Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:27

Məhkəmə İkram Rəhimovun istəyini təmin etməyib


İkram Rəhimov
İkram Rəhimov

Bu gün, dekabrın 24-də Bakı Apellyasiya Məhkəməsində realliq.info saytının həbsdə olan redaktoru İkram Rəhimovun şikayətinə baxılıb.

Söhbət onun evində, avtomobilində axtarış aparılması, götürülmə, kompüter və telefon yaddaşına baxış keçirilməsinin qanunsuz hesab edilməsi istəyi ilə bağlı Səbail Rayon Məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətindən gedir.

İkram Rəhimovun yaxınları AzadlıqRadiosuna bildiriblər ki, məhkəmədə onunla bağlı cinayət işinin istintaqını həyata keçirən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) nümayəndəsi çıxış edib.

Təqsirləndirilən şəxsin yaxınlarının bildirməsinə görə, o, deyib ki, İkram Rəhimov barəsində açılan cinayət işinin istintaqı çərçivəsində onun evində, avtomobilində axtarış aparılıb.

İstintaqın nüməyəndəsi bütün bu prosedurların qanuna uyğun şəkildə həyata keçirildiyini məhkəmənin diqqətinə çatdırıb, şikayətin təmin edilməməsini istəyib.

Yaxınlarının habelə, deməsinə görə, İkram Rəhimov isə şikayəti müdafiə edib, onunla bağlı açılmış cinayət işinin heç bir qanuna uyğun olmadığını, qurama olduğunu iddia edib.

“Götürmə və axtarış heç bir məhkəmə qərarı olmadan həyata keçirilib. Bu da o deməkdir ki, götürmə də, axtarış da Azərbaycan qanunlarını pozmaqla həyata keçirilib. Buna görə də məhkəmə bizim xeyrimizə qərar verməlidir”, yaxınlarının sözlərinə görə, İkram Rəhimov məhkəmədə belə deyib.

Verilən məlumata görə, o, çıxışında barəsində açılmış cinayət işinin istintaqını da tənqid edib.

“Heç bir addım atmırlar. Həyata keçirilən hərəkətlərin də hamısı birtərəfli aparılır. Məni istintaq edən qurumun fəaliyyətində heç nə dəyişməyib. Burda Akif Çovdarovun (keçmiş Milli Təhlükəsilik Nazirliyinin hazırda həbsdə olan idarə rəisi) üsulu ilə istintaq aparılması davam edir”, yaxınlarının deməsinə görə, İkram Rəhimov məhkəmədə bildirib.

O, həmçinin, ona açılmış cinayət işinin istintaqının gedişatı ilə bağlı Azərbaycan prezidentinə, Ombudsmana şikayət göndərdiyini də vurğulayıb.

Yekunda Bakı Apellyasiya Məhkəməsinin hakimi Vaqif Mirsaqulovun sədrlik etdiyi məhkəmə kollegiyası şikayəti təmin etməyib.

Yaxınlarının deməsinə görə, İkram Rəhimovun vəkilləri qərarı aldıqdan sonra Avropa İnsan Haqları Məhkəməsinə şikayət edəcəklər.

İkram Rəhimovun məhkəmədə səsləndirdiyi fikirlərə, hələlik, Dövlət Təhlükəsizlik Xidməti, başqa rəsmi qurumlar və Ombudsman Aparatından münasibət öyrənmək mümkün olmayıb.

İkram Rəhimovun xatırlatdığı Milli Təhlükəsizlik Nazirliyi ( MTN) 2015-ci ildə ləğv edilib. Onun əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Xarici Kəşfiyyat Xidməti yaradılıb.

Həmin vaxt MTN-nin 20-yə qədər yüksək rütbəli əməkdaşı müxtəlif ittihamlarla həbs edilmişdi.

Həmin şəxslərin məhkəməsində onlar mütəşəkkil dəstə yaradaraq müxtəlif şəxslərdən həbs hədəsi, təzyiqlər yolu ilə külli miqdarda pul almaqda, adamları qanunsuz şəkildə günlərlə saxlamaqda və telefon danışıqlarını dinləməkdə günahlandırılmışdılar. Amma keçmiş MTN işçiləri də onlara yönəlik belə ittihamları qəbul etməmişdilər.

Xatırlatma

İkram Rəhimovu oktyabrın 26-da Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları saxlayıb. Ardınca onun haqqında məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

O, tutulmazdan əvvəl prezidentin köməkçisi Əli Həsənovu tənqid etdiyinə görə izlənildiyini bildirib.

Bu açıqlamaya Əli Həsənovdan hər hansı münasibət almaq mümkün olmayıb. Ancaq Mətbuat Şurasından onun açıqlamalarını əsassız sayıblar. Qurumdan bildiriblər ki, onlar da İkram Rəhimovun fəaliyyəti ilə bağlı oxşar məzmunlu şikayətlər alıblar.

Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında isə İkram Rəhimovun başqalarından pul tələb etməkdə günahlandırıldığı qeyd olunurdu: “İkram Rəhimov Cinayət Məcəlləsinin 182.2.1-ci və 182.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) maddələri üzrə şübhəli şəxs kimi saxlanaraq, cinayət məsuliyyətinə cəlb edilib”.

İkram Rəhimov 2016-cı ildə böhtana görə 1 illiyə azadlıqdan məhrum edilmiş, daha sonra vaxtından əvvəl azadlığa buraxılmışdı. O, onda da ittihamı qəbul etmirdi.

XS
SM
MD
LG