Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 22:07

İlin ən yaxşı kitabları


Dünya mətbuatı 2019-cu ili yeni kitablar baxımından uğurlu il hesab edir. BBC ilin ən yaxşı kitablarının siyahısını dərc edib.

Onlardan biri də Edna O'Brien-in “Qız“ (Girl) romanıdır. Kitab bir qızın itirilmiş uşaqlığı haqdadır. Nigeriyalı məktəbli qız 2014-cü ildə Boko Haram tərəfindən oğurlanır. Nigeriyaya çox sayda səfər edən irlandiyalı müəllifin bu kitabı onun bu ölkədə aldığı müsahibələr və apardığı araşdırmalar əsasında yazılıb.

BBC yazır ki, britaniyalı yazıçı və jurnalist John Lanchester-in “Divar” (The Wall) kitabı yaxın gələcək haqda antiutopiyadır.

Dünya “Dəyişiklik” adlı iqlim hadisəsi ilə üzləşir. Ölkələr arasında hərəkət qadağandır. Britaniya divarlarla əhatə olunub və hərbi keşikçilər tərəfindən qorunur. Kitab Booker mükafatına namizədlərin uzun siyahısına da düşüb.

Bernadine Evaristonun 2019-cu ilin Booker mükafatına layiq görülmüş “Qız, qadın, digəri” (Girl, Woman, Other) adlı romanının əsas qəhrəmanı 50 yaşlarında qaradərili qadın, uğurlu teatr rejissoru Ammadır. Tənqidçilər romanı yüksək dəyərləndirirlər.

“Böyük görüş” (Grand Union) Zadie Smith-in ilk qısa hekayə toplusudur. Hekayələr rəngarəngdir. Burada distopik “Prezidentlə tanış olun” (Meet the President) ssenarisi də var, “İndi hər zamankından daha çox” (Now More Than Ever) kimi “boykot” (“cancel culture”) tərzində hekayə də.

Chigozie Obiomanın ikinci romanı olan “Azlıqların orkestri” (An Orchestra of Minorities) də onun birinci romanı kimi Booker mükafatına namizədlər siyahısına düşüb. BBC bu romanı Homerin “Odisseya”sının müasir versiyası adlandırıb.

Margaret Atwood-un “İfadələr” (The Testaments) kitabı müəllifin bütün dünyada tanınan və sevilən “Qulluqçu qızın hekayəsi” (The Handmaid’s Tale) antiutopiyasının davamıdır.

Kitabda hadisələr əvvəlki romanda baş verənlərdən 15 il sonraya təsadüf edir. Hekayələr 3 şəxsin dilindən danışılır: Lidiya xala (Aunt Lydia) – Gileadın cəza maşınının əsas icraçılarından biri, Gileadda yaşayan Agnes və Kanadada yaşayan Daisy.

“New York Times”ın yazarı Taffy Brodesser-Aknerin “Fleishman işə düşüb” (Fleishman is in Trouble) adlı debüt romanı müasir evlilik və boşanma haqda satirik kitabdır. Fleishman ağır boşanma dövrünü yaşayır. Arvadı iki uşağı onun üstündə qoyaraq yoxa çıxıb.

Christian Kiefer-in “Ruhlar” (Phantoms) kitabı müharibə və ailə sirləri haqdadır. Əsər Ray Takahashi-nin II Dünya müharibəsindən evə qayıtması ətrafında qurulub. Onillər sonra Vyetnam veteranı John Frazier də müharibədən evə qayıdır. Kitab həm də unutmağın yaratdığı təhlükələr haqdadır.

Robert Macfarlane-in “Yerin altı: dərin zaman səyahəti” (Underland: A Deep Time Journey) adlı publisistik kitabı oxucunu Qrenlandiyanın buzlaqlarından tutmuş bürünc dövrü məqbərələri və Şimal Buzlu okeanındakı mağaralara qədər bir çox maraqlı yerlərə, planetin keçmişi, indisi və gələcəyinə səyahətə aparır.

Kevin Barry-nin son romanı olan “Tanjerə gecə qayığı”nın (Night Boat to Tangier) qəhrəmanları yaşlanmaqda olan qanqsterlər Charlie and Maurice-dir. Onlar İspaniyanın cənubunda Charlie-nin 23 yaşlı qızı Dilly-ni axtarırlar.

Elif Şafakın “Yad dünyada 10 dəqiqə 38 saniyə” kitabı (10 Minutes 38 Seconds in the Strange World) Tequila Leyla adlı qadının ölümündən sonrakı, ancaq şüurunu hələ tam itirmədiyi 10 dəqiqə haqdadır. Hər dəqiqədə onun həyatının fərqli məqamlarında tanış olduğu maraqlı dostlarını görürük.

Julie Orringerin “Uçuş sənədləri” (The Flight Portfolio) romanı real hadisələr əsasında yazılıb. Roman amerikalı jurnalist Varian Fry-ın 1940-cı ildə Fransanın Vişi şəhərciyinə səyahəti, həyatını riskə ataraq sənət adamlarına, yazıçılara nasistlərdən gizlənməyə kömək etməsi haqdadır.

XS
SM
MD
LG