Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:16

İlqar Məmmədov seçkidə iştirak imkanını itirir


İlqar Məmmədov
İlqar Məmmədov

Avropa Şurası Nazirlər Kabineti ReAl partiyasının lideri İlqar Məmmədovun seçilmək hüququnun Azərbaycan hakimiyyəti tərəfindən təmin edilməməsi barədə şikayəti ilə bağlı yanvarın 7-də məlumat yayıb.

Məlumatda deyilir ki, Azərbaycanın Ali Məhkəməsinin plenumu bu işə baxılması tarixi ilə bağlı hələlik heç bir qərar qəbul etməyib.

Rəsmi Bakı Avropa Şurası Nazirlər Kabinetinə bildirib ki, Ali Məhkəmənin qərarı “mümkün qədər tez müddətdə” açıqlanacaq.

Azərbaycan hökuməti Avropa Şurası Nazirlər Komitəsinə cavabında bildirir ki, İlqar Məmmədovla bağlı qərarın çıxarılması zamanı Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin müddəalarına əməl edilməlidir.

Azərbaycan tərəfi bildirir ki, CPM-in 392.4. maddəsinə uyğun olaraq “apellyasiya şikayəti və ya apellyasiya protesti məhkəməyə daxil olduğu vaxtdan 30 (otuz) gün müddətində apellyasiya instansiyası məhkəməsi onların baxışını təyin edir. Cinayət işinin həcminin böyüklüyü, təqsirləndirilən şəxslərin sayının çoxluğu və ya baxışın təşkilinin xüsusilə mürəkkəb olması ilə əlaqədar bu müddət apellyasiya instansiyası məhkəməsinin qərarı ilə 45 (qırx beş) günədək uzadıla bilər”.

Bu isə o deməkdir ki, ReAl liderinin seçkidə iştirakı ilə bağlı məsələ bütün hallarda Azərbaycanda 9 fevral parlament seçkisinədək həllini tapmaya bilər.

Tanınmış insan haqları müdafiəçisi Rəsul Cəfərov bu hadisə ilə bağlı özünün Facebook səhifəsində yazıb:

“Azərbaycan hakimiyyətinin bu gün Avropa Şurası Nazirlər Komitəsinə verdiyi rəsmi cavabdan sonra tam əminliklə demək olar ki, İlqar Mammadovla yanaşı Real Cümhuriyyətçilər İttifaqı Koalisiyasından Zaur Gurbanli və bəndəniz parlament seçkilərindən siyasi qərar nəticəsində kənar saxlanıldı. Olsun, iştirak edəcəyimiz və qalib gələcəyimiz seçkilər qarşıdadır”.

Hüquq müdafiəçisi bildirir ki, seçki zamanı Koalisiyadan olan namizədlərə dəstək verəcək.

O habelə yazır ki, Avropa Məhkəməsinin onun barəsində qərarının icrası istiqamətində də mövcud olan bütün mexanizmlərdən istifadə etməyi planlaşdırır.

ReAl Partiyasının sədri İlqar Məmmədov yanvarın 2-də Avropa Şurası Nazirlər Komitəsinə təqdimat göndərmişdi

Onun sözlərinə görə, təqdimat Azərbaycan hakimiyyətinin Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarını icra etməməsi ilə bağlı hazırlanıb.

ReAL sədrinin vurğulamasına görə, o təqdimatda bildirib ki, Azərbaycan hakimiyyəti bilərəkdən AİHM-in onun barəsində çıxartdığı bəraət qərarını uzun illərdir icra etmir.

Bundan öncə isə Avropa Şurasının Nazirlər Komitəsi bildirmişdi ki, Azərbaycan höküməti 8 nəfərin üzərindən məhkumluğu qaldırılmalıdır.

Bu şəxslər ReAL partiyasının sədri İlqar Məmmədov, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, hüquq müdafiəçiləri İntiqam Əliyev, Rəsul Cəfərov və NİDA Vətəndaş Hərəkatının 2013-cü ildə həbs edilmiş 4 üzvüdür.

Siyasi məhbuslar məruzəçisindən reaksiya

Avropa Şurası Parlament Assambleyasının “Azərbaycanda haqqında bildirilmiş siyasi məhbuslar” üzrə məruzəçisi Torhild Sunna Evarsdottir yanvarın 7-də Azərbaycan hakimiyyətinin Avropa İnsan Haqları Məhkəməsinin əsas qərarlarını icra etməməsinə reaksiya verib.

Avropa Şurası Nazirlər Kabineti Azərbaycan hökumətinin bu qərarları icra etməsi üçün 2019-cu il, dekabrın 31-dək vaxt vermişdi.

Məruzəçinin AŞPA-nın saytında dərc olunmuş bəyanatında deyilir:

“Mən Azərbaycan hakimiyyətinin İlqar Məmmədovun və Avropa Məhkəməsinin qərarında deyildiyi kimi, işlərində ədliyyə sistemindən siyasi motivlərlə sui-istifadə edilmiş başqa şəxslərin ittihamlarını ləğv etməməsindən dərin məyusluq hissi keçirirəm”.

Torhild Sunna Evarsdottir
Torhild Sunna Evarsdottir

Sunna Evarsdottir deyib ki, ittihamlar yanvarın 10-dək ləğv edilməsə, sözü gedən şəxslər Azərbaycan parlamenti seçkisində iştirak edə bilməyəcəklər.

Məruzəçinin sözlərinə görə belə olarsa, Azərbaycanın AŞPA-dakı mövqeyi ciddi şəkildə zəifləyəcək.

O xatırladıb ki, AŞPA bu ayın sonlarında onun Azərbaycana dair hesabatını müzakirəyə çıxaracaq.

Bu hesabat Avropa Şurasının Hüquqi İşlər və İnsan Haqları Komitəsində yekdilliklə qəbul olunub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG