Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 03:55

İmişli müharibə veteranları Bakıya piyada yürüş etmək istəyiblər


İmişli rayonu
İmişli rayonu

Bu gün, fevralın 26-da Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin yerli şöbəsinin bir qrup üzvünün İmişlidən Bakıya piyada yürüş keçirməyə cəhd etdiyi bildirilir. Bu barədə AzadlıqRadiosuna yerli sakinlər məlumat veriblər. Onların sözlərinə görə, polis İmişli şəhərinin hüdudunda yürüşün qarşısını alıb.

Bu deyilənləri son parlament seçkisində deputatlığa qeydə alınmış namizəd Taleh Tapdıqov da təsdiqləyib:

“Biz 79 saylı İmişli seçki dairəsində baş verən saxtakarlığa etiraz edirik. Seçki gecəsi - hələ nəticələr elan edilməmiş, üstümüzə xüsusi təyinatlı polis alayı yeridildiyindən saxtakarlığın qarşısını ala bilmədik. Amma bundan sonra da mübarizəmizi sivil yolla davam etdiririk. Bugünkü dinc yürüşə təqribən 30 nəfər qatılmışdı. Yol boyu daha 20 nəfər də qoşulacaqdı. Bakıya - Mərkəzi Seçki Komissiyasının (MSK) qarşısınadək piyada gedəcəkdik. Amma Araz çayı üzərindəki körpünün yaxınlığında yerli polis əməkdaşları qarşımızı kəsdi, rayondan çıxmağımıza imkan verilmədi.”

Taleh Tapdıqov
Taleh Tapdıqov

Taleh Tapdıqov bildirib ki, onun və daha bir neçə aksiya iştirakçısının qolunu buraraq zorla maşınlara mindiriblər. O, əvvəlcə polis idarəsinə, oradan isə İcra Hakimiyyətinə aparıldıqlarını söyləyir:

“Bizi icra başçısının birinci müavini qəbul etdi. Keçirdiyimiz aksiyanın ictimai asayişi pozmaq cəhdi kimi qiymətləndirildi. Amma bu xəbərdarlığa baxmayaraq etirazımızı sonadək davam etdirəcəyimizi bildirdik. Oradan sərbəst buraxılanda üzvlərimizin hərəsi bir tərəfə dağılmışdı...”

Veteran olduqlarına görə...

Həmin şəxsləri qəbul etdiyini İmişli Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Səfa Ağayev də təsdiqləyib. O, bildirib ki,onlar müharibə veteranları olduğundan, məsələyə həssaslıqla yanaşılıb:

“Polisin razılaşdırılmadan keçirilən aksiyanın qarşısını almağı tam qanunidir. Amma onlar müharibə veteranı olduğundan, istəmədik ki, barələrində ciddi tədbirlər görülsün, kimsə sərt şəkildə cəzalandırılsın. Buna görə İcra Hakimiyyətinə dəvət edib, onlara qanunvericiliyin tələblərini izah etdik. Dedik ki, iddia etdiyiniz seçki pozuntuları ilə bağlı nə şikayətiniz varsa, Mərkəzi Seçki Komissiyasıına (MSK) müraciət edin. Görürsünüz ki, komissiya bütün müraciətlərə, hətta sosial şəbəkələrdə paylaşılan materiallara baxır.”

Deyilənlərə İmişli Rayon Polis Şöbəsindən və Dairə Seçki Komissiyasından isə, hələlik, münasibət almaq mümkün olmayıb.

Razi Nurullayevin qalib olduğu dairə

Fevralın 9-da baş tutan Milli Məclisə seçkilərdə 79 saylı İmişli Seçki Dairəsindən qeydə alınmış bəzi namizədlər yerli məntəqə və dairə seçki komissiyalarında səsvermənin nəticələrinin saxtalaşdırıldığını bildiriblər.

Onların şikayəti əsasında MSK bu dairənin 5 məntəqəsinin nəticəsini etibarsız sayıb. Namizədlərdən ikisi - İlqar Hüseynli və Murad Fərzəliyev MSK-nın bu qərarından narazı qalaraq ondan apellyasiya şikayəti veriblər.

Taleh Tapdıqov Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi İmişli rayon şöbəsinin sədridir. O, seçkiyə qoşulmazdan əvvəl İmişli Rayon İcra Hakimiyyəti başçısının İmişli şəhəri üzrə nümayəndəliyindən istefa verib.

MSK bu dairədə Razi Nurullayevin üstün olduğunu açıqlayıb.O, da seçicilərdən daha çox səs aldığını bəyan edib.

Xatırlatma

Bu il fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. MSK dairələr üzrə lider namizədlərin adlarını açıqlayıb.

Fevralın 10-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) rəhbərlik etdiyi beynəlxalq müşahidə missiyası bu seçkilərlə bağlı ilkin rəyini açıqlayıb. Rəydə seçkiyə aid bir sıra tənqidi fikirlər yer alıb.

Ayrı-ayrı dairələr üzrə MSK-ya şikayətlər daxil olub. MSK-dan deyilib ki, bütün şikayətlər qanunvericiliyə uyğun araşdırılacaq.

Bundan sonra dörd dairədə nəticələr ləğv edilib. Habelə müxtəlif dairələr üzrə 90 civarında məntəqənin də nəticəsi etibarsız sayılıb. Amma onlar dairələr üzrə yekun nəticələrə təsir etməyib.

Bu gün, fevralın 26-da isə MSK Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin ümumi yekunlarına dair protokolu təsdiqlənməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edib.

Konstitusiya Məhkəməsi Milli Məclisə növbədənkənar seçkilərin yekunlarını 10 gün ərzində təsdiqləməlidir.

Azərbaycanda parlament seçkiləri əslində bu ilin noyabrında keçirilməli idi. Amma 2019-cu il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam vermişdi.

Parlamentin buraxılması təşəbbüsü hakim YAP-a aiddir. Onlar bunu prezident İ.Əliyevin islahatlarına dəstək vermək məqsədilə izah etmişdilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG