Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:11

İlham Əliyev: 'Çox ölkənin neft yataqları var, ancaq səfalət içində yaşayırlar...'


İlham Əliyev Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə təntənəli mərasimdə iştirak edib.
İlham Əliyev Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə təntənəli mərasimdə iştirak edib.

“Müstəqilliyin ilk illərində Azərbaycan iqtisadiyyatına, sənayesinə, o cümlədən neft sənayesinə vurulmuş zərbələr də çox ağır idi. Bu vəziyyətdən biz çıxış yolu axtarmalı, tapmalı idik və Heydər Əliyev neft strategiyası yeganə çıxış yolu idi”.

Prezident İlham Əliyev bu gün, noyabrın 8-də Azərbaycanda iki milyard ton neft hasilatı münasibətilə Bakıda keçirilən təntənəli mərasimdəki çıxışında belə deyib.

Ölkə başçısı Azərbaycanda 1 milyardıncı ton neftin hasilatının 1971-ci ildə keçmiş prezident Heydər Əliyevin iştirakı ilə qeyd edildiyini xatırladıb, 1970-1980-ci illərdə H.Əliyevin Azərbaycanın ümumi inkişafına çox böyük töhfə verdiyini bildirib.

Buna da bax: Hakim partiyanın namizədi birinci xanım ola bilərmi? [video]

“Ölkə xaosa bürünmüşdü, ...”

“Heydər Əliyev Azərbaycandan gedəndən sonra bütün sahələrdə olduğu kimi, neft-qaz sahəsində də tənəzzül yavaş-yavaş özünü büruzə verməyə başlamışdı. Müstəqilliyimizin ilk illərində bu problemlər daha da dərinləşdi. Ölkəni idarə edənlər öz məsuliyyətini dərk edə bilmədilər, səriştəsiz, bir çox hallarda savadsız kadrlar qabağa çəkildi, ölkə xaosa büründü, anarxiya hökm sürürdü. Bakıda və digər şəhərlərdə qanunsuz silahlı birləşmələr meydan oxuyurdu və bütün bu xoşagəlməz hadisələr nəticədə vətəndaş müharibəsinə gətirib çıxardı. Yenə də Heydər Əliyev öz tarixi missiyasını icra etdi. Azərbaycanı bu böyük bəlalardan qurtardı”.

Buna da bax:​ Bu il Azərbaycan iqtisadiyyatı 1.4 faiz azalacaq

Prezident 1994-cü ildə “Əsrin kontraktı”nın imzalanmasından bəhs edib.

“O vaxt Azərbaycan gənc müstəqil dövlət idi. İqtisadiyyat demək olar ki, tamamilə dağıdılmışdı, sənaye istehsalı iflic vəziyyətdə idi, inflyasiya min faizlərlə ölçülürdü, kütləvi işsizlik hökm sürürdü, yoxsulluq dərəcəsi artırdı. Belə bir vəziyyətdə Azərbaycana xarici sərmayəni gətirmək doğrudan da böyük müdriklik və uzaqgörənlik tələb edirdi. Heydər Əliyev neft strategiyası bax, bu çağırışlara cavab verdi”, - deyən prezident “Əsrin müqaviləsi”nin qüvvədə olduğunu, Azərbaycana milyardlarla dollar sərmayə gətirdiyini ifadə edib.

1996-cı ildə imzalanmış “Şahdəniz” kontraktını da yada salan prezident, həmin layihənin iqtisadi cəhətdən çox cəlbedici layihə olduğunu, Azərbaycanın iqtisadi, siyasi potensialının güclənməsində çox müsbət rol oynadığını bildirib. İ.Əliyev vurğulayıb ki, “Əsrin kontraktı”nın nəticələri sadəcə olaraq Neft Fonduna gələn gəlirlərlə ölçülmür.

Buna da bax:​ HRW: 'Çoxmilyardlıq meqalayihələr Azərbaycanda korrupsiya və insan haqlarının pozulmasına yol açır'

"Biz neft gəlirlərimizdən çox səmərəli şəkildə istifadə etdik"

“Biz “qara qızıl”ı insan kapitalına çevirə bildik. Biz neft gəlirlərimizdən çox səmərəli şəkildə istifadə etdik və bu gün dünya miqyasında bu, xüsusilə qeyd edilir. Bir çox ölkələrin zəngin neft yataqları var, ancaq o ölkələr səfalət içindədir, yoxsulluq şəraitində yaşayırlar. O ölkələrdə sabitlik pozulur, neft o ölkələrə fəlakət gətirir. Azərbaycanda isə neft rifah, inkişaf, sabitlik, güc gətirir. Bu gün bizim müstəqil ölkə kimi yaşamağımızda, iqtisadi potensialımızın formalaşmasında neft-qaz amili çox böyük rol oynayır”.

