Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:27

İlham Əliyev: 'Azərbaycan son 14 ildə ən sürətlə inkişaf edən ölkədir'


«2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq» mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda. 21dek2017
«2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq» mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda. 21dek2017

«Ölkədə çox ciddi iqtisadi islahatlar aparılır. İqtisadi inkişaf baxımından Azərbaycan son 14 il ərzində dünyada ən sürətlə inkişaf edən ölkədir».

Prezident İlham Əliyev dekabrın 21-də «2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq» mövzusunda Bakıda keçirilən beynəlxalq konfransdakı çıxışında belə deyib. Ölkə başçısı bildirib ki, Azərbaycan iqtisadiyyatı, ümumi daxili məhsul bu illər ərzində 3 dəfədən çox artıb:

«Eyni zamanda, çox ciddi sosial siyasət aparırıq. Bunun nəticəsində Azərbaycanda işsizlik və yoxsulluq 5 faiz səviyyəsindədir. İnsan kapitalına böyük sərmayə qoyulur. Son 14 il ərzində ölkəmizdə üç mindən çox məktəb, 600-dən çox tibb müəssisəsi tikilib və ya təmir edilib, 12 min kilometr yol inşa edilib».

Azərbaycanda bütün dinlərin nümayəndələrinin bərabər hüquqlara malik olduğunu ifadə edən İ.Əliyev heç bir ayrıseçkiliyin olmadığını vurğulayıb.

«Dünyada Azərbaycanın təcrübəsi öyrənilir»

Bakının dinlərarası, mədəniyyətlərarası dialoqla bağlı bir çox mötəbər tədbirlərə ev sahibliyi etməsindən danışan prezident bildirib ki, Azərbaycan dünyada dinlərarası dialoqun güclənməsinin tərəfdarıdır.

«Əfsuslar olsun ki, son vaxtlar biz tam əks mənzərə ilə üzləşirik - dözümsüzlük, islamofobiya, ksenofobiya, antisemitizm artır. Bu, bəşəriyyət üçün böyük təhlükədir və böyük bəladır. Din xadimlərinin, ictimai xadimlərin, siyasətçilərin, geniş ictimaiyyətin bu məsələ ilə bağlı fikri və mövqeyi əlbəttə ki, dünya ictimaiyyəti üçün də çox önəmlidir», - deyən prezident əmindir ki, bölgədə və dünyada Azərbaycanın bu sahədəki təcrübəsi öyrənilir:

«Multikulturalizm bizim dövlət siyasətimizdir, eyni zamanda, həyat tərzimizdir. Azərbaycanda yaşayan bütün dinlərin, millətlərin nümayəndələri bunu təsdiq edə bilərlər. Multikulturalizmin alternativi yoxdur...».

Avropa İttifaqı ilə əlaqələr...

İ.Əliyev Azərbaycanın islam ölkələri ilə yanaşı, Avropa ölkələri ilə sıx əlaqələrinin olmasından da danışıb:

«Avropa İttifaqına üzv 9 ölkə ilə Azərbaycan strateji tərəfdaşlıq sənədi imzalayıb. Yəni, bu da Avropa İttifaqının üzvlərinin üçdə bir hissəsidir. Avropa İttifaqı ilə də bizim çox sıx əlaqələrimiz var. Bir sıra məsələlər ətrafında çox ciddi iş gedir və bu ilin əvvəlində Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək saziş üzərində iş başlayıb».

İ.Əliyev Azərbaycanın müstəqilliyinin ilk illərinə də ekskurs edib, 90-cı illərin əvvəlindəki hökuməti qardaş qanı axıtmaqda ittiham edib.

«Ovaxtkı hakimiyyət Azərbaycanda qardaş qanı axıtdı»

«1993-cü ilə qədər Azərbaycan demək olar ki, idarəolunmaz vəziyyətdə idi. Ölkədə xaos, anarxiya, iqtisadi böhran hökm sürürdü, inflyasiya min faizlərlə ölçülürdü. Bütün sənaye müəssisələrimiz, demək olar ki, fəaliyyətsiz qalmışdı və ölkənin inkişafı üçün perspektivlər çox qaranlıq idi. Ovaxtkı hakimiyyət Azərbaycanda vətəndaş müharibəsinə start verdi və qardaş qanı axıtdı», - deyən İ.Əliyev Dağlıq Qarabaş münaqişəsinin həlli durumundan da bəhs edib.

«Münaqişə ilə bağlı Azərbaycan dövlətinin mövqeyi beynəlxalq hüquqa tam əsaslanır. İlk növbədə, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır, tarixi torpağıdır. Digər tərəfdən, beynəlxalq hüquq baxımından Azərbaycanın ayrılmaz hissəsidir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Belə olan halda münaqişə yalnız və yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır...», - prezident vurğulayıb.

Xatırlatma

Dekabrın 21-də Bakıda «2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq» mövzusunda beynəlxalq konfrans keçirilib.

Prezident İ.Əliyev konfransın açılış mərasimində iştirak edib. Konfransı Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi birgə təşkil edib.

Ancaq ekspertlər prezidentin həmin tədbirdəki çıxışında sürətli iqtisadi inkişaf haqda dediklərinə şübhə ilə yanaşırlar. Onlar deyirlər ki, ölkənin inkişafı, əsasən, neftin bahalaşması nəticəsində mümkün olub. Son illər neft ucuzlaşdığından, ümumi daxili məhsul da azalıb.

Üstəlik, 90-cı illərin əvvəllərində Azərbaycanda hakimiyyətdə olan siyasi qüvvələr qardaş qanı axıtmaqda ittiham edilmələrini düzgün saymırlar. Onlar deyirlər ki, prezident Əbülfəz Elçibəy 1993-cü ildə məhz vətəndaş müharibəsi istəmədiyindən paytaxt Bakını tərk edib.

Ə.Elçibəyin tərəfdarları deyirlər ki, hazırkı prezident İ.Əliyevin atası Heydər Əliyevin hakimiyyətdə olduğu 1995-ci ildə Silahlı Qüvvələrin Xüsusi Təyinatlı Polis Dəstəsi ilə toqquşmaları zamanı 40-a qədər şəxs ölüb, 100-dən çox ölkə vətəndaşı xəsarət alıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG