Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:36

Deputat: 'İlham Əliyev çətin adamdır' [video]


İlham Əliyev son 15 ildə hansı problemləri həll etdi?
Gözlə

No media source currently available

0:00 0:14:52 0:00

İlham Əliyev son 15 ildə hansı problemləri həll etdi? [A-Live]

Mərkəzi Seçki Komissiyası hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin, aprelin 11-də keçiriləcək prezident seçkisində namizədliyini qeydə alıb. O, rəsmi qeydə alınan ilk namizəddir.

İlham Əliyev artıq 15-ci ildir ki, hakimiyyətdədir. Onun rəhbərliyi Azərbaycan dövləti üçün necə keçdi? Dövlət nəyi itirdi, nəyi qazandı?

Müxalif Respublikaçı Alternativ Hərəkatının icra katibi Natiq Cəfərli deyir ki, Azərbaycanda zavodlar, fabriklər işləyə, orta sinif formalaşa, sahibkarlıq inkişaf edə bilərdi-əgər iqtisadi siyasət neftdən asılı olmasaydı və gəlirlər səmərəli xərclənsəydi:

Natiq Cəfərli
Natiq Cəfərli

Rəsmi rəqəmlərə görə, Azərbaycana böyük investisiyalar qoyulub - 230-240 milyard dollar. Bu qədər vəsaitlə artıq Şərqi Avropa səviyyəsinə çatmış bir ölkə səviyyəsində olmalı idi Azərbaycan. Amma təəssüf ki, keyfiyyət dəyişikliyi baş vermədi, nə insanların real gəlirlərində ciddi artım oldu, nə maaş və təqaüdlərin ciddi artımı müşahidə olundu.

Natiq Cəfərli deyir ki, oğul Əliyevin dövründə neftin baha olduğu dövrlərdə, ümumdaxili məhsulun artım tempi 30-31 faizə qalxdı, amma 2014-cü ildən sonra qəfildən MDB-də ən aşağı həddə düşdü, bu isə onu göstərdi ki, illər ərzində iqtisadiyyatın neftdən asılılığı aradan qalxmayıb.

Beynəlxalq Şəffaflıq Təşkilatının hesabatlarına görə, Azərbaycan, İlham Əliyevin hakimiyyəti dövründə dünyanda korrupsiyanın yüksək olduğu ölkələr arasında qaldı.

Təşkilatın 2017-ci ilə dair son hesabatına görə Azərbaycan korrupsiyaya görə 180 ölkə arasında 122 - yerdədir, Azərbaycanın qonşularından Ermənistanda bu siyahıda 107-ci, Gürcüstan 46-cı sıradadır.

15 il əvvəlki beynəlxalq reytinqlərə baxanda belə görünür ki, illər ərzində Azərbaycanda azadlıqlar da məhdudlaşdırılıb.

Freedom House” Beynəlxalq İnsan Haqları təşkilatı 1998-2003-cü illərdə hər il Azərbaycanda azadlıqları qismən azad kimi qiymətləndirirdi.

İlham Əliyev prezident olandan bir il sonra 2004-cü ildən Azərbaycanın durumu qeyri-azad kimi qiymətləndirilib və son 14 ildə ölkə bu kateqoriyadan qalxmayıb.

Azərbaycan hakimiyyəti deyir ki, “Freedom House” qərəzlidir.

Bakıda siyasi şərhçi Azər Rəşidoğlu deyir ki, bu illər səslər boğula-boğula gəlib:

Azər Rəşidoğlu
Azər Rəşidoğlu

"Heydər Əliyev dönəmində demokratik təsisatlar daha azad idi. 2013-cü ildən bəri “qayka”ların bərkidilməsi prosesi başladı və nəfəsliklər bağlanmağa başladı. 1-ci və 2-ci prezidentlik dövründə özünə qarşı güc olmadığını görən İlham Əliyev 3-cü prezidentliyində artıq nəfəslikləri də bağladı".

Prezident İlham Əliyev özü isə hesab edir ki, Azərbaycan demokratik ölkədir. O bu barədə, Yeni Azərbaycan Partiyasının keçən ilin dekabrında keçirilən qurultayında deyib:

"Azərbaycanda bütün azadlıqlar - söz azadlığı, mətbuat azadlığı, vicdan azadlığı, sərbəst toplaşma azadlığı tam şəkildə təmin edilir. Lakin sərbəst toplaşma azadlığından istifadə etməyə çalışan, özünü müxalifət adlandıran bir dəstə hesab edir ki, onlara qarşı hansısa süni əngəllər törədilir. Halbuki bu, qətiyyən belə deyil, o uğursuz mitinqlərin səbəblərini onlar özlərində axtarmalıdırlar. Xalq o ünsürlərə çoxdan yox deyib".

İlham Əliyev hakimiyyətə gələndən sonra atası Heydər Əliyevin siyasətini davam etdirdi, Bakı-Tbilisi-Ceyhan neft müqaviləsini yenilədi, Bakı-Tbilisi-Qars dəmiryol xəttini işə saldı.

Bu layihələrin iqtisadi səmərəliliyinə tənqidçilər skeptik yanaşsalar da, onların ölkənin strateji rolunu saxlaması baxımından önəmi barədə adətən mübahisə azdır.

Avropa Parlamentinin İspaniyadan olan üzvü Javi Lopez deyir ki, Avropanın Azərbaycanın milli resurslarına ehtiyacı var, amma İlham Əliyevin imici Azərbaycanla daha sıx əlaqələr qurmağa mane olur:

"O, çətin adamdır. Avropanın standartlarına əməl etmir, insan haqlarına, fundamental azadlıqlara hörmət etmir. Biz bilirik ki, ölkədə tezliklə seçkilər olacaq, hökumət bizə pozitiv dəyişiklə bağlı siqnal vermək istəyirsə, siyasi məhbusları, jurnalistləri fəalları azadlığa buraxmalıdır".

"Azərbaycan Avropa Birliyinin Qonşuluq Siyasəti çərçivəsində mühüm tərəfdaşı olmalıdır və biz daha çox əməkdaşlıq etmək istərdik, amma bunun üçün Bakı insan haqları sahəsində inkişafa nail olmalıdır".

Daha bir prezidentlik dövrü üçün İlham Əliyevin hansı problemləri həll etməsini gözləyirsiz? Bu sualı isə Bakıda sakinlərdən soruşmuşuq:

İlham Əliyevdən hansı problemlərin həllini gözləyirsiz?
Gözlə

No media source currently available

0:00 0:01:28 0:00

Aprelin 11-də keçiriləcək seçkiyə isə artıq necə deyərlər sayılı günlər qalır. Hələlik Mərkəzi Seçki komissiyası iddialı siyasətçilərdən namizəd olmaq istəyənlərin ərizələrini qəbul edir. Komissiya 14 nəfərin müraciət etdiyini bildirir. Amma bu seçkidə İlham Əliyevin təcrübəli siyasi rəqibi yoxdur, ənənəvi müxalifət nəticələrin əvvəlcədən bəlli olacağını əsas gətirərək seçkini boykot edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG