Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:28

Prezident: ‘Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir’


“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır. Azərbaycan heç vaxt işğalla barışmayacaq, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Bunu tarixi ədalət və beynəlxalq hüquq tələb edir”.

AZƏRTAC-ın xəbərinə görə, bunu prezident İlham Əliyev bu gün, oktyabrın 25-də Bakıda VI Beynəlxalq Humanitar Forumdakı çıxışında deyib.

Prezident vurğulayıb ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.

O insan hüquqlarından da danışıb:

“Azərbaycanda bütün fundamental azadlıqlar təmin edilibdir, o cümlədən söz azadlığı, sərbəst toplaşma azadlığı, mətbuat azadlığı, vicdan azadlığı. Azərbaycan əhalisinin 80 faizdən çoxu internet istifadəçisidir və ölkəmizdə azad internet fəaliyyət göstərir. Beləliklə, siyasi islahatların dərinləşməsi ölkəmizdə iqtisadi islahatlara daha da böyük təkan verir”

Prezidentin deməsinə görə, Azərbaycan son 15 il ərzində iqtisadi sahədə ən sürətli inkişaf templərini nümayiş etdirib:

“Mən hesab edirəm ki, bu, rekord göstəricidir. Çünki son 15 il ərzində ümumi daxili məhsul 3,2 dəfə artıb və beləliklə, Azərbaycan çox böyük inkişaf yolunu keçib. Biz iqtisadi sahədə tam müstəqillik əldə etmişik. İqtisadi müstəqillik, əlbəttə ki, siyasi müstəqilliyimizi möhkəmləndirir”

Prezident Azərbaycanda “ASAN xidmət” mərkəzlərinin yaradılmasına da toxunub. O vurğulayıb ki, bu sosial və humanitar sahədə çox önəmli təşəbbüsdür:

“Əgər qonaqlarda imkan olarsa, onlar Bakı şəhərində fəaliyyət göstərən beş mərkəzdən birinə baş çəkə bilərlər. Görə bilərlər ki, doğrudan da Azərbaycan texnologiyaları əsasında, sırf Azərbaycanın intellektual məhsulu olan “ASAN xidmət” necə fəaliyyət göstərir. Bu il bu mərkəzlərin sayı 15-ə çatdırılacaq, 5-i Bakıda, 10-u bölgələrdə. Bu mərkəzlərdə bir binada 300-dən çox xidmət göstərilir və vətəndaşların “ASAN xidmət”i bəyənmə əmsalı 100 faizə yaxındır. Bu, ictimai xidmətlər sahəsində bir inqilab olub. İctimai xidmətlər sahəsinə xas olan bürokratiya, süründürməçilik, korrupsiya, rüşvətxorluq hallarına tamamilə son qoyulub. Bir neçə il ərzində “ASAN xidmət” mərkəzlərinə 24 milyondan çox müraciət olub və onların mütləq əksəriyyəti təmin edilib”.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə iki ölkə arasında imzalanan atəşkəs müqaviləsinə qədər Azərbaycanın 20 faiz ərazisi işğal edilib.

Xatırlatma

Bu gün, oktyabrın 25-də Bakıda Heydər Əliyev Mərkəzində VI Beynəlxalq Humanitar Forumu öz işinə başlayıb.

Forum «Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı» mövzusuna həsr olunub.

Tədbirə 80-dən çox ölkə və 20-dən çox beynəlxalq təşkilatdan bir neçə yüz nümayəndənin qatıldığı bildirilir.

Forum oktyabrın 26-da başa çatmalıdır.

Bu Forumun tanınmış şəxslərin, dövlət və ictimai xadimlərin iştirakı ilə qlobal problemlərin müzakirəsində ünsiyyət vasitəsi olduğu bildirilir.

Bundan əvvəl, V Beynəlxalq Humanitar Forumu 2016-cı ilin sentyabrında keçirilmişdi.

XS
SM
MD
LG