Prezident İlham Əliyev ötən ilin sonunda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı optimis fikirlər dilə gətirmişdi.
“Biz 2019-cu ilə qədəm qoyuruq və ümid edirik ki, bu il Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün önəmli il ola bilər”, deyə o dekabrın 24-də Abşeron rayonunda 1000 məcburi köçkün ailəsindən ötrü tikilmiş yeni yaşayış kompleksinin açılış mərasimində vurğulamışdı.
Ancaq Ermənistanın Baş naziri Nikol Paşinian-ın bu günlər Dağlıq Qarabağa səfəri və orda səsləndirdiyi fikirlər Azərbaycanda bu münaqişə ilə bağlı bəzi insanlarda fərqli təəssürat yaradıb.
N. Paşinian iddia edib ki, Dağlıq Qarabağ Ermənistandır.
Deputat Rasim Musabəyov hesab edir ki, Baş nazir Nikol Paşinianın sözü ilə məsələlər həllini tapsaydı, Dağlıq Qarabağ problemi böyük problem sayılmazdı:
“ 25 ilə yaxındır danışıqlar gedir, dəfələrlə tərəflər danışıqlarda nəticə əldə olunması üçün bir addım irəlidə olub, amma son məqamda geriyə addım atılıb. Bu baxımdan Paşinianın nəsə deyib, deməməyindən asılı olmayaraq danışıqların nəticə verməsinin çox az perspektivi var. Bunu yalnız mən yox, danışıqlar prosesində iştirak edən və bilgilərə malik olan Tofiq Zülfüqarov, rəhmətlik Vəfa Quluzadə də deyib”
“Yalan danışırlar”
Deputat daha sonra da əlavə edib:
“Ancaq az da olsa, lap 5 faiz də olsa diplomatlar öz işlərini davam etdirməlidir”.
“Danışıqlar sonsuzluğa qədər gedə bilərmi?” sualına Rasim Musabəyov belə cavab verib:
“ Hansı münaqişə indiyə qədər həll olunub? Gürcüstandakı münaqişələr həllini tapdı, demokratlar da hakimiyyətə gəldi, nəticə var, yox. Moldovada Dnestryanı münaqişə heç də Dağlıq Qarabağ məsələsi kimi gərginliyə qalxmamışdı, arxasında Avropa Birliyi dayanıb, həlli varmı, yox. Kipr məsələsi 50 ildən çoxdur uzanır. Yəni kimlərsə düşünür ki, Azərbaycanda başqaları gəlib problemlə məşğul olsaydı, nəticə əldə ediləcəkdi, yalan danışırlar”.
Deputat “O zaman Dağlıq Qarabağın ətraf rayonlarının azad olunmaması necə qiymətləndirilə bilər?” sualına cavab olaraq bildirib ki, elə indiki danışıq prosesi ondan ibarətdir, yəni problemin tam şəkildə həllindən getmir:
“Söhbət ondan gedir ki, problemin həllinə doğru ciddi addımlar atılsın, danışıqların mahiyyəti budur”.
“26 il uzanan danışıqlar daha 26 il də uzana bilər ”
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl isə hesab edir ki, baş verənlərə Azərbaycanın rəsmi reaksiyası adekvat deyil:
“Hikmət Hacıyevin ( Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri-red) bəyanatı çox dişsiz idi, müxtəlif təpkilərdən sonra Xarici İşlər Nazirliyinin yaydığı bəyanat isə cəmiyyəti sakitləşdirmək məqsədi daşıyırdı. Ona görə də Azərbaycanın Paşinianın səfərinə, açıqlamasına münasibəti yetərli deyil və bunun nəticəsində cəmiyyətdə böyük ruh düşkünlüyü yaranır. İşğalçı isə hər gün öz məqsədinə nail olmaq üçün addım atıb irəliyə gedir ”.
İlham İsmayılın sözlərinə görə, rəsmi Bakı bu məsələlərə daha sərt reaksiya verməliydi:
“26 il uzanan danışıqlar daha 26 il də uzana bilər. Ona görə də danışıqlara vaxt qoyulmasa, konkret nəticələr əldə olunmayacaq...”.
Xatırlatma
Ermənistanın baş naziri Nikol Pashinian bu günlər Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfər edib. O, avqustun 5-də Xankəndində 7-ci Ümumerməni Oyunlarının açılış mərasimində çıxış edib.
Nikol Pashinian Ermənistan və Qarabağ əhalisinin birliyindən danışıb. O deyib ki, Dağlıq Qarabağ Ermənistandır.
Buna cavab olaraq da Azərbaycan rəsmiləri Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi və əzəli torpağı olduğunu bəyan ediblər. Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri H. Hacıyev vurğulamışdı ki, «Ermənistanın baş nazirinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edərək Xankəndi şəhərində «Qarabağ – Ermənistandır» sözlərini qəti şəkildə rədd edirik»
Azərbaycan Xarici İşlər Nazirliyi isə bundan sonra bəyanat verərək Pashinian-ın açıqlamalarını Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinin ruhu və mahiyyətinə zidd sayıblar.
Sənəddə vurğulanıb ki, bu, həmçinin, ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə böyük zərbədir.
Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə tərəflər arasında gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.