Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:15

Prezidentin Novruz təbriki


Prezident İlham Əliyev bugün, martın 18-də qarşıdan gələn Novruz bayramı münasibətilə Azərbaycan xalqını məktubla təbrik edib:

“Qədim dövrlərdən bəri mənəvi həyatımızın ən dərin qatlarına nüfuz etmiş və milli-mədəni dəyərlərimizin təşəkkülündə müstəsna yer tutmuş Novruz bayramı əcdadımızın indiki nəsillərə misilsiz yadigarıdır. Təbiətlə insanın vəhdətinə dair təsəvvürləri yaşadan rəngarəng Novruz mərasimlərində xalqımızın dolğun həyat fəlsəfəsi və zəngin düşüncə dünyası parlaq təcəssümünü tapıb”.

Məktubda yazılıb ki, “Azərbaycan torpağında Novruz bayramı daim yad təsirlərdən uzaq tutulub və heç bir qüvvəyə onu insanların qəlbindən çıxarmaq imkanı verilməyib”. O, vurğulayıb ki, yaz bayramının indi əsl ümumxalq bayramı mahiyyəti qazanması dövlət müstəqilliyinin nailiyyətlərindəndir:

“Dayanıqlı inkişaf yolunda ciddi uğurlara nail olmuş Azərbaycanın islahatların növbəti mərhələsinə qədəm qoyması yaz fəslinin yeniləşdirici ovqatı ilə həmahəng səsləşərək qurub-yaratmaq əzmimizi artırır. Həyatımızın ayrı-ayrı sahələrindəki davamlı müasirləşmə meyilləri ilə vahid axarda gerçəkləşdirilən müxtəlif layihələr ölkə vətəndaşlarının rifahının daha da yaxşılaşdırılmasına yönəlmişdir. Qoy bu bayram hər evə xoş ovqat gətirsin və hər ocağa bol sevinc, ruzi-bərəkət bəxş eləsin”.

Bu il bahar fəsli Azərbaycana martın 21-də saat 01:58-də qədəm qoyacaq.

XS
SM
MD
LG