Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:55

Ekspert: 'Fərman problemli kredit məsələsini həll edəcək, amma tam yox'


Kimlərin kredit borcu silinmir?
Gözlə

No media source currently available

0:00 0:14:44 0:00

Kimlərin kredit borcu silinmir?

Prezident İlham Əliyev problemli kreditlərlə bağlı çoxdan gözlənən fərmanı imzaladı. Bu fərmanda göstərilən mexanizm devalvasiyanın vətəndaşa vurduğu zərəri necə kompensasiya edir? Təhlillərə keçmədən öncə fərmanın mahiyyətini qısaca təqdim edək:

1) Güzəşt yalnız ABŞ dolları ilə olan və 10 minə qədər borclu vətəndaşa aiddir.

2) $10 000-a qədər borc üçün faizlərə görə artan hissə silinir.

3) Silinmiş faiz məbləğinə görə bankın zərərinin bir hissəsini dövlət banka ödəyir.

4) Faizə görə yığılan borc silindikdən sonra qalan əsas borcu ödəmək üçün vətəndaşa bankdan 1 %-lə yenidən borc veriləcək.

5) Borcunu yeni məzənnə ilə tam ödəyib bitirənlər isə aradakı fərqi kompensasiya şəklində alacaqlar.

Millət vəkili Vahid Əhmədov bu fərmanı tarixi sənəd kimi qiymətləndirir. Deyir ki, o, təxminən 400 min nəfəri əhatə edir və 2 milyard manatlıq büdcə xərcini nəzərdə tutur. Onun fikrincə, bu fərman ölkədə qaytarıla bilməyən kredit borcları problemini həll edir.

Müxalifətdə olan Real Partiyasının icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli də deyir ki, fərman problemli kredit məsələsini həll edəcək, amma tam yox:

“Birinci devalvasiyaya qədər vətəndaş krediti 78 qəpiklə götürübsə, elə həmin məzənnə ilə də ödəyəcək, amma devalvasiya nəticəsində dəymiş ziyanı dövlət ödəyəcək. Yəni, dolların məzənnəsi birinci devalvasiyadan sonra 78 qəpikdən 1 manat 5 qəpiyə qalxdı və həmin 25 qəpiklik fərqi dövlət ödəyəcək. İkinci devalvasiyadan sonra məzənnə 1 manat 70 qəpiyə qalxdı. Birinci devalvasiyadan sonra kredit götürənlər borclarını 1 manat 5 qəpikdən ödəyəcəklər. Sonradan devalvasiya nəticəsində yaranan fərqi dövlət üzərinə götürəcək”.

Bu fərman təkcə hazırda banklara borcu olan vətəndaşlara yox, həm də dollarla götürülmüş kreditlərini artıq ödəyib qurtarmış vətəndaşlara aiddir.

Mərkəzi Bankın baş direktoru Rəşad Oruc Real TV-nin efirində deyib ki, devalvasiyadan sonra kredit borcunu yeni məzənnə ilə tam ödəmiş vətəndaşlara da fərq kompensasiyası veriləcək. Yəni, kimsə 1 dolların 78 qəpik olduğu vaxt götürdüyü krediti yeni məzənnə ilə qaytarmışdısa, həmin fərq ona geri qaytarılacaq.

Prezident İlham Əliyevin problemli kreditlərlə bağlı fərmanı bir çox vətəndaşları sevindirsə də məyus olanlar da az deyil. Onlar əsasən 10 min dollardan çox kredit götürənlərdir.

Fərman əsasən aztəminatlılar üçündür

Millət vəkili Vahid Əhmədov bildirir ki, fərman yalnız 10 min manata qədər kredit götürən vətəndaşlara aiddir. Onun sözlərinə görə, elə onların təklif etdiyi kimi fərmanda əsasən aztəminatlı, sosial durumu aşağı olan vətəndaşlar nəzərə alınıb:

“10 min dollardan artıq olan kreditlərə aid deyil. Amma banklara tövsiyyələr olunur ki, bu problemlərin həlli üçün addımlar atılsın. Amma bu borclar əsasən on min dollara qədər olan kreditləri nəzərdə tutur, onların faiz borcları silinir, yerdə qalan 10 min dollarlıq əsas borc isə vətəndaşlara güzəştlər edilməklə ödənilir”.

Vahid Əhmədov deyir ki, bu fərmanda onların da bir çox təklifləri nəzərə alınıb. Həm vətəndaşların, özəlliklə də sosial durumu ağır olanların kredit borcları silinir, həm də bankların sağlamlaşdırılmasına yol açılır.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikrilərini öyrənib:

Vətəndaşlar İlham Əliyevin sərəncamı haqda
Gözlə

No media source currently available

0:00 0:01:46 0:00

Azərbaycanda 2015-ci ildə iki dəfə devalvasiya baş verib. 2015-ci il fevralın 21-də baş verən devalvasiyada 1 dollar - 78 qəpikdən 1 manat 5 qəpiyə yüksəlib. Həmin il dekabrın 21-də baş verən ikinci devalvasiyada isə 1 dollar - 1 manat 55 qəpiyə çatıb.

Dollar Azərbaycanda bu arada bir müddət 1 manat 90 qəpiyə yüksəlsə də, son illər məzənnə sabit qalır. Hazırda 1 dollar 1 manat 70 qəpikdir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG