Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Oktyabr, Cümə, Bakı vaxtı 10:49

'Bu tələbləri, hələ ki, Azərbaycan prezidenti yerinə yetirməyib...'


İ.Əliyev və V.Putin Soçidə. 3 oktyabr 2019

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 2-də Rusiyaya səfər edib. Səfər ərəfəsində Rusiyanın rəsmi qurumlarına istinadən kütləvi informasiya vasitələrində belə bir məlumat yayılmışdı ki, Soçidə «Valday» Beynəlxalq Müzakirə Klubunun XVI görüşü keçiriləcək.

İclasın işində habelə, Rusiya, Qazaxıstan, Filippin prezidentləri və İordaniya kralı iştirak etməlidir.

Səfər çərçivəsində İ.Əliyevin oktyabrın 3-də Rusiya prezidenti Vladimir Putinlə də görüşü gözlənir.

Prezident yanında Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri, deputat Zahid Oruc «Turan» agentliyinə bildirib ki, Azərbaycan dövlət başçısının Soçidə «Valday» Beynəlxalq Müzakirə Klubunun görüşünə qatılmasını əhəmiyyətli siyasi səfər kimi dəyərləndirmək olar.

Mərkəz rəhbərinin fikrincə, V.Putinin dəvətiylə bu tədbirlərə qatılma və «Şərqin şəfəqi və dünya siyasi nizamı» adlı müzakirələrdə iştirak sübut edir ki, Rusiya da bu bölgədə gedən proseslərdə Azərbaycanın mövqeyini ən yüksək səviyyədə almaqda maraqlıdır.

Z.Oruc
Z.Oruc

«Söhbət qətiyyən hər hansı dövlətin orbitində yer almadan getmir»

Z.Oruca görə, bu səfərdə ikinci aspekt odur ki, bu dəvət Rusiya-Ermənistan münasibətlərinin pisləşməsi dövrünə təsadüf edir. Onun fikrincə, artıq Cənubi Qafqazda geopolitik vəziyyəti Rusiya –Ermənistan yox, Rusiya -Azərbaycan münasibətləri müəyyən edir.

Z.Oruc vurğulayır ki, bu zaman belə, Azərbaycan özünün balanslı siyasətindən, milli maraqlarının müdafiəsindən geri durmur: «Söhbət qətiyyən Azərbaycanın strateji siyasət kursunda balanslı mövqedən imtina etməkdən, hər hansı başqa dövlətin orbitində yer almadan getmir. Yenə də, prezidentin dediyi kimi, milli maraqlar öndə tutulur. Lakin bununla bərabər artıq Azərbaycanın taleyi Rusiya-Ermənistan əlaqələrindən asılı deyil».

Z.Oruc hesab edir ki, hazırda Rusiya-Ermənistan münasibətləri 90-cı illərdə Azərbaycanın Rusiya ilə mürəkkəbləşən münasibətlərinin eynisidir.

Mərkəz rəhbəri vurğulayır ki, Qarabağ münaqişəsinin həllinə güclənən Rusiya-Türkiyə münasibətləri də təkan verə bilər. Onun fikrincə, bu iki dövlət Qarabağ probleminin həlinə daha çox zəmanət verə bilər, nəinki ATƏT-in Minsk qrupu (Qrupa ABŞ, Rusiya və Fransa daxildir.-red.): «Problemin həllinə Rusiya və Türkiyənin verə biləcəyi zəmanətlər ATƏT-in Minsk qrupunu əvəz edə bilər. Belə olan təqdirdə proses 10 illərlə çözülməmiş durumdan tərpənə bilər...».

H.Hacızadə
H.Hacızadə

«Rusiyanın qılığına girsək,...»

Azərbaycanın Rusiyadakı keçmiş səfiri, politoloq Hikmət Hacızadə isə bu səfəri «nəhəng şimal qonşu» ilə görüş kimi dəyərləndirir. Azərbaycan prezidentinin son illər tez-tez V.Putinlə görüşməsinə və hakimiyyətin üzdə olan simalarının Rusiyadan medallar almasına gəldikdə isə, H.Hacızadə bunları AzadlıqRadiosuna belə dəyərləndirib: «Nədənsə bunlarda belə bir plan yaranıb ki, Rusiyanın qılığına girsək, bir növ, «saqqızını oğurlaya bilsək», o, Qarabağı bizə qaytara bilər. Bu məsələyə mənim çox böyük şübhəm var».

Politoloq deyir ki, Azərbaycan Rusiyanın xırda tələblərini yerinə yetirməyə çalışır. Amma onun fikrincə, xırda tələblərlə yanaşı, Rusiyanın böyük tələbləri də var:


«Rusiyanın böyük tələbi belədir ki, onların qoşunları Azərbaycana qayıtmalıdır. Burada Rusiyanın bazası olmalıdır. Azərbaycan Qərblə əlaqələri məhdudlaşdırmalıdır. Avropa Birliyini, NATO məsələsini unutmalıdır. Bu tələbləri, hələ ki, Azərbaycan prezidenti yerinə yetirməyib...».

«Bu münaqişənin sayəsində hakimiyyətləri dəyişdirdi...»

Politoloq Zərdüşt Əlizadə də AzadlıqRadiosuna deyib ki, Rusiya-Azərbaycan münasibətləri sistemində Qarabağ məsələsi əlahiddə yer tutur: «Bu məsələ, elə bil ki, dolabın bir gözünə qoyulub və bunun dolabın o biri gözlərindəki məsələlərə aidiyyəti yoxdur. Bu münaqişə SSRİ dağılanda yaradıldı ki, Qafqazı nəzarətdə saxlasın. Rusiya özünün və yerli casusların köməyi ilə bu münaqişəni qızışdırdı, inkişaf etdirdi, istədiyi şəklə saldı. Bu münaqişənin sayəsində hakimiyyətləri dəyişdirdi, özünə sədaqətliləri gətirdi, saf-çürük etdi, sadiqləri saxladı, qeyri-sadiqləri çıxdaş etdi. İndi də Qarabağ münaqişəsi Rusiyanın cəbbəxanasında Cənubi Qafqazı nəzarətdə saxlamaq üçün ən təsirli alətdir».

Z.Əlizadə
Z.Əlizadə

Z.Əlizadə hesab edir ki, indi Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacağına inam xam xəyaldır, xalqı aldatmaq, onu qəflət yuxusundan oyanmağa qoymamaqdır: «Amma nəzərə alsaq ki, Azərbaycan hakimiyyəti Rusiyanın xeyir-duası ilə hakimiyyətdə əyləşib, Azərbaycanın da obyektiv olaraq özünün böyük, şimal qonşusu ilə normal münasibətlər qurması xeyirlidir. Həm də Qarabağ münaqişəsinə Rusiyanın, Azərbaycanın və Ermənistanın belə ortaq baxışı var ki, münaqişə dondurulur, bu vəziyyətdə saxlanılır».

Politoloqa görə, Rusiya ilə münasibətlərin xoş olması Azərbaycana xeyirlidir, əks halda hakimiyyət çevrilişindən mili azlıqlarla münaqişələrə qədər hər şey ola bilər: «Ən aşağısı zahirən münasibətlər xoşdur, daxilən hər kəs nəyin nə olduğunu yaxşı bilir. Amma münasibətlər inkişaf edir, ticarət mübadiləsi artır, buna olan maneələr aradan qaldırılır....».

Z.Əlizadənin fikrincə, Rusiyanın Azərbaycanda daxili sabitliyi pozmaq üçün istənilən qədər təsir vasitələri, aləti var: «Odur ki, heç kəs indiki vəziyyətin dəyişməsini istəmir. Odur ki, hamı münasibətlərin yaxşı olması görüntüsü yaratmaq istəyir».

Günün bütün mövzuları

XS
SM
MD
LG