiz çıxmayım, əks halda, cərimə olunacam.”

Amma bu məlumatı İmişli rayon Polis Şöbəsindən dəqiqləşdirmək, hələlik, mümkün olmayıb.

Razi Nurullayev
Razi Nurullayev

Deputat: “Təklif olunan yardım paketi yarımçıqdır”

Milli Məclisin həmin bölgədən olan deputatı Razi Nurullayev isə hökumətin təklif etdiyi sosial yardım paketini “yarımçıq” adlandırır:

“Mən bu məsələni parlamentdə qaldırmışam. İndi o dediklərimə bəzi əlavələr etmək istəyirəm. Ölkə üzrə 5 milyon 190 min iqtisadi fəal əhali var. Muzdlu işçilərin sayı isə 1 milyon 645 min nəfərdir. Hazırda təklif olunan yardım paketindən işsiz, yaxud qeyri-rəsmi məşğulluğu olan 3 milyon yarımdan çox adam kənarda qalır. Bu insanların bir çoxu kirayədə qalırdı, bəzisi kiminsə evində qulluqçu işləyirdi, kiməsə çobanlıq edirdi, müxtəlif işlərlə bir-birlərini dolandırırdılar. İndi onlar ağır duruma düşüblər. Onların əksəriyyəti məşğulluq idarələrində işsiz kimi qeydiyyata düşməyiblər. Buna görə onları köməksiz vəziyyətdə qoymaq olmaz. İşıq və qazdan istifadənin limitinin götürülməsi də tam kömək deyil. Yaxşı olardı ki, adamların kommunal borcları sıfırlanaydı. Təklif olunan yardım paketi yarımçıqdır. Dövlət təcili olaraq yardımdan kənarda qalan insanlar barədə düşünməli, əməli addımlar atmalıdır...”

Planda nə var nə yox?

Tədbirlər Planına əsasən, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün 300 min nəfərə 215 milyon manat həcmində kompensasiya veriləcək. Habelə, sənəddə 300 min fərdi (mikro) sahibkara veriləcək maliyyə dəstəyinin həcmi də açıqlanıb. Onlara da ümumilikdə 80 milyon manat maliyyə dəstəyi verilməlidir.

Eyni zamanda, Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində -190 manat birdəfəlik ödəmə veriləcək. Həmçinin, əhaliyə güzəştli işıq limiti aprel-may aylarında 100 kvts. həcmində artırılacaq.

Planda başqa məsələlər də yer alır.

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb.

Son bir neçə ayda dünyada bu virusdan 70 mindən çox şəxsin vəfat etdiyi bildirilir.

Azərbaycanda isə indiyə kimi 641 şəxsin koronavirus infeksiyasına yoluxduğu, onlardan 44 nəfərin müalicə olunaraq sağaldığı, 7 nəfərin də vəfat etdiyi açıqlanıb. Artıq dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər görülür.

Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər də dayandırılıb.

Martın 24-dən etibarən ölkədə xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alır.

Martın 31-dən də aprelin 20-nə kimi paytaxt Bakıda metronun fəaliyyəti dayandırılıb. Həmin gündən qaydaların daha da sərtləşdirildiyi elan edilib. Yalnız bəzi icazəli sahələrdə çalışanların sərbəst hərəkətinə maneə yaradılmayacağı vurğulanıb.

Aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Bu qaydaya görə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxırlar. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS göndərməlidirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG