Azərbaycan parlamenti 1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. O vaxtdan oktyabrın 18-i Azərbaycanda Dövlət Müstəqilliyi Günü kimi qeyd olunur...
Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının müəlliflərindən biri, hüquqşünas Fuad Ağayev bu Aktı ötən 28 ilin hadisələri fonunda dəyərləndirir.
F.Ağayev AzadlıqRadiosuna deyib ki, bu Aktdan öncə - 1989-cu il sentyabrın 23-də Ali Sovet «Azərbaycan SSR-nin suverenliyi haqqında Konstitusiya Qanunu»nu qəbul edib.
Hüquqşünas vurğulayıb ki, Konstitusiya qanunu ilə Azərbaycanın ərazi bütövlüyü, onun sərhədlərinin toxunulmazlığı birmənalı müəyyən edilib. Onun sözlərinə görə, üstəlik, Konstitusiya qanununda Azərbaycan ərazisində Azərbaycan qanunlarının SSRİ qanunlarından üstünlüyü təsbit edilib: «1991-ci il Konstitusiya Aktı həmin suverenlik qanununun inkişafı oldu...».
Hüquqşünas deyib ki, ölkə hələ də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktında göstərilən bir sıra məqsədlərə nail ola bilməyib.
«1989 və 1991-ci illərlə müqayisədə...»
F.Ağayev deyib ki, 1989 və 1991-ci illərlə müqayisədə hazırda Azərbaycanın ərazi bütövlüyü prinsipi əhəmiyyətli dərəcədə pozulmuş vəziyyətdədir.
F.Ağayev hesab edir ki, başqa sahələrdə də problemlər var. Onun fikrincə, problemlər ilbəil artmaqdadır: «İstər sosial, istər siyasi, istərsə də vətəndaş hüquqları sahəsində problemlər artmaqdadır. Ən azı indiki siyasi məhbus sayı bu fikrimizi təsdiq edir».
«Orta təhsil səviyyəsi...»
Hüquqşünas vurğulayıb ki, indi orta təhsil və orta savad səviyyəsi 28 il əvvəlkindən aşağıdır: «Əlbəttə, kimlərinsə imkanı var və qabiliyyəti şərait yaradır, gedib xaricdə təhsil alırlar. Amma istənilən halda müqayisə aparsaq, bu sahədə çox böyük geriləmə var. Digər sahələri də müqayisə etsək, vəziyyət elə də qənaətbəxş deyil».
«Siyasi varisliyə sayqısızlıq yaşanır»
F.Ağayev deyib ki, siyasi varisliyə sayqısızlıq yaşanır. Onun fikrincə, ən azı Məhəmməd Əmin Rəsulzadəyə münasibət buna nümunədir: «Onun adının Bakı Dövlət Universitetindən (BDU) götürülməsi, büstlərinin ictimai yerlərdən yığışdırılması, fəaliyyətinə hakimiyyətin münasibəti bunun göstəricisidir».
«Azərbaycan xalqı layiq olduğu müstəqilliyini qazanıb»
Hakim Yeni Azərbaycan Partiyasından olan deputat Aydın Mirzəzadə isə «Turan» agentliyinə deyib ki, 28 il öncə Azərbaycan xalqı layiq olduğu müstəqilliyini qazanıb: «Bu, Azərbaycan xalqının layiq olduğu müstəqillik idi».
A.Mirzəzadəyə görə, 1991-93-cü illər Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, onun bir dövlət kimi güclənməsi baxımından itirilmiş illərdir.
Deputat əlavə edib ki, həmin dövrdəki qüvvələrin təcrübəsizliyi o zaman problemləri azaltmayıb, daha da çoxaldıb. Onun fikrincə, yalnız 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycanın müstəqilliyi bir reallığa çevrilməyə başlayıb:
«Azərbaycan təbii sərvətlərinə sahib oldu...»
«Azərbaycan təbii sərvətlərinə sahib oldu, böyük islahatlar aparıldı. İnsan hüquq və azadlıqlarının möhkəmlənməsi, həyatımızın ayrılmaz hissəsi olması üçün böyük işlər görüldü. Bu müddət ərzində Azərbaycan bir sistemdən digər sistemə keçid dövrünü uğurla başa vurdu».
Deputatın deməsinə görə, Azərbaycan bu müddətdə iqtisadiyyatın formasını dəyişdi, dünyaya açıq bir ölkəyə çevrildi və xalq öz taleyinin sahibi oldu.
A.Mirzəzadə vurğulayıb ki, hazırda Azərbaycan inkişaf etmiş dövlət statusuna doğru irəliləyir.
Qarabağ problemi
Deputat deyib ki, bu müddətdə Dağliq Qarabağ problemi həll olunmayıb, Ermənistan hələ də Azərbaycan torpağının bir hissəsini işğalda saxlayır: «Biz o problemi həll etmək gücündəyik. Amma Ermənistanın arxasında duran bəzi beynəlxalq güclər bu məsələdə problem yaradır. Buna baxmayaraq, əzmimiz, qətiyyətimiz var və o problem həll ediləcək».
Deputata görə, bu gün hər bir vətəndaş dövlət müstəqilliyinin imkanlarından tamamilə bəhrələnə bilir və daha heç bir zaman müstəqilliyin yenidən itirilməsinə imkan verilməyəcək.