Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:28

İlan robot insan beyninin içində hərəkət edəcək


Robot insult və digər xəstəliklərdən əziyyət çəkənlərə kömək edəcək

Bəzən ibarəli tərzdə başımızın içindəki “tarakanlardan” danışırıq. Massaçussetts Texnologiya İnstitutu (MIT) tarakandan da irəli gedərək, beynin içində sürüşərək hərəkət edə bilən ilanşəkilli cihaz hazırlayıb. İlan robotun funksiyası insult və anevrizm kimi qəfil simptomları müalicə etməkdir.

CNET saytı yazır ki, sap şəklində olan bu robotik cihaz maqnitlərlə idarə olunur. Bu qorxunc ilanvari sap beyində bir qayda olaraq insult, yaxud anevrizmdən sonra yaranan trombları (qan laxtalarını) təmizləmək üçündür.

Hazırda bu növ əməliyyatları cərrahlar əllə həyata keçirir. Bu ilanvari cihazsa daha səmərəli müalicə növlərinə keçid ola bilər. Çünki bu növ əməliyyatlarda ən vacib məsələ vaxt qazanmaqdır.

“Qızıl saat”

"İnsult ABŞ-da ölüm səbəbləri siyahısında beşincidir. O həm də əlilliyə yol açan əsas səbəblərdəndir. Əgər kəskin insult ilk 90 dəqiqədə müalicə edilərsə, xəstələrin həyatda qalma nisbəti əhəmiyyətli dərəcədə artar”, – MIT-nin mexaniki, mülki mühəndislik və ətraf mühit mühəndisliyi professoru Xuanhe Zhao deyir.

"Biz həmin o “qızıl saat” ərzində qan damarı bloklanmasını geri çevirən cihaz düzəldə bilsək, ömürlük beyin zədəsindən yan keçə bilərik. Biz buna ümid edirik”, – o deyir.

İlan robotun naviqasiyası katetrdən daha asandır. Robot o qədər kiçikdir ki, beynin daha kiçik diametrli nahiyələrindən sürüşüb keçə bilər.

MIT-nin saytında göstərilir ki, gələcəkdə bu robot mövcud endovaskulyar texnologiya ilə birgə işlədilə, həkimlərə əməliyyatı məsafədən idarə etmək imkanı verə bilər.

Zhao və komandası, o cümlədən tədqiqatın baş müəllifi, MIT-in mexaniki mühəndislik fakültəsinin magistr tələbəsi Yoonho Kim öz yumşaq robot dizaynlarını “Science Robotics” jurnalında təsvir ediblər. Məqalənin müəllifləri arasında MIT-nin magistratura və doktorantura tələbələri German Alberto Parada və Shengduo Liu da var.

Beyindəki trombları təmizləmək üçün həkimlər çox vaxt endovaskulyar əməliyyat keçirməli olurlar.

Bu zaman cərrah xəstənin əsas arteriyasına nazik məftil daxil edir. Cərrah daha sonra, eyni zamanda rentgen şüaları vasitəsilə qan damarlarını əks etdirən flüoroskopun köməyilə həmin məftili əllə fırladaraq zədələnmiş beyin damarlarına daxil edir. Sonra katetr “saplanır” (iynəni saplamaq kimi) və həmin nahiyəyə dərman və laxtanı həll edən vasitələri çatdırır.

Prosedurun mənfiləri

Kim deyir ki, bütün bu prosedur fiziki ağırdır. Üstəlik, bu, incə işi çox yaxşı öyrənmiş cərrahları flüoroskopun radiasiyasının təsirinə məruz qoyur.

“Bu, çox tələb olunan bir bacarıqdır və bütün xəstələrə çatacaq qədər cərrah yoxdur, xüsusən də şəhərətrafı və kənd yerlərində”, – Kim deyir.

Belə prosedurlarda işlədilən tibbi məftillər passivdir. Yəni əllə manipulyasiya edilməlidir. Bu məftillər bir qayda olaraq, polimerlə örtülmüş metaldan ibarətdir. Kim deyir ki, məftil xüsusilə dar nahiyələrdə ilişib qalarsa, bu material potensial olaraq sürtünmə yaradaraq damarın iç qatlarını zədələyə bilər.

Tədqiqat komandası eyni zamanda hidrogel adlanan, əsasən su tərkibli materialın hazırlanması texnologiyası üzərində də işləyib. Bu material insan toxumalarına zərər vurmur.

Bunun sayəsində onlar robotun maqnit örtüyünü hidrogellə örtməyi öyrəniblər. Bu material altındakı maqnit hissələrinin həssaslığına heç bir təsir göstərmir, eyni zamanda məftili rahat, sürtünməsiz, damara zədə vurmayan səthlə təchiz edir.

Tədqiqat komandası laboratoriyada gördükləri işin həkimlərin köməyinə gələcəyinə inanır.

Şərhlər

XS
SM
MD
LG