Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 09:07

İlham Əliyev: 'Bu il artıq inkişaf ilidir'


İlham Əliyev Novruz bayramı şənliyində çıxış , Baku, 18 mart 2017
İlham Əliyev Novruz bayramı şənliyində çıxış , Baku, 18 mart 2017

“Bizim müstəqil siyasətimiz qürur mənbəyimizdir. Bu, onu göstərir ki, Azərbaycan xalqı öz gələcəyini özü müəyyən edir. Eyni zamanda, müstəqil siyasətimiz bizi mövcud olan risklərdən də qoruyur. Hələ 5-6 il bundan əvvəl yaxın bölgələrdə vəziyyət tam başqa idi. Heç kim təsəvvür edə bilməzdi ki, bu bölgələrdə münaqişə, müharibə ocaqları yaranacaq, yüz minlərlə insan həlak olacaq, milyonlarla insan qaçqın-köçkün vəziyyətinə düşəcək. Ancaq bütün bunlar artıq reallıqdır. Nəyə görə bu, baş verdi?! Əlbəttə ki, xarici müdaxiləyə görə”.

Bunu martın 18-də prezident İlham Əliyev Bakıda keçirilən Novruz şənliyindəki çıxışında deyib.

İ.Əliyev Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməkdə oluğunu qeyd edib.

“Son iki ay ərzində mən 7 dəfə xaricə səfər etmişəm. Avropa Komissiyasına mənim uğurlu səfərim olub. Bu səfər nəticəsində Avropa Komissiyası ilə Azərbaycan arasında yeni sazişlə bağlı danışıqlara start verildi. Onu da qeyd etməliyəm ki, bu da nadir hadisədir. Bu danışıqların aparılması üçün layihəni Azərbaycan təqdim edib və bu layihə qəbul edilib. Ümid edirəm ki, yaxın zamanlarda danışıqlarda fəal proses başlanacaq və tezliklə bu mühüm saziş bağlanacaq”.

Qarabağ məsələsi…

Azərbaycan ordusu təlimdə
Azərbaycan ordusu təlimdə

Dağlıq Qarabağ münaqişəsi haqda danışarkən prezident deyib ki, bu məsələnin həlli istiqamətində ciddi irəliləyiş yoxdur. İlham Əliyev bunun səbəbini Ermənistanın sülh istəməməsiylə bağlayıb:

"Azərbaycan nəinki bölgədə, artıq dünya miqyasında önəmli ölkəyə çevrilib. Ermənistan isə bütün ümidlərini itirmiş, depressiyada yaşayan bir ölkədir. Bunun səbəbi Ermənistanı qanunsuz yollarla zəbt etmiş kriminal xunta rejimidir. Erməni xalqı üçün ən böyük təhlükə elə Ermənistanın indiki rəhbərliyidir".

İlham Əliyev deyib ki, keçən ilki aprel hadisələri Ermənistanda dərin hərbi və siyasi böhrana gətirib çıxarıb:

“Bu, hələ qısamüddətli döyüşlər idi. Ona görə onlar düzgün nəticə çıxarmalıdırlar və bilməlidirlər ki, biz bu vəziyyətlə heç vaxt barışmayacağıq. Nəyin bahasına olursa-olsun ərazi bütövlüyümüzü bərpa edəcəyik".

Valyuta ehtiyatlarımızı qoruya bilmişik

İ.Əliyev ölkədəki iqtisadi duruma da toxunub. O, vurğulayıb ki, ötən il Azərbaycan üçün iqtisadi sabitləşmə, dərin iqtisadi islahatlar ili olub.

“Bu islahatlar öz bəhrəsini verməyə başlamışdır. Bu il isə artıq inkişaf ilidir. İlin iki ayının göstəriciləri bunu təsdiqləyir. Böyük olmasa da, iqtisadi artım var. Ümumi daxili məhsul 0,4 faiz artıb. Qeyri-neft sənayemiz isə 5, kənd təsərrüfatı 3 faizdən çox artıb. Yəni, bu, iqtisadi inkişafımızın əsas göstəriciləridir. Neft-qaz ixrac edən bir çox başqa ölkələrdən fərqli olaraq, keçən il biz öz valyuta ehtiyatlarımızı qoruya bilmişik, xərcləməmişik. Halbuki, xərcləyə bilərdik”, deyən prezident bu il iqtisadi inkişafın davam edəcəyinə əmin olduğunu bildirib.

Əgər bölgədə vəziyyət gərginləşirsə...

Bakı bulvarı, 15 iyun 2016
Bakı bulvarı, 15 iyun 2016

Əgər bölgədə vəziyyət gərginləşirsə, risklər artırsa, bunun Azərbaycana da mənfitəsiri ola bilər.

"Bizim əsas vəzifəmiz ölkəmizi, xalqımızı mövcud olan və gələcək risklərdən qorumaqdır və biz buna nail oluruq. Ona görə bu gün ölkəmizdə yaşanan sabitlik, əmin-amanlıq, vətəndaş birliyi, həmrəyliyi əlbəttə ki, bizim böyük sərvətimizdir və biz bunu qoruyuruq".

İlham Əliyev deyib ki, Azərbaycanda təhlükəsizlik təmin edilib, xalq rahat yaşayır:

"Azərbaycanda daxili risklər, təhlükələr demək olar ki, yoxdur. Xarici risklərdən isə biz özümüzü qoruyuruq. Biz özümüzü həm fiziki risklərdən, həm mümkün olan ideoloji risklərdən qoruyuruq”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG