Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:17

İlqar Məmmədov konfransa qatılmağa icazə istəyir


İlqar Məmmədov
İlqar Məmmədov

Ölkədən çıxışına qadağa olan REAl Partiyasının sədri İlqar Məmmədov Yasamal rayonu İcra və probasiya şöbəsinə müraciət edib. O, dəvət olunduğu beynəlxalq konfransda iştirak etmək istəyir.

Bu haqda REAl Partiyasından bildiriblər.

Məlumata görə, İlqar Məmmədovu ötən həftə Avropa Parlamentinin "Avropa uğrunda Liberal Demokratlar Alyansı”nın (ALDE) deputatları oktyabrın 17-də Brüsseldə keçiriləcək beynəlxalq konfransda çıxış etməyə davət ediblər.

Konfrans Beynəlxalq İnsan hüquqları Bəyannaməsinin 70 illiyinə həsr edilib.

İlqar Məmmədovun Yasamal rayonu İcra və probasiya şöbəsinə müraciətində onun barəsində çıxarılmış məhkəmə qərarlarının qanunsuz olduğu vurğulanır. REAl Partiyasının lideri şöbədən xahiş edib ki, beynəlxalq konfransda iştirakına icazə verilsin.

“...Dəvət aldığım bu konfransda iştirakıma - sərbəst səfər etməyimə qoyulan məhdudiyyəti uyğun və effektiv şəkildə aradan qaldıran qaydada razılıq verməyinizi xahiş edirəm”, İlqar Məmmədov müraciətində yazıb. Müraciət oktyabrın 7-də göndərilib. Ona hələlik cavab verilməyib.

Bundan əvvəl şərti cəza verilən şəxslərdən hüquq müdafiəçisi İntiqam Əliyevə xaricə səfər etməyə icazə verilmişdi. İntiqam Əliyev həbsdən buraxıldıqdan bir neçə həftə sonra Avropaya səfər edib, beynəlxalq tədbirlərdə iştirak etmişdi. Ancaq araşdırmaçı jurnalist Xədicə İsmayılın eyni müraciəti təmin edilməyib.

Xatırlatma

İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələri ilə əlaqədar kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) onun iki şikayətini təmin edib. Məhkəmə hələ 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Həmin qərardan sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdi. Ancaq Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra verilən kassasiya şikayəti də təmin edilməyib.

AİHM İlqar Məmmədovla bağlı ötən ilin noyabrında verdiyi ikinci qərarda isə İnsan Hüquqları və Söz Azadlığı haqqında Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddəsinin pozulduğunu müəyyən etdiyini vurğulayıb. AİHM İ.Məmmədovun siyasi motivlərlə həbs olunması nəticəsinə gəlib.

Bundan sonra Ali Məhkəmənin plenumu bu işə yenidən baxaraq, onu təkrar Şəki Apellyasiya Məhkəməsinə göndərmişdi.

Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə bu il avqustun 13-də İ.Məmmədov azadlığa buraxılıb.O, 2 il sınaq müddəti şərti ilə azadlığa çıxıb.

XS
SM
MD
LG