Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:36

Məhkəmə partiya sədrinin şikayətinə baxacaq


İlqar Məmmədov
İlqar Məmmədov

Məhkəmə REAL Partiyasının sədri İlqar Məmmədovla bağlı cinayət işi üzrə kassasiya şikayətinə baxacaq.

Bu barədə İlqar Məmmədovun vəkili Fuad Ağayev məlumat verib. Onun deməsinə görə, şikayətə Ali Məhkəmə fevralın 5-də baxacaq. Kassasiya şikayətində İlqar Məmmədva bəraət verilməsi istənilir.

İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələri ilə əlaqədar kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilmişdi

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) onun iki şikayətini təmin edib. Məhkəmə hələ 2014-cü ilin mayında İlqar Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Həmin qərardan sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdi. Ancaq Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra verilən kassasiya şikayəti də təmin edilməyib.

Avropa Şurası Nazirlər Komitəsi 2017-ci il dekabrın 5-də Azərbaycana qarşı xüsusi prosedura başlanması barədə keçid qətnaməsi qəbul etmişdi.

AİHM İlqar Məmmədovla bağlı həmin ilin noyabrında verdiyi ikinci qərarda isə İnsan Hüquqları və Söz Azadlığı haqqında Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddəsinin pozulduğunu müəyyən etmişdi. AİHM İlqar Məmmədovun siyasi motivlərlə həbs olunması nəticəsinə gəlmişdi.

Bundan sonra, Ali Məhkəmənin plenumu bu işə yenidən baxaraq onu təkrar Şəki Apellyasiya Məhkəməsinə göndərmişdi.

Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə o, ötən ilin avqustun 13-də azadlığa buraxılmışdı. Məhkəmə onun cəzasının qalan hissəsini şərti hesab etmişdi. Həmin vaxt Vəkil Fuad Ağayev demişdi ki, qərardan kassasiya şikayəti veriləcək. Onlar siyasətçiyə cinayət işi üzrə bəraət verilməsini istəyirlər.

XS
SM
MD
LG