Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:40

İkiqat əməkhaqqı alacaq hərbçilərin sayı dəqiqləşdirilir


10 dekabr hərbi paradı
10 dekabr hərbi paradı

Maliyyə Nazirliyi cəbhə bölgəsində olan hərbçilərin maaşlarının azalması ilə bağlı şikayətlərə münasibət bildirib:

“Hərbi qulluqçuların pul və maddi təminatı “Hərbi qulluqçuların statusu haqqında” qanun əsasında həyata keçirillir. Həmin qanunun 10.2-ci maddəsinə uyğun olaraq, döyüş şəraitində, döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçulara həmin dövr üçün ödənilməli olan pul təminatı ikiqat hesablanır”.

Bunu Maliyyə Nazirliyindən “Turan” İnformasiya Agentliyinə hərbi qulluqçuların əməkhaqqının azaldılmasına dair sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirərkən qeyd ediblər

Son günlər sosial şəbəkələrdə bununla bağlı bəzi videolar, şikayətlər yayılır.Həmin videoların birində hərbi qulluqçu formasında olan bir şəxs cəbhə bölgəsində maaşlarının azaldığını bildirərməklə prezidentə müraciət edirdi.

Nazirliyin açıqlamasında qeyd edilir ki, Vətən Müharibəsində Ermənistan üzərində zəfər qazandıqdan sonra orduya cəlb edilən hərbiçilərin bir hissəsi artıq təxris edilib:

“Bununla əlaqədar hazırda Müdafiə Nazirliyinin hərbi qulluqçularının sayının, o cümlədən “Hərbi qulluqçuların statusu haqqında” qanunun yuxarıda qeyd olunan maddəsinə uyğun olaraq ikiqat pul təminatı ilə əhatə olunan hərbi qulluqçuların sayının dəqiqləşdirilməsi zərurəti yaranıb”.

“İkiqat pul təminatı ilə əhatə olunacaq hərbi qulluqçuların sayının dəqiqləşdirilməsi…"

Bildirildiyinə görə, bu müharibədən əvvəl Müdafiə Nazirliyi ikiqat pul təminatını təmas xəttində xidmət keçən hərbi qulluqçulara ödəyib:

“Vətən müharibəsi zamanı isə Qarabağ ərazisində, döyüş şəraitində olan, habelə bütün digər döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçulara ikiqat pul təminatı ödənilib. Hal-hazırda, Ermənistanın kapitulyasiyasından sonra təmas xəttinin uzunluğu, coğrafiyası və digər məsələlərin kardinal şəkildə dəyişməsi səbəbindən Müdafiə Nazirliyinin Maliyyə Nazirliyi ilə birlikdə ikiqat pul təminatı ilə əhatə olunacaq hərbi qulluqçuların sayının dəqiqləşdirilməsi həyata keçirilir".

Nazirlikdən qeyd olunub ki, bununla əlaqədar Maliyyə Nazirliyi Müdafiə Nazirliyinə müvafiq sorğular göndərib:

"Aparılan dəqiqləşdirmələr nəticəsində ikiqat pul təminatı alacaq hərbi qulluqçuların sayı müəyyənləşdirilərək qanunvericiliyə uyğun olaraq müvafiq maliyyələşmə ilə təmin olunacaq".

Nazirlikdən əlavə olunub ki, işğal altında olan ərazilərin azad olunması nəticəsində Dövlət Sərhəd Xidməti Azərbaycanın İran və Ermənistanla dövlət sərhədlərinin qorunması ilə bağlı yeni vəzifələr həyata keçirməyə başlayıb.

Açıqlamaya görə, hal-hazırda bu qurumla da Müdafiə Nazirliyində olduğu kimi ikiqat pul təminatı alacaq hərbi qulluqçuların sayının dəqiqləşdrilməsi həyata keçirilir:

"… İkiqat əməkhaqqının hesablanması istinad olunan qanuna əsasən döyüş şəraiti, döyüş əməliyyatlarında iştiraka görə həyata keçirilir və hərbi qulluqçunun xidmət keçdiyi hərbi hissənin yerləşdiyi ərazinin iqlim şəraiti, yüksəkliyi və digər məqamları nəzərə almır".

Nazirliyin qeydləri…

Ədliyyə Nazirliyindən vurğulanıb ki, Nazirlər Kabinetinin 2002-ci il avqustun 22-də verdiyi qərarına əsasən, dəniz səviyyəsindən hündürlükdə yerləşən iş yerlərində çalışan işçilərin əmək haqqına əlavə ödəniş edilir:

“Hündürlük 1200 metrdən 1500 metrə qədər olduqda 10, 1500 metrdən 2000 metrədək olduqda 20, 2000 metrdən yuxarı olduqda isə 30 faiz əlavə ödəniş hesablanır. Həmin əmsallar dağlıq ərazilərdə xidmət göstərən hərbi qulluqçulara da şamil olunur”.

Açıqlamanın sonunda oxuyuruq:

"… Rəşadətli Azərbaycan ordusunun hərbi qulluqçularının pul təminatı ölkə qanunvericiliyinə uyğun olaraq həyata keçirilir və maliyyələşmə bundan sonra da müvafiq qanunvericilik əsasında davam etdiriləcək".

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.

44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb.

10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Bu döyüşlər zamanı Azərbaycan tərəfdən 2855 hərbi qulluqçunun həlak olduğu açıqlanıb.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG