Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:48

Vəkil həbsdəki redaktordan yeni xəbər gətirib


İkram Rəhimov
İkram Rəhimov

Noyabrın 1-i saat 10:00-da Bakı Apellyasiya Məhkəməsində Reallıq.info saytının redaktoru İkram Rəhimovun həbsindən şikayətə baxılmalıdır.

Bu barədə onun vəklili Elçin Sadıqov məlumat yayıb:

“Hakimi Həsən Əhmədovun sədrliyi ilə İkram Rafiqoğlunun ( Rəhimov) həbsindən özünün və mənim verdiyim apellyasiya şikayətinə baxılacaq. Dünən (oktyabrın 30-da) İkram Rafiqoğlunun özü ilə görüşdüm. Saxlanan zaman heç bir zorakılığa məruz qalmadığını, saxlanılma şəraitindən narazı olmadığını, heç bir cinayət törətmədiyini, jurnalist fəaliyyətinə görə həbs edildiyini bildirdi.”

Vəkilin deməsinə görə, İkram Rəhimov ondan bu barədə açıqlama yaymasını xahış edib.

Oktyabrın 27-də Dövlət Təhlükəsizliyi Xidməti Realliq.info saytının redaktoru İkram Rəhimov-un həbsi ilə bağlı məlumat yaymışdı.

Məlumatda bildirilirdi ki, onun ayrı-ayrı vətəndaşlar barəsində rüsvayedici, böhtan xarakterli məlumatları mətbu orqanlarında yayıb, sonra da dayandırması əvəzində pul tələb etməsi, alması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən “haqq” toplaması barədə şikayətlər Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb:

“İkram Rəhimov oktyabrın 26-da Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri üzrə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) əməllərində şübhəli şəxs kimi saxlanaraq, cinayət məsuliyyətinə cəlb edilib. Hazırda istintaq araşdırmaları davam edir”.

Oktyabrın 26-da İkram Rəhimovun təqib edilməsi və saxlanması ilə bağlı məlumatlar yayılmışdı. O, saxlanmazdan əvvəl “Turan” agentliyinin redaksiyasına da gəlmişdi.

Agentliyin xəbərinə görə, o deyib ki, Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun ünvanına tənqid yer alan açıq məktub dərc etdiyinə görə, təqib edilir. Həmin müraciət onun rəhbəri olduğu reallıq.info saytında oktyabrın 26-da yayılıb.

“Əli Həsənova açıq məktub: “Özümü yerinizə qoya bilmirəm”” sərlövhəli müraciətdə iddia edilirdi ki, dövlətin mətbuatın inkşafına ayırdığı milyonlar düzgün xərclənməyib.

İkram Rəhimovun müraciətində Mətbuat Şurasının rəhbərliyinin də ünvanına tənqidi fikrlər səslənirdi.

Onun dediklərinə prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun münasibətini almaq mümkün olmayıb.

Mətbuat Şurası isə bəyanat yayaraq onun tənqidlərinə cavab verib.

Şuradan bildiriblər ki, İkram Rəhimovla bağlı oxşar məzmunlu şikayətlər onlara da daxil olub. Üstəlik, qurumun təmsilçiləri İkram Rəhimovun sözü gedən müraciətində yer alan iddiaları da böhtan adlandırıblar.

Xatırlatma

Realliq.info saytının redaktoru İkram Rəhimov bundan əvvəl 2016-cı ildə Sumqayıtdakı “Ucuz market” ticarət mərkəzi rəhbərinin xüsusi ittiham qaydasında şikayəti əsasında həbs olunmuşdu.

İkram Rəhimov saytda Rəhman Novruzov soyadlı bir şikayətçinin məktubunu dərc edib.

Məktubda iddia olunub ki, həmin ticarət rəhbəri şəhərin icra hakimiyyəti başçısına rüşvət verib.

Sumqayıt Şəhər Məhkəməsi 2016-cı ilin noyabrında həm redaktoru, həm də ona şikayət məktubu yazan Rəhman Novruzovu Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə günahkar bilərək, bir il azadlıqdan məhrum edib.

Redaktor mühakimə edildikdən sonra vəkili vasitəsilə, hələ polisdə saxlanarkən şəhər rəhbərliyinin göstərişi ilə ona işgəncə verildiyini açıqlamışdı.

Daxili İşlər Nazirliyi, eləcə də, Sumqayıt Şəhər İcra Hakimiyyəti redaktorun bu iddiasını təkzib etmişdilər.

Sumqayıt Apellyasiya Məhkəməsi 2017-ci il martın 1-də böhtanda təqsirləndirilərək həbs edilmiş redaktoru və mediaya müraciət yazmış Rəhman Novruzovu vaxtından əvvəl azadlığa buraxıb.

XS
SM
MD
LG