Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:56

Azərbaycan İki pakistanlını ABŞ-a təhvil verir


Azərbaycan ABŞ-ın ondan istədiyi iki pakistanlını - 38-yaşlı Asif Məhəmməd Ancum və 35-yaşlı Xani Şah Navazı təhvil verməyə razılaşıb.

Martın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu barədə qərar çıxarılıb.

Bu qərar Azərbaycan Ədliyyə Nazirliyinin məhkəməyə təqdimatı əsasında verilib.

Nazirliyin nümayəndəsi məhkəmədə deyib ki, Amerika tərəfi onlara Pakistan vətəndaşlarını hansı səbəbdən tələb etməsi haqda sənədləri göndərib. Bundan sonra Amerika tərəfi ilə yazışmalar başlanıb.

Onun sözlərinə görə, hətta bu məsələ ilə bağlı Xarici İşlər Nazirliyində ABŞ səfirliyinin nümayəndələriylə görüş də olub:

"Görüşdə Amerika tərəfi xoş niyyətini bildirdi. Gələcəkdə Amerika tərəfinin də Azərbaycanın bu cür sorğularına müsbət cavab verəcəyinə müəyyən qədər zəmanət verildi".

“Nə deməkdir “müəyyən qədər zəmanət” vermək?”

İstər Ədliyyə Nazirliyinin, istərsə Baş Prokurorluğun təmsilçiləri Pakistan vətəndaşlarının təhvil verilməsini istəyib.

Ötən il sentyabrın 20-dən Bakıda hava limanında saxlanılan və o vaxtdan bəri həbsdə olan pakistanlılar və vəkilləri buna etirazlarını bildiriblər.

“Nə deməkdir "müəyyən qədər zəmanət verildi" sözləri? Zəmanət ya olur, ya da olmur. Belə çıxır ki, razılaşma belə olub: indi bizə bu adamlar lazımdır, siz verin, gələcəkdə sizə də kimlərsə lazım olsa, biz də o məsələni həll etməyə çalışarıq. Halbuki, burada iki adamın taleyi həll olunur. Bizim ölkə bu adamları təhvil versə, qanunvericiliyi pozmuş olacaq. Çünki iki ölkə arasında qarşılıqlı hüquqi yardımla bağlı təminat yoxdur", - vəkilin sözləridir.

“Altı aydır bu vəziyyətdəyik”

"Biz altı aydır bu vəziyyətdəyik. Azad olmaq istəyirik", - Xani Şah Navaz belə deyib.

Amma hakimlər onların ABŞ-a ekstradisiyasını uyğun sayaraq, bu haqda qərar çıxarıblar.

ABŞ hər iki Pakistanlını dələduzluq, şəxsi məlumatların ələ keçirilməsi kimi əməllərə görə beynəlxalq axtarışa verib.

İddia olunur ki, Pakistan vətəndaşları turist səfərləri üçün paketlər (tur-paket) satmaq adıyla amerikalıları aldadıblar. Turizm paketləri də, əsasən, Hindistana səfərlər, muzey gəzintiləri ilə bağlı olub.

Təqsirləndirilən pakistanlılar heç vaxt Amerikada olmadıqlarını vurğulayıblar. Onlar turizm fəaliyyəti adıyla adamları aldatmaları barədə ittihamı da rədd ediblər.

Həbs olunan pakistanlılar Bakıya gəzməyə gəldiklərini bildirirlər.

Onların ekstradisiyasıyla bağlı prosesi həm ABŞ, həm də Pakistan səfirliyinin təmsilçiləri izləyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG