Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:22

'Prezident mesaj verdi ki...'


Devalvasiyadan prezident ailəsinə yaxın bankların qazancı - [ARAŞDIRMA]
Gözlə

No media source currently available

0:00 0:10:31 0:00

Devalvasiyadan prezident ailəsinə yaxın bankların qazancı - [ARAŞDIRMA]

Prezident İlham Əliyev bu günlərdə yerli televiziyalara müsahibəsində valyuta ehtiyatlarından danışarkən 2015-ci ilə qayıdaraq deyib ki, manatın qiymətdən düşməsi insanların rifah halına mənfi təsir göstərmişdi: "…Əgər biz o addımı atmasaydıq, bütün valyuta ehtiyatlarımızı xərcləyə bilərdik. Onsuz da bu addımın gecikməsi ona gətirib çıxardı ki, Mərkəzi Bankın valyuta ehtiyatları böyük dərəcədə tükənmişdi. Təqribən 10 milyard dollar vəsait manatın sabit saxlanmasına istifadə edilmişdi…".

2015-ci ildə Azərbaycanda iki dəfə devalvasiya baş verdi. Nəticədə manat dollar qarşısında iki dəfədən çox dəyər itirdi.

M.Əfəndiyev
M.Əfəndiyev

"Bu məsələdə optimist olaq"

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məzahir Əfəndiyev "Turan"a bildirib ki, "Dövlət büdcəsi haqqında" Qanunun müzakirəsi zamanı maliyyə və iqtisadiyyat nazirliklərinin rəhbərliyi manatın bu il məzənnəsində ciddi bir problemin olacağını deməyib: "Hökumətin hesabatlarından da görünür ki, həm tədiyyə balansının sabit olması, həm də vergidən gələn gəlirlərimizdən ehtiyat fondunun bu il artımı və, eyni zamanda, valyuta ehtiyatlarımızın kifayət qədər olması bizə əsas verir ki, doğrudan da bu məsələdə optimist olaq".

Deputat Vüqar Bayramov isə deyir ki, Azərbaycanda "üzən məzənnə" rejiminə keçid başa çatmadığı üçün manatın kursu birbaşa Mərkəzi Bankın intervensiyası ilə müəyyənləşir: "Yəni, "üzən valyuta" sistemlərində məzənnəni bazar təklifinə uyğun proqnozlaşdırmaq olur, amma əgər kurs fiksdirsə, o zaman dəyişikliklər birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olur".

V.Bayramov
V.Bayramov

"Dollara tələb 60 faiz artıb"

Onun vurğulamasına görə, bu ilin ilk 11 günündə Mərkəzi Bank 227.2 milyon dolların satılmasını təşkil edib. "Müqayisə üçün, 2021-ci ilin ilk 11 günündə Mərkəzi Bank cəmi 137 milyon dollar satmışdı. Bu isə ondan xəbər verir ki, bu ilin geridə qalan günlərində ötən ilin uyğun dövrü ilə müqayisədə dollara tələb 60 faiz artıb".

Deputatın sözlərinə görə, manatın məzənnəsinə təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda, Neft Fondunun hərraca çıxartdığı valyutanın məbləğidir. O hesab edir ki, bütün bunlar ilə yanaşı, praktiki olaraq manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarından asılıdır.

Ölkənin pul siyasəti…

Adətən, bir ölkənin milli valyutasının xarici valyutalara qarşı məzənnəsi ölkənin pul siyasəti vasitəsi ilə tənzimlənir. Bu baxımdan mərkəzi bankların pul siyasəti alətlərindən biri onun valyuta rezervləridir. Amma Azərbaycanda ehtiyatlar kimi həm Mərkəzi Bankın, həm də Neft Fondunun vəsaitləri götürülür. Hazırda onların birlikdə ehtiyatlarının 50 milyard dollardan çox olduğu açıqlanıb.

Bəzi ölkələrin təcrübəsində əgər milli valyutanın xarici valyutalara qarşı ucuzlaşmaq ehtimalı varsa, mərkəzi bank özünün xarici valyuta ehtiyatlarının müəyyən hissəsini pul bazarına buraxır. Nəticədə həmin valyutanın pul bazarında çəkisi artır və onun sabit qalmasına şərait yaradılır.

