Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:58

Prezidentin kürəkəninə dövlət dəstəyi?


S.Qurbanov və İ.Əliyev «Baku Agropark» MMC-yə məxsus istixana kompleksində. 4 dekabr 2017
S.Qurbanov və İ.Əliyev «Baku Agropark» MMC-yə məxsus istixana kompleksində. 4 dekabr 2017

Dekabrın 4-də prezident İlham Əliyev Zirə qəsəbəsində 10 hektar sahədə tikilmiş istixana kompleksində olub. «Baku Agropark» MMC-yə məxsus bu istixananı dövlət başçısına sahibkar Səməd Qurbanov təqdim edib.

S.Qurbanov prezident İ.Əliyevin qızı Arzu Əliyevanın həyat yoldaşıdır.

İldə 3.3 min ton pomidor istehsal etmək gücündə olan istixananın tikintisinə 21.7 milyon manat sərmayə qoyulub. Bunun 10 milyon manatı Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) güzəştli kreditidir. Üç mərhələdə tikiləcək kompleks 21 hektar ərazini əhatə etməlidir. Növbəti mərhələlərinin dəyəri 45.7 milyon manat qiymətləndirilir.

SKMF iri məbləğdə olan kreditləri 10 ilədək müddətə verir. Bank bu kreditlər üçün illik 6 faizdən çox faiz dərəcəsi tətbiq edə bilməz. Amma ucuz kredit prezident İ.Əliyevin yaxın qohumuna, A.Əliyevanın həyat yoldaşına dövlətin yeganə dəstəyi deyil.

Mənbə: “Vergilər” qəzeti (“Azərcofarm” MMC-nin həmin qəzetdən götürülən məlumatı)
Mənbə: “Vergilər” qəzeti (“Azərcofarm” MMC-nin həmin qəzetdən götürülən məlumatı)

2016-cl ilin fevral ayının 18-də yaradılarkən şirkət başqa ad daşıyırdı. O zaman 10 min manat ilkin kapital və «Azecofarm» adı ilə qurulan şirkətin dövlət reyestri məlumatları ictimaiyyətdən gizli saxlanmışdı. Bu ilin avqustunda istehsala başlayanda onun adı dəyişdirilərək, «Baku Agropark» MMC-yə çevrilib. Elə indi də bu şirkət barədə məlumatlar ictimaiyyət üçün əlçatımlı deyil.

Vergilər Nazirliyinin məlumat bazası
Vergilər Nazirliyinin məlumat bazası

İki ay ondan öncə ölkənin enerji paylayıcı şəbəkəsini idarə edən «Azərişıq» ASC «Azecofarm» MMC-nin istixana kompleksini elektrik enerjisi ilə təmin etməkdən ötrü «Retro Holding» MMC ilə 5 milyon 531 min 132 manat məbləğində müqavilə bağlamışdı. Yəni, «Azərişıq» «Azecofarm»-a elektrik çəkilişi işlərini sifariş edib. Sifarişçi «Azərişıq» ASC olduğundan, pulu da icraçıya o ödəyəcəkdi. Bu, sənaye müəssisəsinin elektrik təchizatı işlərinin dövlət hesabına icra olunması ilə bağlı ictimaiyyətə bəlli olan hələlik yeganə məlumatdır.

İstixananın elektrik təminatı üzrə tikinti işlərinin icraçısı «Retro Holding» MMC seçilmişdi. Bu tikinti şirkətinin prezident İ.Əliyevin ailə üzvlərinə məxsus olduğu «Paşayevlərin gəlirli «Retro» biznesi» jurnalist araşdırması ilə üzə çıxıb.

«Azərişıq» ASC-nin saytı
«Azərişıq» ASC-nin saytı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 234 nömrəli qərarı ilə təsdiq edilmiş «İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları»na əsasən, elektrik xəttinin çəkilməsi və digər elektrik təchizatı işləri dövlət hesabına deyil, obyektin sahibinin hesabına icra olunmalıdır. Təcrübədə dövlət hesabına daxili və xarici elektrik və digər mühəndis-kommunikasiya işlərinin yerinə yetirilməsi yalnız mühüm layihələr üzrə - sənaye parkları, sənaye məhəllələri və texnologiya parklarının tikintisi gedişində tətbiq olunur.

Hələlik «Baku Agropark» MMC-yə dövlət qurumlarından bu şəkildə dəstəyi ilə bağlı hakimiyyət təmsilçilərindən hər hansı şərh yoxdur. Amma adətən hakim partiyanın təmsilçiləri bu cür tənqidləri rədd edir, prezidentin ailə üzvlərinin də hər bir başqa vətəndaşlar kimi öz şəxsi biznesinin olmasında qanunsuz bir hal olmadığını deyirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG