Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:05

Məhkəmə İkram Rəhimovu azad etməyib


İkram Rəhimov
İkram Rəhimov

Bu gün, noyabrın 8-də Bakı Apellyasiya Məhkəməsi realliq.info saytının redaktoru İkram Rəhimovun məhkəməyə qədər 2 aylıq həbs edilməsi barədə aşağı instansiyanın qərarını qüvvədə saxlayıb.

Bunu AzadlıqRadiosuna sayt rəhbərinin yaxınları bildiriblər.

Yaxınlarının deməsinə görə, prosesdə İkram Rəhimov və onun vəkilləri iştirak ediblər.

Verilən məlumata görə, İkram Rəhimov çıxışında ona qarşı ittihamları rədd edib, bildirirb ki, onu yazılarına görə, həbs ediblər.

İkram Rəhimov eyni zamanda deyib ki, istintaq dövründə həbsdə saxlanmasından ötrü heç bir qanuni əsas yoxdur. O, habelə ölkədən getmək, istintaqdan yayınmaq niyyətinin olmadığını məhkəmə heyətinin diqqətinə çatdırıb.

Ancaq Bakı Apelyasiya Məhkəməsində onun dedikləri nəzərə alınmayıb. Səbail Rayon Məhkəməsinin həbs qərarı qüvvədə saxlanıb.

Yaxınlarının dediyinə görə, onlar məhkəmə qərarını aldıqdan sonra Avropa İnsan Haqları Məhkəməsinə şikayət edəcəklər.

Xatırlatma

İkram Rəhimovu oktyabrın 26-da Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları saxlayıb . O tutulmazdan əvvəl prezidentin köməkçisi Əli Həsənovu tənqid etdiyinə görə izlənildiyini və təqib edildiyini bildirib.

Bu açıqlamaya Əli Həsənovdan hər hansı münasibət almaq mümkün olmayıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsinin məlumatında İkram Rəhimovun başqalarından pul tələb etməkdə günahlandırıldığı qeyd olunurdu:

“İkram Rəhimov 2018-ci il oktyabrın 26-da Azərbaycan Cinayət Məcəlləsinin 182.2.1-ci və 182.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) maddələri üzrə şübhəli şəxs kimi saxlanılaraq, cinayət məsuliyyətinə cəlb edilib”, açıqlamada vurğulanırdı.

Rəhimov 2016-cı ildə böhtana görə 1 illiyə azadlıqdan məhrum edilmiş, daha sonra vaxtından əvvəl azadlığa buraxılmışdı. O, onda da ittihamı qəbul etmirdi.

XS
SM
MD
LG