Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:54

İkram Rəhimovun həbs müddəti artırılıb


İkram Rəhimov
İkram Rəhimov

Bugün, dekabrın 20-də Səbail Rayon Məhkəməsində realliq.info saytının redaktoru İkram Rəhimovun həbs müddətinin uzadılması ilə bağlı vəsatətə baxılıb. Vəsatəti istintaq qurumu vermişdi.

İkram Rəhimovun yaxınlarının AzadlıqRadiosuna bildirdiyinə görə, onun vəkilləri vəsatətin əleyhinə çıxıblar. Onlar Rəhimovun əvvəllər də istintaqa cəlb edildiyini, heç vaxt oradan yayınmadığını əsas gətirərək, vəsatətin rədd edilməsini xahiş ediblər.

İkram Rəhimov özü də məhkəmədə iştirak edib. Yaxınlarının dediyinə görə, O, məhkəmədə çıxış edib.

“Məni heç bir əsas olmadan həbs ediblər. Prezident Adminstrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun haqqında yazımı dərc edəndən sonra dərhal həbs edilmişəm. Bu faktın özü də göstərir ki, əslində nəyə görə həbs edilmişəm. Heç bir günahım olmaya-olmaya həbsə atılmışam. Kəskin baş ağrılarım yaranıb, elə şəraitdə saxlanıram ki, gecə-gündüzü, günlərin sayını itirmişəm”, yaxınlarının sözlərinə görə, İkram Rəhimov məhkəmədə belə deyib.

Yaxınlarının dedediyinə görə, İkram Rəhimov iki il əvvəl barəsində məhkəmə araşdırmasının olduğundan, böhtana görə həbs edilməsindən bəhs edib. Verilən məlumata görə, o, deyib ki, həmin məhkəmə nə vaxt çağırıbsa, vaxtında gedib, heç vaxt suallardan, istintaqdan yayınmayıb. İkram Rəhimov da məhkəmədən xahiş edib ki, vəsatəti təmin etməsin.

Lakin Səbail Rayon Məhkəməsinin hakimi Şahin Abdullayevin sədrlik etdiyi məhkəmə heyəti vəsatəti təmin edib. İkram Rəhimovun məhkəməyə qədər həbs müddəti dekabrın 20-dən hesablanmaqla 2 ay 28 gün artırılıb.

Yaxınları məhkəmənin qərarından apellyasiya şikayəti veriləcəyini bildiriblər.

İkram Rəhimovun məhkəmədə səsləndirdiyi fikirlərə, hələlik, Prezident Adminstrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov və başqa rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.

Xatırlatma

İkram Rəhimovu oktyabrın 26-da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları saxlayıb.

Ardınca onun haqqında məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. O, tutulmazdan əvvəl prezidentin köməkçisi Əli Həsənovu tənqid etdiyinə görə izlənildiyini bildirib.

Onda da bu açıqlamaya Əli Həsənovdan hər hansı münasibət almaq mümkün olmayıb. Ancaq İkram Rəhimovun tənqid etdiyi qurumlardan biri, Mətbuat Şurasından onun açıqlamalarını əsassız sayıblar. Qurumdan bildiriblər ki, onlar da İkram Rəhimovun fəaliyyəti ilə bağlı oxşar məzmunlu şikayətlər alıblar.

Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında isə İkram Rəhimovun başqalarından pul tələb etməkdə günahlandırıldığı qeyd olunurdu: “İkram Rəhimov Cinayət Məcəlləsinin 182.2.1-ci və 182.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) maddələri üzrə şübhəli şəxs kimi saxlanaraq, cinayət məsuliyyətinə cəlb edilib».

İkram Rəhimov 2016-cı ildə böhtana görə 1 illiyə azadlıqdan məhrum edilmiş, daha sonra vaxtından əvvəl azadlığa buraxılmışdı. O, onda da ittihamı qəbul etmirdi.

XS
SM
MD
LG