Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:14

İlham Əliyev: 'Azərbaycan bir çox ölkə üçün yaxşı nümunə ola bilər'


İlham Əliyev
İlham Əliyev

«Rusiya tərəfinin Suriyadakı vətəndaş müharibəsinin həlli ilə bağlı yanaşması tamamilə özünü doğruldub».

Bunu Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın «Sputnik» agentliyinə müsahibəsində deyib.

«Rusiya tərəfinin bəyan etdiyi «ekstremistlər, terrorçular və radikallara qarşı səyləri birləşdirmək lazımdır» yanaşmasını tam özünü doğrultmuş hesab edirəm. Terrorçuları yaxşı və pislərə bölmək düzgün deyil. Gec-tez bu bumeranq kimi qayıdacaq, tarix dəfələrlə bunu sübut edib. Lakin, hələlik, bu istiqamətdə konsensusu görmürük, bu isə böyük narahatlıq doğurur».

Dövlət başçısı ümid edir ki, Suriya üzrə danışıqlar nəticə verəcək. «Lakin əsas odur ki, Suriya vahid dövlət kimi qalmalıdır, onun ərazi bütövlüyü təmin olunmalıdır. İkincisi, Suriya xalqı taleyini özü müəyyənləşdirməlidir. Bax, bu iki sadə tezisdir, bildiyim qədər bu tezislər sizə də yaxındır. Bunu tam bölüşürük. Məsələni məhz bu kontekstdə həll etmək lazımdır. Halbuki, gördüyümüz kimi problemin həlli aylar ötdükcə, daha da çətinləşir», - deyə o vurğulayıb.

«AZƏRBAYCANDA RADİKAL İSLAMÇILIQLA BAĞLI RİSK VƏ TƏHDİD YOXDUR»

Prezident İlham Əliyev deyib ki, Azərbaycan cəmiyyəti milli ideya ətrafında birləşib. Azərbaycanda ötrü radikal islamçılıqla bağlı potensial risk və ya təhdid yoxdur: «Bizim cəmiyyət öz milli, dini və mənəvi köklərinə dərindən bağlıdır. Biz öz müqəddəs yerlərimizə hörmətlə yanaşırıq və buna ehtiyatla yanaşırıq. Eyni zamanda cəmiyyətimiz müasir cəmiyyətdir. Ona görə də hesab edirəm ki, Azərbaycan müasir müsəlman ölkəsi olaraq tam öyrənilməyib. Azərbaycan bir çox ölkə üçün yaxşı nümunə ola bilər. Ona görə də radikalizmlə mübarizə sahəsində bizim üçün əsas məqsəd özümüzü xarici fiziki və informasiya təhdidlərindən qorumaqdır».

XS
SM
MD
LG