Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 20:21

İlham Əliyev 'iqtisadi sabitlik' deyərkən, nəyi nəzərdə tutur?


Prezident İlham Əliyev (sağ) və İqtisadi İnkişaf naziri Şahin Mustafayev, 2016

Fakt budur ki, Azərbaycan iqtisadiyyatı 1996-cı ildən bəri ilk dəfə kiçilib

Prezident İlham Əliyev-in Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl təbrikində iqtisadi durumla bağlı fikirləri diqqət çəkir. O, 2016-cı ili ölkə iqtisadiyyatı üçün ən ağır illərdən biri saysa və neftin dünya bazarlarında üç-dörd ucuzlaşması nəticəsində gəlirlərin kəskin azaldığını bildirsə də, bunların geridə qaldığına əminliyini vurğulayır:

“Belə bir vəziyyətdə biz ancaq ciddi islahatlar apararaq vəziyyətdən çıxış yolunu tapa bilərdik və buna nail olduq. Azərbaycan iqtisadiyyatı öz dayanıqlılığını saxlaya bilib, iqtisadi sabitlik təmin edilib və bu il aparılan (ötən il nəzərdə tutulur – red.) ciddi və hərtərəfli iqtisadi islahatlar gələcək inkişafımız üçün çox gözəl üfüqlər, perspektivlər açır”.

Buna da bax: İlham Əliyev: İlham Əliyev - Manat haqda əvvəl və indi​

Prezident: “Valyuta ehtiyatlarımızı qoruya bilmişik”

Qadın əlində Azərbaycan manatı tutub, 18 yanvar 2016
Qadın əlində Azərbaycan manatı tutub, 18 yanvar 2016

Prezidentin valyuta ehtiyatlarına dair fikri də diqqət çəkir:

“Biz bu il valyuta ehtiyatlarımızı qoruya bilmişik. Bu da çox mühüm məsələdir, çünki bizim iqtisadi potensialımız, maliyyə resurslarımız həm iqtisadi, həm də siyasi müstəqilliyimizi müəyyən edir”.

Prezidentin təbrik nitqində keçən “iqtisadi sabitlik” ifadəsi, istər-istəməz, acılama tələb edir. Məsələ orasındadır ki, İ.Əliyev həmin ifadəni işlədərkən, məhz nəyi nəzərdə tutduğunu açıqlamayıb. Fakt budur ki, Azərbaycan iqtisadiyyatı 1996-cı ildən bəri ilk dəfə kiçilib. Ölkədə Ümumi Daxili Məhsul (ÜDM) o ildən bu yana hər il artırdı.Məsələn, 2006-cı ildə ÜDM 34.5% çoxalmışdı. Ötən ilin yanvar-noyabr aylarındasa əvvəlki ilin eyni dövrünə nisbətdə 3,9% az ÜDM istehsal edilib. Son 8 ilin “ən baha” ili də elə 2016-cı il olub . Ötən ilin 11 ayında orta illik inflyasiya 12,1%-ə yüksəlib. İkirəqəmli inflyasiya son dəfə 8 il öncə (20,8%) qeydə alınmışdı. Ötən il xarici ticarət də azalıb, üstəlik, 11 bank bağlanıb. Ritorik sual doğur: “İqtisadi sabitlik” vardısa, bunlar niyə baş verirdi?!.

Buna da bax: Manat üzən məzənnəyə keçdi - Xəbəriniz olsun

“Valyuta ehtiyatı 1,3 milyard dollar azalıb”

Rövşən Ağayev, 14 dekabr 2010
Rövşən Ağayev, 14 dekabr 2010

Valyuta ehtiyatlarına gəlincə, iqtisadçı ekspert Rövşən Ağayev deyir ki, ötən il bu göstərici də azalıb: “2015-ci ilin sonuna strateji valyuta ehtiyatları 38 milyard 590 milyon dollar olub. Bunun 5,16 milyard dolları Mərkəzi Banka (AMB-yə), 33 milyard 574 milyon dolları Dövlət Neft Fonduna (DNF-yə) aid idi. Amma AMB-nin son bəyanatında 2016-cı ilin 11 ayının nəticəsinə görə, valyuta ehtiyatı 37 milyard 300 milyon dollar olub. Deməli 11 ay ərzində 1 milyard 300 milyon dollar (3,4%) azalma var”.

“Həm Mərkəzi Bankın, həm də Neft Fondunun ehtiyatları azalıb”

Ekspert istər AMB-dəki, istərsə DNF-dəki ehtiyatların azaldığına diqqət çəkir:

“Keçən ilin 11 ayına olan 37 milyard 300 milyon dollarlıq valyuta ehtiyatının 4 milyard 110 milyon dolları AMB-yə aiddir. Belə anlaşılır ki, 11 ayın nəticəsinə görə DNF-nin ehtiyatları 33 milyard 289 milyon dollar olub. Halbuki 2016-cı ilin 9 ayının yekunlarına görə, Fondun ehtiyatları 35 milyard 822 milyon dollar idi. Belə çıxır ki, son 2 ayda Fondun ehtiyatları 2 milyard 500 milyon dollar azalıb. Unutmayaq ki, dekabr ayının nəticələri burda nəzərə alınmayıb”.

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG