Keçid linkləri

2024, 10 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 19:28

İ.Məmmədov: 'Azərbaycan rəhbərliyi mənə qarşı ədalət məhkəməsini inkar edir'


İ.Məmmədov və F.Ağayev
İ.Məmmədov və F.Ağayev

ReAL Partiyasının sədri İlqar Məmmədovun İsmayıllı hadisələrində təqsirləndirilməsi ilə bağlı məhkəmə prosesləri altı ildir ki, davam edir. İ.Məmmədov 5 il 6 aylıq həbsdən sonra 2018-ci il avqustun 13-də şərti cəza ilə azadlığa buraxılsa da, Şəki Apellyasiya Məhkəməsinin bu qərarından narazı qalıb, Ali Məhkəməyə kassasiya şikayəti vermişdi. Partiya sədri ona bəraət verilməsini istəyir.

Fevralın 5-də Ali Məhkəmədə Əhməd Nurməmmədovun sədrlik etdiyi hakimlər kollegiyası İ.Məmmədovun kassasiya şikayətinə baxıb. Hakim deyib ki, İ.Məmmədovun vəkili Fuad Ağayev bir müddət öncə kassasiya şikayətinə əlavə təqdim edib. Amma həmin əlavə ittiham tərəfinə, zərərçəkənlərə (İsmayıllı hadisələri ilə bağlı cinayət işində polislər zərərçəkən qismində tanınıb-red.) təqdim olunmayıb.

F.Ağayev deyib ki, əlavədə bir məsələnin dəqiqləşməsindən söhbət gedir. Onun da ancaq İ.Məmmədovun özünə aidiyyəti var, başqa heç kimə: «Əgər təxirə salsanız, bu, prosesin ləngidilməsi kimi qiymətləndirilməlidir. Çünki bu proses 2013-cü ildən gedir».

Prokuror Cövdət Mehrəliyev razılaşmayıb. Deyib ki, Cinayət Prosessual Məcəlləsinə əsasən, dövlət ittihamçısı və zərərçəkənlərin də o sənədlə tanış olmaq hüququ var.

Hakim də bu əsasla məhkəməni martın 28-nə təxirə salıb.

İ.Məmmədov qərardan narazı qalıb. O, AzadlıqRadiosuna deyib ki, prosesin uzadılması ədalət məhkəməsinin rədd edilməsi, inkar olunması anlamına gəlir: «Məhkəmənin təxirə salınması haqda qərar Azərbaycan rəhbərliyi tərəfindən mənə qarşı ədalət məhkəməsinin inkar olunmasıdır. Bu, birinci dəfə deyil. Bütün bu proses siyasi motivlidir. Məni siyasi səbəblərlə həbs eləyib, 5 il yarımdan çox həbsdə saxladılar. Mən hazırda da şərti cəza altındayam. Bu da siyasi motivlidir. Uzadılmanın da siyasi motivli olduğunu düşünürəm. Artıq bütün gözlər Avropa Məhkəməsinin Böyük Palatasındadır. Avropa Konvensiyasının 46.4 maddəsinə əsasən, qərarın tezliklə verilməsi bu prosesin uzanmamasının yeganə yoludur. Başqa yolu yoxdur. Belə getsə, hakimiyyət bu məhkəməni axıra qədər uzadacaq».

Xatırlatma

İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələri ilə əlaqədar kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) onun iki şikayətini təmin edib. Məhkəmə hələ 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Həmin qərardan sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdi. Ancaq Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra verilən kassasiya şikayəti də təmin edilməyib.

Avropa Şurası Nazirlər Komitəsi 2017-ci il dekabrın 5-də Azərbaycana qarşı xüsusi prosedura başlanması barədə keçid qətnaməsi qəbul edib.

AİHM İ.Məmmədovla bağlı həmin ilin noyabrında verdiyi ikinci qərarda isə İnsan Hüquqları və Söz Azadlığı haqqında Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddəsinin pozulduğunu müəyyən edib. AİHM İ.Məmmədovun siyasi motivlərlə həbs olunması nəticəsinə gəlib.

Bundan sonra, Ali Məhkəmənin plenumu bu işə yenidən baxaraq onu təkrar Şəki Apellyasiya Məhkəməsinə göndərib.

Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə İ.Məmmədov ötən il avqustun 13-də azadlığa buraxılıb. Məhkəmə onun cəzasının qalan hissəsini şərti hesab edib.

XS
SM
MD
LG