Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 19:45

İran və İtaliyadan Azərbaycana qayıdanlarda koronavirus aşkarlanıb


Bugün, martın 11-də Azərbaycan Nazirlər Kabinetinin yanında operativ qərargah koronavirusa yoluxma ilə bağlı yeni məlumat yayıb.

Operativ qərargahdan verilən məlumata görə, Azərbaycanın daha iki vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb:

“İran İslam Respublikasında müalicə olunduqdan sonra Azərbaycana qayıdan 1969-cu il təvəllüdlü qadının səhhətində problemlər yarandığından xəstəxanaya müraciət edib. Müayinələr zamanı onda ağır autoimmun xəstəlik olan qırmızı qurdeşənəyi, 4-cü sinif lupus nefriti və xroniki böyrək çatışmazlığının olduğu müəyyən edilib. Eyni zamanda, müayinələr zamanı həmin şəxsin koronavirus infeksiyasına yoluxduğu aşkarlanıb. Hazırda xüsusi rejimli xəstəxanaya yerləşdirlimiş xəstənin səhhəti orta ağır qiymətləndirilir, onun müalicəsi ilə bağlı müvafiq tədbirlər görülür”.

Bir nəfərin vəziyyəti stabil ağırdır

Açıqlamada habelə qeyd edilib ki, İtaliyadan qayıdan 1997-ci il təvəllüdlü tələbədə isə yüksək bədən hərarəti müşahidə olunub, müayinə zamanı onun koronavirus infeksiyasına yoluxduğu müəyyən edilib:

“Həmin şəxs xüsusi rejimli xəstəxanaya yerləşdirilib. Xəstənin vəziyyəti stabildir. Bundan əvvəl koronavirus infeksiyasına yoluxma faktı qeydə alındıqdan sonra xüsusi rejimli xəstəxanaya yerləşdirilmiş 1938-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşının səhhəti stabil ağırdır. Xəstə ciddi nəzarət altında saxlanılır və müalicəsi ilə bağlı bütün zəruri tədbirlər həyata keçirilir. Koronavirus infeksiyası aşkarlanmış digər şəxslərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam edir, onların səhhətləri hazırda stabil normaldır”.

Azərbaycanda bundan əvvəl 13 şəxsin bu virusa yoluxduğu açıqlanıb. Sonradan onlardan 3 şəxsin sağaldığı bildirilib.

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Bir müddət sonra bu virus Azərbaycanın qonşusu - İranda da özünü kəskin şəkildə göstərməyə başlayıb.

Bundan sonra bir sıra ölkələr İranla sərhədi bağlayıb. Azərbaycan isə bəzi qonşu ölkələrdən bir qədər gec - yalnız fevralın 29-da iki həftəlik İranla dövlət sərhədlərinin məhdudlaşdırıcı rejim əsasında bağlanması barədə qərar verdiyini açıqlayıb.

Azərbaycanda bundan əvvəl 13 şəxsin bu virusa yoluxduğu açıqlanıb. Əsasən İrandan qayıdan yüzlərcə şəxsin isə koronavirus şübhəsi ilə karantinə alındığı söylənir.

Son bir neçə ayda dünyada bu virusdan 4 minə 400-dən çox şəxsin vəfat etdiyi bildirilir.

Bu virusdan ölüm hallarına Çindən sonra daha çox İtaliya və İranda rast gəlindiyi bildirilir.

XS
SM
MD
LG