Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 09:37

Prezident Əliyev Qarabağ haqqında: ‘Danışıqlar formatı dəyişməz qalır’


“2018-ci il ölkəmiz üçün uğurlu il olub. İlin əvvəlindən qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla və vaxtında icra edilir. Azərbaycan 2018-ci ildə də öz dinamik inkişafını təmin edib və ölkəmiz əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşayıb”.

AZƏRTAC-ın xəbərinə görə, bunu bu gün, oktyabrın 9-da Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasdakı çıxışında deyib.

Dövlət başçısı çıxışında Dağlıq Qarabağ münaqişəsinə də toxunub. O vurğulayıb ki, Ermənistan tərəfinin cəhdləri nəticə verməyib, münaqişə ilə bağlı danışıqların formatı dəyişməz olaraq qalır.

Ermənistanın yeni baş naziri Nikol Pashinian bundan əvvəl bir neçə dəfə danışıqlarda Dağlıq Qarabağın erməni icmasının da iştirakınını lazım bilmişdi.

“Bu danışıqlar Ermənistan və Azərbaycan arasında aparılıb, aparılır və aparılmalıdır. İki ölkənin xarici işlər nazirlərinin iki görüşü bunu bir daha sübut edir. Son vaxtlar baş vermiş digər hadisələr onu göstərir ki, danışıqlar formatı dəyişməz olaraq qalır. Bu münaqişə tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır”, deyə Azərbaycan prezidenti vurğulayıb.

“Sənaye istehsalı 2, kənd təsərrüfatı 4,3 faiz artıb”

İqtisadi göstəricilərə gəldikdə isə dövlət başçısı qeyd edib ki, bu ilin doqquz ayında ümumi daxili məhsul 0,8 faiz artıb.

Prezident vurğulayıb ki, sənaye istehsalı 2, kənd təsərrüfatı da 4,3 faiz yüksəlib:

“Hesab edirəm ki, bu da kifayət qədər yaxşı göstəricidir”.

Prezidentin deməsinə görə, hesabat dövründə inflyasiya cəmi 2,6, əhalinin gəlirləri isə 9,5 faiz artıb:

“Yəni, gəlirlər inflyasiyanı üstələyir. İnflyasiyanın aşağı səviyyədə olması, il ərzində daha da düşməsi göstərir ki, bizim maliyyə vəziyyətimiz çox sabitdir və makroiqtisadi vəziyyət möhkəmdir”

“Ölkədə 85 min daimi iş yeri açılıb”

Prezident həmçinin qeyd edib ki, ölkənin valyuta ehtiyatları 45 milyard dollara çatıb:

“İlin əvvəlindən bəri biz əlavə 3 milyard dollar yığmışıq. Bu, bir daha onu göstərir ki, biz öz vəsaitimizə böyük qənaətlə yanaşırıq”.

Dövlət başçısının vurğulamasına görə, bu ilin doqquz ayında ölkədə 85 min daimi iş yeri açılıb.

Prezident toplantıdakı yekun çıxışında isə gələn ilin dövlət büdcəsindən söz açıb:

“Gələn ilin büdcəsi həm investisiyayönümlü, həm də sosialyönümlü olacaq. Bütün sosial layihələr icra ediləcək. Eyni zamanda, dövlət kapital qoyuluşu üçün kifayət qədər vəsait də nəzərdə tutulur. ”

“Biz idxalın artımına müsbət hal kimi yanaşmalıyıq”

Prezident ixracın artması ilə yanaşı idxalın da artmasına toxunub və bunu müsbət hal kimi dəyərləndirib:

“Bu, onu göstərir ki, ilk növbədə, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir, idxal artır və idxalın artımı da sənayenin inkişafı ilə bağlıdır. Nəzərə alsaq ki, ixrac idxalı böyük dərəcədə üstələyir, biz idxalın artımına müsbət hal kimi yanaşmalıyıq. Bizim xarici ticarətimizin müsbət saldosu 9 ayda 6,5 milyard dollar təşkil edir. Bilirəm, bəziləri hesab edirlər ki, idxalın artımı müəyyən problemlər yarada bilər. Təbii ki, bu, belədir. Amma o təqdirdə ki, ixracımız artmasın. İxracımız idxaldan daha yüksək templərlə artır…”

İlham Əliyevin deməsinə görə, Azərbaycanda kölgə iqtisadiyyatının kəskin şəkildə azalmasından ötrü çox ciddi addımlar atılır:

“Korrupsiyaya, rüşvətxorluğa qarşı ən ciddi mübarizə aparılır və aparılacaqdır. Bu kompleks tədbirlər biznes mühitinin yaxşılaşdırılmasına öz dəstəyini verəcək. Sağlam rəqabətin təmin edilməsi üçün indi şərait yaradılır. İnhisarçılığa qarşı mübarizə çox ciddi xarakter alıb…”

XS
SM
MD
LG