İ.Əliyev Azərbaycanın nümunə göstərilən ölkə olduğunu da qeyd edib.

Buna da bax:​ 2,9 milyard dollar və 'Azərbaycanın pulyuyan maşını' [jurnalist araşdırması]

“Azərbaycanın timsalında, göstərilir ki, dövlət və xarici sərmayədarlar birlikdə necə iş qurmalıdırlar? Bu iş hansı prinsiplər əsasında qurulmalıdır? Burada da Azərbaycan bir nümunədir. Çünki biz tərəfdaşlarımızla, xüsusilə əsas strateji investor olan BP şirkəti ilə çox sağlam zəmində, qarşılıqlı dəstək, qarşılıqlı inam, qarşılıqlı maraqlar əsasında əməkdaşlıq qurmuşuq”, – deyən ölkə başçısı BP şirkətinin Azərbaycandakı fəaliyyətini xüsusi toxunub.

“İyirmi üç ildir ki, BP bizim tərəfdaşımızdır və aparıcı layihələrimizdə bizimlə bərabər çox fəal rol oynayır. Demək istəyirəm ki, bütövlükdə çıxarılmış 2 milyard ton neftin təxminən 700 milyon tonu müstəqillik dövründə, onun 460 milyon tonu isə konsorsium tərəfindən hasil edilib”, – o, əlavə edib.

İ.Əliyev Azərbaycan qazını Avropaya nəql edəcək Cənub Qaz Dəhlizi layihəsindən də bəhs edib. O, “Əsrin kontraktı”nın uzadılması ilə bağlı imzalanmış yeni sazişi xatırladıb və onu tarixi hadisə adlandırıb.

Buna da bax: Leyla Əliyevanın şirkəti subsidiya alanlar siyahısında [araşdırma]

“Maliyyə vəziyyətimiz müsbətdir... Hara baxsan göz oxşayır”

Azərbaycanın iqtisadi durumuna toxunan prezident maliyyə vəziyyətinin çox sabit olduğunu deyib.

“Maliyyə vəziyyətimiz çox müsbətdir. Heç bir problemimiz yoxdur. Bu məsələdə də bədhaqlar bizi gözdən salmağa çalışırlar ki, guya Azərbaycanın maliyyə vəziyyəti yaxşı deyil. Bizim maliyyə vəziyyətimiz bir çox ölkələr üçün nümunə ola bilər. Biz ancaq bu ilin doqquz ayında valyuta ehtiyatlarımızı 4,5 milyard dollar artırmışıq. İlin sonunadək hələ nə qədər artacaqdır. Bizim xarici borcumuz ümumi daxili məhsulun 18 faizini təşkil edir. Bu, bir çox ölkələr üçün arzuolunan, möcüzə kimi səslənən bir rəqəmdir”.

İ.Əliyev vurğulayıb ki, Azərbaycan çiçəklənən bir dövlətdir.

“Hara baxsan göz oxşayır. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Bizim bütün şəhərlərimiz abadlaşır. Əsrlər boyu insanları incidən bütün problemlər həll olunur. Qazlaşdırma, içməli su, elektrik, yollar – biz bunu nəyin hesabına edirik? Gəlirlər hesabına. Gəlirlərin əsas mənbəyi haradır? Azərbaycan neftçilərinin zəhməti hesabına çıxarılan neftdir”.

Buna da bax:​ Putin, Əliyev, Nazarbayev və başqaları ofşor hesabatında [yenilənib - tam mətn]

Xatırlatma

Bu gün, noyabrın 8-də Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycanda iki milyard ton neft hasilatı münasibətilə təntənəli mərasim keçirilib.

Bu rəqəm hasil olunan neftin qeydiyyatı başladığı 1871-ci ildən götürülür. Müstəqillik dövründə Azərbaycanda artıq 700 milyon neft hasil olunub.

1994-cü ildə “əsrin kontraktı”nın imzalanmasından sonra Azərbaycanın ümumilikdə 151 milyard dollar vəsait əldə etdiyi bildirilir. Bura kontrakta əsasən Azərbaycana havayı verilən qaz daxil deyil. Azərbaycan müxalifəti hesab edir ki, bu pullardan səmərəli istifadə edilməyib. Onların fikrincə, bundan təqribən 110 milyard dollar pul xərclənib. Nə əhalinin vəziyyəti ciddi şəkildə yaxşılaşıb, nə də qeyri neft sektoru inkişaf edib. Azərbaycanda xaricdə təhsil proqramı da dayandırılıb. Müxalifət həmçinin, hesab edir ki, həmin pullar korrupsiyanın yemi olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG