Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:04

Azərbaycan və Polşa prezidentlərinin mətbuata dedikləri


İlham Əliyev (solda) və Andrzej Duda (foto arxivdəndir)
İlham Əliyev (solda) və Andrzej Duda (foto arxivdəndir)

“Biz istəyirik ki, ikitərəfli əlaqələrimiz bütün sahələrdə inkişaf etsin”.

AZƏRTAC-ın xəbərinə görə, bunu mayın 31-də Polşa prezidenti Andrzej Duda ilə görüşdən sonra mətbuata açıqlamasında Azərbaycan prezidenti İlham Əliyev deyib.

“Biz iqtisadi sahədə daha da fəal işləməliyik”

“Hesab edirəm ki, biz iqtisadi sahədə daha da fəal işləməliyik. Çünki ticarət dövriyyəsi hələ ki, o qədər də böyük deyil, halbuki potensial var”

İlham Əliyev qeyd edib ki, Polşa prezidenti ilə təkbətək görüşdə regional vəziyyətlə bağlı öz fikrini bildirib:

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyini ifadə etdim. Bu münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxmalıdır və ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Bunu həm tarixi ədalət tələb edir, həm də beynəlxalq hüquq tələb edir...”

Polşa prezidenti Andrzej Duda isə öz növbəsində deyib ki, biz artıq əməkdaşlığın yeni erasına başlayırıq:

“Bununla biz əldə etdiyimiz razılaşmalara, kənd təsərrüfatı sahəsindəki əməkdaşlığa artıq böyük ümidlər bəsləyə bilərik. Hesab edirəm ki, bununla da Polşa fermerlərinin ixrac imkanları daha da genişlənəcək. Kənd təsərrüfatı sahəsində avadanlıq, həmçinin kimya sənayesi məhsullarının, gübrələrin ixrac edilməsi imkanları genişlənəcək...”

“Ələt Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarından istifadə etmək istəyirik”

O, deyib ki, Ələt Beynəlxalq Dəniz Ticarət Limanında yaradılan azad sənaye zonasında Polşa şirkətlərinin də nümayəndəliyi olmalıdır:

“Sizin ölkəniz artıq bir qovşağa çevrilməkdədir və istərdik ki, Polşa şirkətləri buraya gəlməklə, fəaliyyət göstərməklə bizim mübadilələrimizə böyük töhfə versinlər. Biz Bakının yaxınlığında yerləşən Ələt Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarından istifadə etmək istəyirik. Ümidvarıq ki, Polşa şirkətləri bu imkanlardan yararlanacaq”.

Polşa prezidenti də Dağlıq Qarabağ münaqişəsinə toxunub:

“...Cənab Prezident, siz ərazi bütövlüyü məsələsinə toxundunuz və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyinizi bildirdiniz. Bilirik ki, bu məsələ uzun illərdir həll olunmamış qalır. Hazırda biz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüyük. Biz bəyan etmək istəyirik ki, Azərbaycan bu münaqişənin beynəlxalq hüququn normaları əsasında həllində hər zaman bizim dəstəyimizə arxalana bilər. Biz bu problemin sülh yolu ilə həll olunmasında sizə yardım edəcəyik. İstəyirik, arzumuzu bildirək ki, bu, belə də olsun. Biz istərdik ki, Minsk qrupu çərçivəsində aparılan danışıqlar bundan sonra da davam etsin və müsbət nəticələr gətirsin”.

Polşa prezidenti daha sonra da deyib:

“İstərdik ki, Azərbaycan, həmçinin Dünya Ticarət Təşkilatına üzvlük baxımından da nəticələr əldə etsin. Əslində bu da bizim ikitərəfli iqtisadi münasibətlərimizə müsbət təsir göstərəcək”

Polşa Respublikasının prezidenti Andrzej Duda mayın 30-da Azərbaycana gəlib.O, bu gün, mayın 31-də Azərbaycan prezident ilə təkbətək və geniş tərkibdə görüşüb. İki ölkə arasında fitosanitariya, kənd təsərrüfatı, məxfi məlumatların mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında əməkdaşlığa dair sənədlər imzalanıb.

Xatırlatma

Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvülük məsələsi ilə bağlı bu qurumla 20 ildən çoxdur danışıqlar apardığı bildirilir.

Azərbaycan rəsmiləri danışıqların uzanmasını ölkənin maraqlarının gözlənməsi ilə izah edirlər.

Müxalifət isə danışıqları imitasiya sayır, onların fikrincə korrupsiya maraqları bu məsələnin gerçəkləşməsinə mane olur.

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə bağlı 1988-ci ildə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XS
SM
MD
LG