İlham Əliyev manatla bağlı nə demişdi? (dekabr, 2014)
Gözlə

No media source currently available

0:00 0:03:50 0:00

Azərbaycan nümunəsi

Azərbaycanda belə halla – maliyyə rezervləri vasitəsilə bazara müdaxilə ilə 2015-ci ildə qarşılaşılmışdı. 2014-cü ildən etibarən neft qiymətlərinin kəskin ucuzlaşması ölkəyə gələn valyutanın azalmasına səbəb olmuşdu. Mərkəzi Bank öz valyuta ehtiyatlarından istifadə etsə də, son nəticədə manatın iki dəfə dəyər itirməsinin qarşısı alınmamışdı. Əgər 2014-cü ilin ortalarında Mərkəzi Bankın valyuta ehtiyatları 15 milyard dollardan çox idisə, 2016-cı ilin sonunda artıq 3.9 milyard dollaradək azalmışdı. Hazırda bu göstərici 7 milyard dolları ötüb. Söhbət, təbi ki, təkcə Mərkəzi Bankın ehtiyatından gedir. Amma son illər hərraca, əsasən, Neft Fondunun vəsaitləri çıxarılır.

Azərbaycanın ixracının 90 faizə yaxını neft-qaz sənayesi ilə bağlı olduğu üçün ölkəyə gələn valyutanın da əsas hissəsi məhz Neft Fonduna daxil olur. 2022-ci ilin büdcəsində Neft Fondundan 12.71 milyard manat transfert nəzərdə tutulub. Bunu qarşılamaq üçün Azərbaycan neft gəlirlərindən 7.47 milyard dollar gəlir əldə etməlidir. 2022-ci il büdcəsi hazırlanarkən neftin 1 barelinin orta qiyməti 50 dollardan götürülüb. Hazırda isə Azərbaycan "qara qızıl"ı 80 dollardan baha satılır.

N.Cəfərli
N.Cəfərli

"Bu fakt çoxdan məlum idi"

İqtisadçı Natiq Cəfərli AzadlıqRadiosuna bildirib ki, prezidentin çıxışındakı bu fakt çoxdan məlum idi: "10.6 milyard dollar xərcləndi, lakin sonra Azərbaycan devalvasiyalara getdi. Hazırda artıq beşinci ildir ki, biz sabit məzənnə rejimində yaşayırıq. Prezidentin çıxışında əsas mesaj ondan ibarət idi ki, əgər belə bir vəziyyət yenə yaranarsa, artıq Mərkəzi Bank manatın məzənnəsini sabit saxlaması üçün pul xərcləməyəcək".

Onun sözlərinə görə, sabit məzənnə rejimi bazar iqtisadiyyatının elementi olmadığına görə dayanıqlı deyil: "Yəni,… ancaq Mərkəzi Bankın və hökumətin inzibati qərarları ilə məzənnə sabit saxlanılır".

Amma iqtisadçı hesab edir ki, manata hazırda ciddi təzyiq yoxdur: "Neftin qiyməti 85 dollardır, Azərbaycanın ticarət balansında müsbət saldosu 10 milyard dollara yaxındır. Neftin qiyməti 60 dollardan yuxarı olduğu dövrdə manat məzənnəsində ciddi dəyişikliklər baş verməyəcək. Amma bu, bu günə olan vəziyyətdir. Uzun zaman inzibati qaydada sabit məzənnə rejimini saxlamağın hansı problemlərə səbəb olduğunu biz 2014-2016-cı illərdə gördük".

N.Cəfərlinin fikrincə, Azərbaycanda primitiv iqtisadi model olduğuna görə "üzən məzənnə" rejiminə keçid mümkün olmadı: ""Üzən məzənnə" rejimi o deməkdir ki, ölkədə yüzlərlə, minlərlə valyutanı alıb-satan şirkətlər olmalıdır. Amma Azərbaycanda ölkədə valyuta satan bir mərkəz var - Dövlət Neft Fondu. Alıcı isə 26 bankdır".

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG